Son illərdə qadınlara qarşı yönəlik və törədilən qətllərin sayı durmadan artır. Bunların içərisində "xəyanət" adı altında öldürülən qadınlar da az deyil. Şübhə, güman ilə həyatlarına bir anlıq qəzəb ilə son qoyulan qadınların qatillərinə verilən cəza isə cəmi- cümlətanı 18-20 il arası dəyişir. O da qətlin necə törədildiyinə dair faktlar illərlə uzanan istintaq nəticəsində mümkün olarsa. Qalan hallarda qatil bir neçə ilə azadlıqda gəzə və çox hallarda törətdiyi əmələ haqq qazandıra bilir.
Bu yaxınlarda həyat yoldaşının telefon işlətməsinə görə onun həyatına qəsd edən adamla bağlı xəbər tirajlandı. Qatil səbəb olaraq xəyanət deyil, məhz həyat yoldaşının telefon işlətməsini göstərmişdir. Sosial şəbəkə dövründə belə primitiv qadağanı əsas tutaraq, kiminsə kimsənin həyatını sonlandırması nə dərəcədə düzgündür? Güman, şübhə hansısa qadını öldürməyə haqq verirmi?
Mövzu ilə bağlı Referans.Az-a vəkil Tağı Hüseynov danışıb. O bildirib ki, hazırda uşaq qatilləri, amansızca insanları qətl edən şəxslər var ki, onlara da bu müdddətə təyin edilmiş cəza, hətta bundan da yüngülü verilir:
"Ona görə də cəzanın uzadılmasının tərəfində deyiləm, qatilin ömürlük cəza almasının tərəfindəyəm. Dinimizə görə belə bir fikir var: Bir insanı günahsız öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir. Əgər kimsə kimisə öldürürsə, bütün bəşəriyyəti öldürmüş qədər ağır günah sahibidir. Bu səbəbdən belə şəxslərin ömürlük cəza çəkməsinin tərəfindəyəm. Çünki bir cana qıymaq elə-belə şey deyil. Hətta, sübut olsa belə, biz vəkillər kiminsə öldürməyin cəzasının 18 il olmağını düşünmürük".
Vəkil bildirir ki, qanunda xəyanətə görə heç 10 manat cərimə yoxdur. Bu da insanlarımızı kimisə cəzalandırmağa sövq edir: "Dövlət strukturuna xəyanətlə bağlı müraciət olunsa, heç bir tədbir görülmür. Xəyanət etmiş qadından uşaq alınmır, eləcə də boşanma zamanı mal bölgüsündə heç bir fərqi olmur, ona düşən payı əldə edir. Bir sözlə, heç bir zərrə qədər cəza almadığına görə, istər kişi, istər qadın olsun insanları özlərinə məhkəmə qurmağa təhrik edir".
"Mən istəyərdim ki, gələcəkdə elə bir qanunvericilik aktı qəbul olunsun ki, xəyanətlə bağlı hansısa hal sübuta yetərsə, ən azı boşanma zamanı mal bölgüsünə təsir eləsin. Qonşu ölkələrdə bunu nəzərə alırlar. Türkiyədə qanunvericlikdə bu var. Cəzasızlıq insanların bir-birilərinə cəza verməsinə səbəb olur. Cəzasızlıq olmaz, gərək hər bir əməlimizin lazım olanda cəzasını çəkə bilək".
Şəlalə Babayeva