Hazırda Azərbaycanda bəzi bankların yeni dollar satışından imtina etdiyi ilə bağlı iddialar mövcuddur.
Bu iddialar redaksiyamıza daxil olan şikayətlərdə öz əksni tapıb.
Belə ki, bir neçə gündür Azərbaycan mediasında dolların qiymətinin 2 manata qədər yüksələcəyi ilə bağlı xəbərlər dərc olunur.
Bəzi şəxslər dollar satışının dayandırılmasının səbəbini bir müddət sonra dolların məzənnəsinin artacağı ilə əlaqələndirirlər.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Referans.Az-a açıqlamasında bildirib ki, dollara tələbatın kəskin artımı davam edərsə, bunun qarşısının alınması üçün dolların qiyməti qaldırıla bilər.
“Manatın dollara münasibətdə məzənnəsini hökümət tənzimləyir. Hər ay bunun üçün xeyli vəsait xərclənilir. Məsələn, ötən ay 600-700 milyon dollara yaxın satışa çıxarılıb. Bu ilin əvvəlində Azərbaycanın daxilində dollara tələbat çoxalıb. Əvvəllər hər ay manatın saxlanılmasına görə, 200-250 milyon dollar satışa çıxarılırdısa, bu il ərazində satışa çıxarılan ortalama dollar həcmi yarım milyard – təxminən 500 milyondur. Bu iki aya 1 milyard dollar edir. Hazırda 8-ci aydır, 8 aya təxminən 4 milyard vəsait xərcləmişik. Nəzərə alsaq ki, ilin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyyatları təxminən 8 milyard idi, hazırda demək olar ki bu məbləğin yarısı “əridilib”. Növbəti mərhələdə Azərbaycan höküməti bu tələbatı aşağı sala bilsə, dolların məzənnəsinin artırılmasına ciddi ehtiyac qalmayacaq. Amma bu tələbat getdikcə artarsa, hökümət bu tələbatın qarşısını almaq üçün dolların məzənnəsini artıra bilər. Çünki bunun nizamlanması prosesi Azərbaycan hökümətinin öz əlindədir”.
Ekspert dollara tələbatın artmasının səbəblərindən də danışıb.
“Dollara tələbatın artmasının əsas səbəbi ölkə daxilində istehsalın tənəzzül etməsi, azalmasıdır. Əslində, səbəblər çoxdur amma nüvə bundan ibarətdir. Yerli istehsalın ortaya qoyduğu məhsullar əvəzinə idxal məhsullarının artması. Azərbaycana edilən idxalın təxmini həcmi 12 milyard dollardır. İdxal edilən məhsullar üçün biz vəsait olaraq dollar ödəyirik. Bu da daxildə dollara tələbatı artırır. Yerli istehsal azalırsa, sahibkar məcbur olaraq xaricdən məhsul gətirir. Bunun üçün də ona dollar lazımdır. O dolları Azərbaycanda bankdan alır, xaricə gedir və bu dolları məhsula çevirir. Azərbaycana gətirilən bu məhsul isə manata satılır, dollara yox. Növbəti dəfə məhsul gətirmək üçün gedən sahibkar yenə də eyni prosesi təkrar edir”.
Akif Nəsirli hazırda bankların dollar satmaqdan imtina etməsinin xüsusi tapşırıq olduğunu hesab edir.
“Bu prosesi hərracla da nizamlamaq mümkündür. Ayda bir neçə dəfə hərrac keçirilir. Bu vaxtı hansı banklara ki dollar satılmır, o banklar dollar satışını dayandırır. Eyni zamanda Azərbaycanda dolların alınmasında məhdudiyyət var. Hər bir vətəndaş üçün müəyyən limit tətbiq olunur ki, vətəndaşlar yalnız il ərzində həmin limiti aşmamaq şərti ilə xarici valyuta əldə edə bilərlər”.
Fidan Vəlisoy