Bəzi özəl tibb müəssisələrində botoks, estetik dolğular (hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.
Bəs qeydiyyatsız və icazəsiz preparat istifadə edən həkim və klinikaları hansı inzibati və ya cinayət məsuliyyəti gözləyir?
Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər:
"Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır. Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır. Ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cəzalar sərtləşdirilib. Belə ki, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10000 manatadək, hüquqi şəxslər 20000 manatdan 30000 manatadək miqdarda cərimə ediləcəklər".
Hüquqşünas əlavə edib ki, dərmanların üzərinə nəzarət markası tətbiq edilməlidir:
"Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə görə, dərman vasitələrinin üzərinə Səhiyyə Nazirliyi tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır".
Ülkər Cəlilzadə