Aİ-92 bahalaşdı, Aİ-95 isə endi... - Qiymət fərqini yaradan amil nədir?
Bu gündən etibarən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşıb. Belə ki, əvvəllər 2 manata təklif olunan bu markalı benzinin bir litri artıq 1 manat 60 qəpiyə satılır. Ötən günlərdə isə Aİ-92 markalı benzinin qiymətində isə artım olmuşdu. Bu vətəndaşlar tərəfindən birmənalı qarşılanmır.
Qiymətlərin bu şəkildə artıb azalmasına səbəb nədir?
İqtisadçı-ekspert Xalid Kərimli Redaktor.Az-a açıqlamasında bu qiymət dəyişikliklərinin detallarını açıqlayıb.
“Hökümət Aİ-92 markalı benzinin yeni Avro standartlara keçməsi ilə əlaqədar xərclərinin artması ilə izah etmişdi. Bildirilmişdi ki, Aİ-92 markalı benzini daha keyfiyyətli, ətraf mühitə daha az təsiri olacaq şəkildə istehsal olunub vətəndaşlara veriləcək və buna görə də qiymət artırılmalıdır. Eyni zamanda dizel yanacağı ilə bağlı da əsaslandırılmışdı ki, bu yanacaq növünün ətrafı çirkləndirməsi həddindən artıq çoxdur, buna görə də qiymət artırılır ki, maşınlar dizel yanacağı ilə müqayisədə Aİ-92-ə üstünlük versinlər”.
Ekspert bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin endirilməsi prosesi bir il əvvəldən baş verməli idi. Bu növ benzinin qiymətinin endirilməsində iki nüans var.
“Aİ-95-in qiymətinin ucuzlaşmasında iki məqam var. Əvvəllər Aİ-95 markalı benzin xaricdən alınırdı amma indi ölkədə istehsal olunacaq. Bu birinci məqam. İkinci məqam isə Aİ-95 markalı benzinin qiyməti iki manat olanda neftin qiyməti 110 dollar idi. Artıq bir il yarımdır ki, neftin qiyməti 80-90 dollar arasındadır. Ona görə də ucuz alıb əhaliyə baha satılırdı. Yəni bu qiymət əslində, neftin qiyməti 80-90 dollar olan kimi endirilməli idi. Bu belə əsaslandırılır ki, Aİ-92 markalı benzini 10 qəpik artırıldı, Aİ-95 isə 40 qəpik ucuzlaşdırılır”.
Xalid Kərimli qeyd edib ki, qiymətin artması birbaşa SOCAR-ın xərclərinin artması ilə bağlıdır.
“SOCAR şəffaf işlədiyi halda xərcləri artsaydı və buna görə də qiymət artırılsaydı olduqca normal bir hal kimi qarşılanardı. Lakin hazırda SOCAR-ın işləmə prinsiplərinə, şəffaflığına, səmərəli fəaliyyətinə dair şübhələr olduğuna görə məsələnin cəmiyyətdə birmənalı qarşılanmaması təbii görünür. Əgər SOCAR şəffaflığı, hesabatlılığı, səmərəliliyi artırsa, əhali də SOCAR-ın bu cür təkliflərinin Tarif Şurası tərəfindən təsdiqinə normal baxar”.
Fidan Vəlisoy