Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
“Cənnət də, cəhənnəm də bu dünyadadır” fikrinə AYDINLIQ GƏTİRİLDİ - AÇIQLAMA

İslam qanunlarına görə axirət aləminə inanc dinin vacib hökmlərindəndir. Hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır.
Cəhənnəm sözünün ərəbcə “bədbəxtlik, uğursuzluq” mənasını verən bir söz olduğunu iddia edən İslam alimləri olsa da, dil alimləri bu məsələdə tərəddüd ediblər. Yunan dilində geenna və latınca gehenna kimi istifadə olunan söz, ehtimal ki, ibranicə gé-Hinnom (Hinnom vadisi) sözündəndir. Əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskənidir. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar.
Quranın yetmiş yeddi ayəsindəki cəhənnəm sözünün ərəbcə olduğunu deyənlər cəhənnəm sözünün ərəbcə “Cəhnəm” sözündən götürüldüyünü, cəhnəmin isə “cəhm”dən törədiyini bildiriblər.
Cəhm - qəliz, murdar, istənməyən deməkdir. Cəhənnəm günahkar bəndələrin və kafirlərin axirətdə gedəcəkləri əzab yeridir.
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yerdir.
Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır.  
Bəzi şəxslər müsəlman olsa da, cənnət və cəhənnəmin varlığına inanmadığını deyir. Belə olan halda həmin şəxslər günah etmiş hesab olunur? 
Bu barədə ilahiyyatçı Elşad Miri Referans.az-a açıqlamasında danışıb.
"Ölümdən sonrakı dünya, təbii ki, mövcuddur. Ötən günlərdə mənim ölümdən sonrakı dünya ilə bağlı dediyin fikirləri elə bir formada anons üçün montaj etmişdilər ki, sanki axirətə inanmadığımı deyirəm. Halbuki bir müsəlman o biri dünya adlandırdığımız axirət aləminə inanmazsa, bu adam konkret olaraq haqqın üzərini örtən kafir olaraq bilinir. Bu gün İslamın əsas anlayışlarından biri olan Quranın təxminən üçdə biri o biri dünya, haqq-hesab günü, axirət anlayışı ilə bağlıdır. İnsanları İslama, Qurana dəvət edən birinin axirətə inanmaması mümkündür? Təbii ki, xeyr". 
İlahiyyatçı qeyd edib ki, müsəlman olduğunu deyən heç bir kəs cənnət və cəhənnəmin yoxluğunu inkar edə bilməz. Bu məsələ Allahın Qurani-Kərimdə dəfələrlə bildirdiyi bir məsələdir. 
"Qurani-Kərimdə cənnət və cəhənnəmə, axirət gününə inananların mükafatlandırılacaqları və orada əbədi olaraq ölümsüz qalacaqları qeyd olunur" - deyə Elşad Miri fikirlərinə əlavə edib. 

Fidan Vəlisoy

Tarix: 28 dekabr 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş