“A”dan sonra “B” deyə bilməyən Paşinyan - Prezidentin onun haqda Şuşada dediyi o SÖZ...
Ermənistan baş naziri Nikol Paşinanın iki gün öncə Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtinasının mümkün səbəbləri barədə çoxlu şərhlər verilib, ehtimallar səslənib. O sırada bu davranışın onun öz iradəsinin, yoxsa kənar qüvvənin (Fransa və s.) diktəsi ilə bağlı olması haqda versiyalar irəli sürülüb.
Bütün hallarda bu, “aydın səmada şimşək” effektli, yəni gözlənilməz, qəfil hadisə idi. Lap dəqiqi, rəsmi İrəvanın son aylar sözdə də olsa, sərgilədiyi pozitiv ritorikaya zidd, aparılan sülh danışıqları əleyhinə ilk və açıq-aşkar de-marşı idi. Təbii ki, olduqca yersiz və lüzumsuz bir demarş.
Deməli, həmin hərəkətin qarşılığı, nəticəsi qaçılmazdır. Artıq var da. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışından bunu sezmək mümkündür.
Bəllidir ki, İlham Əliyev Bakı və İrəvan arasında sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini söyləsə də, hazırda bununla bağlı daha az (!) nikbin olduğunu vurğulayıb. Bunu da Prezident Nikol Paşinyanın onunla Britaniyada görüşdən imtina etməsi fonunda dilə gətirib. Qeyd edib ki, görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi olsa da, Ermənistan tərəfi bu təklifi rədd edib. “Biz buna çox təəccübləndik”, - dövlət başçısı bildirib.
Sözünə davam edən Azərbaycan lideri dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münhendə bənzər görüş təşkil etdiyini xatırladıb. “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”, - Prezident əlavə edib.
Doğrudan da eyni formatı Şolts təklif edəndə Paşinyan niyə görüşdən yayınmayıb? Yaxud Nikol Paşinyan Azərbaycan rəhbəri ilə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? Bununla o, kimə, nəyin mesajını çatdırır?
Ən qəribəsi odur ki, London səfərindən az öncə erməni baş nazir bir aya Azərbaycanla sülh sənədinin imzalana biləcəyini söyləyib. Həmin sözlər hara, Londondakı de-marş hara? Axı məntiqlə bunun əksi olmalı idi. Nikol görüşə qaça-qaça gəlməli idi. Qısası, o nə “pəhriz”, bu nə “turşu”?
O da məlumdur ki, Ermənistan XİN-i olaya əcaib bir reaksiya verib. Hətta günahı absurdcasına Azərbaycan tərəfinin üstünə atıb. Guya təmasdan məhz Bakı imtina edib. Ondansa susaydılar...
Azərbaycan görüşdən niyə etməli idi? Söhbət Londondan gedir, Parisdən yox! Azərbaycan tərəfi üçün Britaniya dövlət olaraq heç bir diskomfort yaratmır. Yarada bilməz.
Dəqiq olan odur ki, N.Paşinyanın son davranışı həqiqətən sülh istəyən tərəfin davranışı deyil. Hər halda bir azdan sular tamamən durulacaq. Yerdə qalan bütün “i”lərin üzərinə nöqtələr qoyulacaq. Bir daha dünya görəcək ki, kapitulyant ölkə öz iki əsas qonşusu ilə ədalətli sülhdə maraqlıdır, yoxsa revanşist planlar üçün vaxt udmağı hədəfləyib?
Əgər sonuncu variantdırsa, onda gərək bədəlinə də hazır olsun. Və qulağında sırğa etsin ki, “sülh” haqda boş-boş danışmaqla sülh olmur. Sülh üçün gərək yeri gələndə özünü oda, riskə atasan, bəzən hətta öz cəmiyyətindəki çoxluğun əleyhinə gedəsən. “A”dan sonra “B”, “B”dən sonra “C” deyəsən. Dediklərini də konkret sənəddə öz imzanla təsdiqləyəsən.
Odur ki, Azərbaycan Prezidentinin Şuşadakı sözlərindən Nikol Vovayeviç ciddi nəticə çıxarmalıdər. Özünü yığışdırmalı, ciddi aparmalıdır. Sözlərinə, hərəkətlərinə diqqət etməlidir. Xüsusən də sülh (hərb) məsələsində. “Dəmir yumruq” yerindədir...\\Musavat.com