Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
“Qadına şiddət” alveri: kimlər həllini istəmir? – Dramatizm üzərindən biznes

Yəqin ki, sosial şəbəkələrdə vaxt keçirəndə bir çoxunuz qadına şiddət, çarəsiz qadın mövzulu reklamlarla rastlaşmısınız. 
Oyunların reklamı üçün animasiyalarda əri tərəfindən xəyanətə uğrayan qadın döyülüb evdən qovulur. Hamilə və ya yanında körpəsi olan qadın soyuq havada uçuq-sökük daxmada qalır. Bununla da vəziyyət daha da dramatikləşdirilir. Oyunu yükləyən şəxslər hər mərhələdə həmin daxmanı təmir edərək qadına kömək etməyə çalışırlar.
Ya da koreyalıların sosial media üçün hazırlanan seriallarında qadına qarşı ən pis aşağılama, döymə halları baş alıb gedir. Təəssüf ki, qadına şiddət, təhqir bizim serialların da əsas
mövzularından biridir. Dramatizmi məhz qadının şiddətə uğraması ilə yaratmağa çalışır və onun güclənməsi problemi həll edir. 
Dünyanın əksər ölkələrində bu cür hallara qarşı mübarizə aparan qurum təşkilat və s. olmasına baxmayaraq bu mövzu hələ aktuallığını qoruyur.
Bu gün dünyada insanları əyləndirmək və cəzb etmək üçün məhz qadına şiddət mövzusunun gündəmdə saxlanılması sual doğurur.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan sosioloq Lalə Mehralı bu mövzuya üstünlük verilməsinin səbəbini bir sıra amillərdə görür. O hesab edir ki, qadına şiddət insanları qütbləşdirir, müzakirə ocağı yaradır:
"Qadına şiddət ən əlçatan, daha çox izləyici cəlb etmək, reklam ala bilmək, diqqət mərkəzində olmaq üçün işlənmiş mövzudur. Yormur, axtarış etməyə ehtiyac qalmır və buna hər addımbaşı rast gələ bilərik.
Bu mövzu təkcə bizdə yox, qonşu ölkələrdə və bütün dünyada ən çox müraciət edilən məsələdir. Qadınlar cəmiyyətin həssas nöqtəsi olduğuna görə, çalışırlar ki, cəmiyyəti yerindən qımıldadacaq bir mövzu tapsınlar. Qadını müdafiə edənlər və onda haqq görməyənlər 2 cəbhəyə bölünür: müzakirə aparır, bir-birinə etiraz edir və beləcə mövzu gündəmdə qalır. Bu istər film, istər reklam, istərsə də poster olsun, fərqi yoxdur, gündəmdə qalmağa hesablanıb".
Sosioloq hesab edir ki, ssenari qadın və uşaqların istismarı üzərində qurulursa, burada heç bir sağlam işdən söhbət gedə bilməz:
"Bu işin kökündə problem var. Qadını əzərək filmə, reklama çəkirlər. Amma qadının məşəqqətini elə göstərmək olar ki, onun qüruruna toxunmasın, şəxsiyyəti, mənliyi tapdanmasın. Əslində isə bu cür kadrlarla cəmiyyətə gizli formada qadını əzmək yolları öyrədilir. Qadına necə zorakılıq göstərmək olar, haralarından vurmaq olar ki, bilinməsin, görünməyən yerlərinə işgəncə etmək olar və s. kino və seriallarda əsasən bunu təbliğ edirlər". 


L.Mehralı hesab edir ki, əslində, məqsəd problemi həll etmək yox, mövzunu gündəmdə saxlayaraq qazanc əldə etməkdir:
"Heç bir halda problemi həll etmək məsul tərəfə sərf eləmir. Çünki problem həll olunsa, ondan təmənna gözləyən tərəfin əlindən qazanc yolları çıxır. Düşünün ki, biz hər hansı bir problemi müzakirə edirik, tapırıq, meydana çıxarırıq və əlaqədar quruma deyirik ki, sən həll elə. Edirlərmi? Əlbəttə, xeyr. Çünki problemi həll etmək o qurumu bir növ fəaliyyətsiz qoyur. Özünü həmişə elə göstərir ki, daim problem qaynayır, kəsilmir və bu qurum da guya dayanmadan problem həll edir. 
Müzakirə etdiyimiz məsələ də belədir. Əgər qadın, uşaq istismarının kökü mənbəyi tapılıb həll olunsa, o zaman nə seriallar çəkilə, nə də böyük təşkilatlar qrantlar ala bilər. Problem qaldıqca dünyada qadın və uşaqlar üzərində qurulan oyunlar, siyasi məsələlər bütün hər şey öz məqsədinə çatmış olmur. Çünki biz bilirik ki, dünyada qadın, uşaq, orqan alveri üzərində böyük oyunlar qurulur. Əgər qadın və uşaqların istismarı məsələsi kökündən həll olunsa, o zaman qlobal reklam, film, serial, orqan ticarətinin hamısının bazarı bağlanar, gəlir mənbələri dayanar. Ona görə də problemin həllində maraqlı deyillər", - deyə o əlavə edib.

Billurə Yunus

Tarix: 15 may 2024
Baxış: 107

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş