Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Oddan da təhlükəli yeniyetmələr... - Onlarla necə davranmalı?

Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı artıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son doqquz ayda 341 nəfər yeniyetmə cinayət hadisəsi törədib. Belə ki, törədilmiş cinayətlərin daha çox 16-18 yaş aralığında olan uşaqlar arasında baş verir. Daha çox isə oğurluq cinayəti üstünlük təşkil edir.
Məsələ ilə bağlı həkim-psixiatr Azad İsazadə “Yeni Sabah”a danışıb. O, yeniyetmələri inqilabçı adlandırıb:
“Yeniyetmələr risk qrupu sayılır. Bu səbəbdən belə hallar onlara xasdır. Bu yaşda olanlar inqilabçıdırlar. Söhbət hansısa siyasi inqilabdan getmir. Yeniyetməlik dövründə olanlar hər şeyi öz bildikləri kimi etmək istəyirlər. Cəmiyyət tərəfindən qəbul edilən qaydaları qəbul etmirlər. Sözsüz ki, belə davranış istər-istəməz cinayətə yaxın əməllər törətməyə səbəb olur. Yeniyetmələr cinayət törədib-törətməmək arasındakı sərhədi çox tez pozurlar. Çünki həyat təcrübələri yoxdur. Həmçinin onlarda empatiya hissi də çox az olur. Yeniyetmələr böyüklərə nisbətən daha qəddar olurlar. Ətrafdakıların nə hiss etdiyini və düşündüyünü dərk etmirlər deyə onlar üçün vurub-qırmaq, dağıtmaq çox asan görünür və problem hesab edilmir. Bir dəfə bu dövrdə olan qızların davasına şahidlik etmişəm. Çox dəhşətli səhnə idi. Oğlanlar elə əlbəyaxa olmurlar. Qız uşaqları daha həssas və aqressivdir. Məktəblərdə bullinqlərin təşəbbüskarı da adətən qızlardır. Oğlanlar da onların təşəbbüsünü həyata keçirən tərəf olur. Burada cinsiyyətin heç bir fərqi yoxdur. İstər oğlanların, istərsə də qızların yeniyetməlik çağında olan vaxtda yaşadığı problemlər və sərgilədiyi davranışların formaları fərqli olsa da, kökü eynidir”.
Ekspert bu dövrdə ailənin böyük rol oynadığını vurğulayır:
“Yeniyetmələri bütün bu analoji hallardan çəkindirən yeganə amil var. Bu sadəcə ailə tərəfindən övlada aşılanan tərbiyədir. Ailə tərbiyəsi olmayan zaman yeniyetməlik dövründə olan şəxs üçün vurmaq, döymək, daş atmaq çox normal hesab olunur. Ailə tərəfindən bu məsələyə nəzarət edildikdə, yeniyetmələrin qeyri-formal davranışının sürəti azalır. Belə izah edək ki, yeniyetmə daş atmasa da silləni vuracaq. Taxta ilə döyməyəcək, ancaq davada itələyib-yıxacaq. Bu fiziki enerjinin çox olması ilə bağlıdır. Ailə təsiri olduqda bunun tempi azalır. Yaxşı olar ki, belə vaxtlarda valideynlər övladlarını hansısa idman növü ilə məşğul olmağa cəlb etsinlər. Bu zaman yeniyetmələrin həddən artıq dərəcədə olan fiziki enerjisi daha xeyirli bir məqsəd üçün sərf edilir. Ancaq burada bir məsələ də idman müəllimi ilə bağlıdır. Yaxşı məşqçi və idman müəllimi olan şəxs uşaqlarda olan bu enerji və aqressiyanı düzgün yönləndirməyi bacarır. Lakin elələri də var ki, qeyri-sosial davranış sərgiləyərək yeniyetlərin psixologiyasına mənfi təsir edirlər. Bu kimi mövzularda diqqətli olmaq da vacibdir”.

Tarix: 28 dekabr 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş