Türkiyəli mərhum ilahiyyatçı Yaşar Nuri Öztürkün yerli televiziya kanallarından birinə 1998-ci ildə yazdığı "Ana dilində də namaz qılına bilər" məqaləsindən çıxış edərək, namazın qılınma qaydaları ilə bağlı dedikləri sosial şəbəkələrdə yenidən gündəmə gətirilib.
Gender.Az axar.az-a istinadən bildirir ki, o, müsahibəsi zamanı namazın surələrinin olmadığını, ərəb dilində ifadələr işlətməyin məcburi xarakter daşımadığını, sadəcə dəstəmazla belə namaz qılmağın mümkünlüyünü bildirib.
"Namazın sürəsi yoxdur, Qurani-Kərimdən, orijinalından nə qədərini oxuya bilirsənsə, oxuyarsan. Sadəcə bir dəstəmazla da namaz qıla bilərsən. Məsələn, bu dediyim söz İmam Şafinin sözüdür. İmam Əzama (Əbu Hənifə) görə, Quranın istənilən dildəki tərcüməsi ilə də namaz qılınır. Bunu millətdən gizlətdilər. Əsas gizlədilən başqa bir məsələ də var. İmam Əzam "Quranın tərcüməsi ilə namaz qılınır" dedi, digər məzhəblər isə buna icazə vermədi. Digər məzhəblərin dediyinin yanında İmam Əzamın dediyi heç nə idi. Digər 3 məzhəb - şafilik, malikilik və hanbəlilik "Quranı heç oxunmadan da namaz qılınır" deyirlər. İmam Şafi deyir ki, əgər ərəbcəni düzgün bilmirsənsə, Quranın tərcüməsini də oxuma. "Ümmü əl-Kitab"da bu, belə də verilib. Nə et? İçindən necə gəlirsə, Allaha elə də ibadət elə", - ilahiyyatçı müsahibəsində deyib.
İstifadəçilərdən bəziləri ilahiyyatçı ilə razılaşaraq, dinin əlçatanlılığının önəmli olduğunu bildirib, bir qismi isə əsrlərdir davam edən ənənəyə sadiqliyini nümayiş etdiriblər.
Mövzu ilə bağlı sualımıza cavab verən ilahiyyatçı Elşad Miri isə bildirib ki, ümumiyyətlə ibadət ənənəsi Məhəmməd Peyğəmbər ilə başlamayıb: "Namaz qılmaq, oruc tutmaq ənənəsi peyğəmbərimizdən əvvəl də olub. Peyğəmbərin gəldiyi dövrdə o insanlar həcc də edir, sədəqə, zəkat da verirdilər. Məsələn, namaz anlayışı yəhudilikdə də, xristianlıqda da olub. Bununla bağlı bir mübahisə predmeti yoxdursa, hər kəs öz dilində Allaha ibadətini edə, Allahla ünsiyyətini qura bilər".
O bildirib ki, namazın ərəb dilində olması məcburiyyət deyil: "Elə peyğəmbərlər olub ki, məsələn, ibrani, arami dilində danışıb. Onlara göndərilən kitab da həmin dildə olub. Durub ərəb dilindən tərcümə edib, ərəb dilində namazlarını qılıblar ki? Öz dillərində ibadətlərini ediblər. İslamın yeganə mənbəyi Qurandır və istinad nöqtəsi də Quran olmalıdır. Quranda isə elə bir qayda yoxdur. Müqəddəs kitabımızın ərəb dilində olmasının əsas səbəbi peyğəmbərin o dildə danışması ilə əlaqədar olub. "İbrahim" sürəsinin 4-cü ayəsində deyilir ki, Allahın dinini onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik. Əgər ibadət edən şəxs dediyi sözlərin mənasını bilmirsə, anlamadığı dildə namaz qılmasının mənası nədir?"