Redaksiyamıza vətəndaşlar tərəfindən kütləvi şəkildə “ƏDV geri al” sistemi ilə bağlı şikayətlər daxil olur. İddia olunur ki, bəzi mağazalardan alış-veriş zamanı alıcılara təqdim olunan çekləri QR kod vasitəsilə oxutduqda həmin mağazadan alınan məhsulların “ƏDV geri al” sisteminə uyğun olmaması bildiriş formasında nəzərə çatdırılır. İstehlakçıların iddialarına görə, bu, əsasən, ölkədə fəaliyyət göstərən kiçik elektronika mağazalarından alış-veriş zamanı baş verir.
Problemin səbəbini araşdırmaq üçün mütəxəssislərə suallar ünvanladıq.
İqtisadçı-ekspert Xalid Kərimli Referans.Az-a verdiyi açıqlamada bu mövzu haqqında danışıb.
“Bu məsələ mağazalara görə dəyişir. Azərbaycanda bəzi mağazalar ƏDV ödəyicisidir, bəziləri isə sadəcə sadələşdirilmiş vergi ödəyicisidir. Bu iki növ iaşə obyektləri arasında vergi ödəmə sistemi fərqlidir. Vətəndaşların nəzərdə tutduqları mağazalar sadələşdirilmiş vergi ödəyicidir. Bu mağazalar ƏDV ödəyicisi olmadıqlarına görə, onlar qiymətlərin üzərinə ƏDV əlavə etmirlər, onlar dövriyədən vergi verirlər. Sadələşmiş vergi ödəyiciləri illik dövriyəsi 200 min manatdan az olan kiçik həcmli mağazalar ola bilər. Qanun tələb edir ki, mağazanın gəliri ard-arda 12 ayın hər bir ayında və ya bütövlükdə 200 min manatı keçirsə, bu ƏDV ödəyicisinə çevrilməlidir”.
Ekspert bildirib ki, o halda “ƏDV geri al” layihəsi ƏDV-yə cəlb olunan məhsullar alınan zaman və həmin obyekt ƏDV ödəyicisi olduğu halda işə düşür. Bu iki halda qəbzi alan istehlakçı “ƏDV geri al”-dan yararlana bilər.
Məsələyə hüquqi tərəfdən yanaşmaq üçün isə suallarımızı hüquqşünas Ramil Süleymanova da ünvanladıq.
“Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq siyahıya uyğun olaraq bir sıra mallar, əşyalar var ki, onların alqı-satqısı zamanı əlavə dəyər versiginin predmeti olaraq qeyd olunmurlar. Yəni ƏDV həmin məhsullar üzrə tətbiq olunmur. Amma biz əlavə dəyər vergisi ödəyicisi olan hansısa ticarət nöqtəsindən alış-veriş etdiyimiz zaman onlar tərəfindən təqdim olunmuş çekdə “ƏDV ödəyicisidir” deyə bir qeydə rast gəlmiriksə, düşünürəm ki, bununla bağlı şəxs mütləq şəkildə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət etməlidir”.
Hüquqşünas qeyd edib ki, bəzi hallarda vergi ödəyiciləri vergidən yayınmaq məqsədilə bir sıra yollara əl atırlar. Buna görə də vətəndaşlar daim diqqətli olmalıdırlar.
“Bəzən vergi ödəyiciləri əlavə dəyər vergisi və digər vergilərin ödənməsindən yayınmasınması üçün həmin obyekt üzrə silsilə vergi ödəyicilərini qeydiyyata aldırır və həmin vergi ödəyicilərinin dövriyyəsini 200 min manata çatdırmadan digər vergi ödəyicisini həmin obyekt üzrə yenidən qeydiyyata aldırır və beləliklə, əlavə dəyər vergisi kateqoriyasından çıxmış olur”.
Fidan Vəlisoy
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: