Dürüstləşmiş büdcədə əsas prioritet istiqamətlər təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilən xərclərdir. Bu, vacib məsələdir. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Bu ölkəni müxtəlif yollarla şirnikləndirərək yenidən vəziyyəti gərginləşdirmək, sərhəddə pozuculuq etmək, sülh müqaviləsindən yayındırmaq istəyən qüvvələr var. Bu xüsusda Fransa prezidenti özünün şeytan ampulasındadır. Bölgədə Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı arasında gərginlik qalmaqdadır. Ona görə də, Azərbaycan öz təhlükəsizliyinə böyük önəm verməlidir. Məhz dürüstləşmiş büdcənin də bir hissəsi hərbi və təhlükəsizlik xərclərinə yönəlib.
Gender.az xəbər verir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı olmuş Musa Quliyev deyib.
O qeyd edib ki, dürüstləşmiş büdcənin digər bir qismi isə Qarabağ və Şərqi Zəngəzurda gedən işlərin daha da sürətləndirilməsi, miqyasının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtmasına istiqamətlənib:
“Ötən ilin sonunda büdcə layihəsi qəbul edilərkən bu ilin axırına 20 min keçmiş məcburi köçkünün geri qayıtması nəzərdə tutulurdusa, indi 25 min nəfərin öz yurd-yuvasına qayıdışı planlaşdırılır”.
Musa Quliyev Sosial Müdafiə Fondu ilə İşsizlikdən Müdafiə Fondunun büdcəsində olan artımlara da aydınlıq gətirib:
“Bu artımlar əmək haqqlarının yüksəlməsi ilə əlaqəlidir. Ötən ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı 930 manat olmuşdu. Proqnozlaşdırılırdı ki, bu ilin sonuna bu rəqəm 980 manata qədər yüksələcək. İlin birinci rübündə ölkənin sosial-iqtisadi inkişaf templərinin və meyllərinin təhlili göstərdi ki, ilin sonuna bu rəqəm 990 manat olacaq. Məhz 10 manatlıq artımdan irəli gələrək sığorta haqqlarında da artım qeydə alınıb. Beləliklə. İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə yanaşı, DSMF-nin gəlirlərində 0,4 faiz artım qeydə alınacaq. 190 milyon manat isə qeyri-büdcə sektorunda çalışanların sosial sığorta haqqlarında artım olacaq. Bu artımın isə bir hissəsi dövlət büdcəsindən gələn transfertin azaldılmasına yönəldiləcək”.
Musa Quliyev bildirib ki, DSMF-nin maliyyə mənbələrindən biri də dövlət büdcəsi və yaxud Dövlət Neft Fondudur:
“DSMF-nin məqsədlərindən biri odur ki, getdikcə dövlət büdcəsindən edilən transfertləri azaltsın. Beləliklə, ancaq öz qazancları hesabına sosial müdafiə xərclərini təmin etsin. Ona görə də, 160 milyon manat yenidən büdcəyə qaytarılır. Yerdə qalan 30 milyon manatlıq artım isə pensiyaların cüzi də olsa artımı üçün nəzərdə tutulub. Gələn ildən isə pensiya və müavinətlərdə artım olacaq”.