Xəbər lenti
Reklam
Bakı ilə Ələt arasında sürət qatarları fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Deputat Aydın Hüseynov Milli Məclisin plenar iclasında Bakı ilə Ələt arasında sürət qatarlarının fəaliyyətə başlaması məsələsinə toxunub. Millət vəkili qeyd edib ki, sürət qatarlarının işə salınması çox əlverişli olar.
Maraqlıdır, bəs Bakı ilə Ələt arasında sürət qatarının fəaliyyətə başlaması nə dərəcədə əhəmiyyətlidir?
Nəqliyyat eksperti Raqif Raufoğlu Redaktor.Az-a açıqlamasında qeyd etdi ki, sürət qatarlarına ehtiyacımız çoxdur və onlar gərək həmişə işlək olsunlar.
"Tutaq ki, Ələtdə sürət qatarı açıldı, amma yalnız səhər bir saat, axşam bir saat işləyəcəksə, onun bir mənası olmayacaq və yaxud çox az mənası olacaq. Bakının cənub girişində həmişə tıxac var. Adamlar tanıyıram ki, sadəcə gəlirlər, məsələn, bir günlük, axşama qayıdırlar və yaxud hər hansı bir işi var, nəyisə gətirirlər rayondan və bu adamlar çox əziyyət çəkirlər".


Ekspert Bakı ilə Ələt arasında qatar əlaqəsinin yaradılmasının üstünlüklərindən də danışdı:
"Bu, Bakının artan yükü fonunda onlar üçün çox yaxşı dayanma nöqtəsi ola bilər. Məsələn, şəxs Ələtə qədər gələcək, maşını haradasa saxlayacaq, oturacaq sürət qatarına, gələcək mərkəzdə işini görəcək, rahat çıxıb gedəcək. Yəni bu baxımdan qatar çox önəmlidir. Biz bu mövzuda çox gecikmişik, çox itirmişik, bu məsələləri çox arxa plana atmışıq. Amma indi görürük ki, artıq bu barədə yaxşı işlər görmək istəyirlər".
Raqif Raufoğlu Bakı kəndləri ilə bağlı dəmir yolu marşrutlarının da işlək olmasının vacibliyini vurğuladı:
"Ələt eyni zamanda artıq iqtisadi zonaya çevrilir. İndi Bakı kəndlərini gözləyirik, burada Hövsan marşrutu var, Maştağa marşrutu var. Bunlar həm də gərək işlək olsun. Bunu ancaq pik saatlarda buraxaq, bu da düzgün deyil. Bu, düzgün qrafiklə işləsə, əlbəttə ki, çox önəmlidir".

Aytəkin TOFİQQIZI

Tarix: 25 noyabr 2026
Baxış: 40

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş