Redaktor seçimi
    Rayondan Bakıya gələnlərə Məhdudiyyətlər OLA BİLƏR - AÇIQLAMA
Xəbər lenti
Reklam
Paşinyan qorxunc səhvə yol verdi: Kreml Qərbin intiqamını da İrəvandan alacaq

Baş nazir Nikol Paşinyan yanlış "arqument" ucbatından Rusiya ilə hərbi müttəfiqliyi şübhə altına saldı, müqavilənin pozulmasına yönəlik planını vaxtından əvvəl ifşa etmiş oldu... Kremlin cavab reaksiyası Ermənistana qarşı açıq təhdid məzmunu daşıyır, Rusiyanın öz for-postunu Qərbə verməmək üçün ən radikal addımlara hazır olduğunu sezdirir...
Rusiya ABŞ və Qərblə taleyüklü savaş vəziyyətində zəifləməkdə davam edir. Üstəlik, Kremlin müttəfiq problemi də olmamış deyil. Hər halda, Rusiya böyük ümidlər bəslədiyi heç bir dövlətdən gözlədiyi dəstəyi ala bilmədi. Və nəticədə Kreml Rusiyaya qarşı Qərb düşərgəsi qarşısında böyük ölçüdə təkbaşına qaldı.
Məsələ ondadır ki, Kreml ilk növbədə Rusiyanın yanında Çinin dəstəyini və Qərbə qarşı ortaq mübarizə potensialını görmək istəyirdi. Ancaq rəsmi Pekin "hər kəsin öz savaşı var" prinsipindən uzaqlaşmağa həvəs göstərmədi. Ukrayna savaşını da məhz Rusiyanın problemi olaraq, qəbul etdi.

Yəni, rəsmi Pekin Çini Rusiyanın düşdüyü "savaş bataqlığı"ndan yayındırmağa üstünlük verdi. ABŞ və Qərblə açıq düşmənçilik vəziyyətindəki Çinin bu davranışından sonra Kremlin ABŞ və Qərblə ziddiyyətləri olan digər dövlətlərdən real hərbi dəstək gözləməsi sadəlövhlükdən başqa bir şey olmazdı. Üstəlik, Çin və Qərblə ziddiyyətləri olan digər ölkələrin Rusiya ilə hərbi müttəfiqlik barədə rəsmi anlaşması da mövcud deyildi.

2fe61de9-599d-4b69-a23e-9c7965f40319.jpg (273 KB)

Ancaq Kremlin patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi-siyasi alyansın mövcudluğu ilk baxışdan Rusiyanın ABŞ və Qərb qarşısında hər halda, təkbaşına olmadığı barədə də təsəvvürlər yaradır. Halbuki, bu təsəvvürlər yalnız ilk baxışda Rusiya üçün önəmli görünür. Əsl reallıqdasa, Rusiyanın hərbi-siyasi müttəfiqlik sahəsində "şansının tutmadığı" inkaredilməz reallıqdır.
Birincisi, KTMT öz hərbi-siyasi potensialı baxımından, heç bir real əks təsir qarşılığı olmayan bir qurumdur. Əslində, KTMT elə yalnız Rusiyanın hərbi-siyasi potensialından ibarət alyansdır. Rusiyanı bir kənara çıxartdıqda KTMT hərbi faktor olmaq şansını belə, itirmiş olur. Və bu reallığı Kremldə hamıdan yaxşı bilirlər.
İkincisi, KTMT-nın üzvləri belə, Belarus istisna olmaqla, Rusiyanı Ukrayna savaşında dəstəkləmir. Bu hərbi-siyasi alyansın bəzi təmsilçiləri hətta Rusiyanın maraqlarına zidd şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini etiraf edirlər. Bu məsələdə yalnız Ermənistan susur. Belarusun açıq dəstəyi isə Kremlə demək olar ki, heç nə qazandırmır.
Nəhayət, Ermənistan həm də KTMT daxilində "zəif bənd" rolunu da oynayır. Rəsmi İrəvan bu hərbi-siyasi alyansdan yalnız Ermənistanın təhlükəsizliyinə real təminat umur. Əvəzində isə KTMT üzvlərinə heç nə təklif etmir. Yəni, rəsmi İrəvanın təsəvvürlərində KTMT sadəcə, Ermənistanın maraqları uğrunda vuruşmağa borclu olan qurumdan başqa bir şey deyil. Və əgər, KTMT Ermənistanı qorumursa, deməli, bu qurum rəsmi İrəvana faydalı deyil.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Maraqlıdır ki, hazırda KTMT üzrə heç bir hərbi öhdəliyini icra etməmiş Ermənistan bu qurumu hədəfə çıxaran yeganə üzv ölkədir. Rəsmi İrəvan öz bəyanatları və davranışları ilə həm KTMT-nın, həm də Rusiyanın beynəlxalq imicini korlamaqda davam edir. Və Ermənistanın bu xəyanət məzmunu daşıyan davranışlarında ABŞ və Qərbin sifarişlərinin xüsusi rolunun olduğu da qətiyyən şübhə doğurmur.
Nə qədər qəribə də olsa, rəsmi İrəvan KTMT-ya və Rusiyaya xəyanətini əsasən qarşı tərəfi suçlamaqla, arqumentləşdirməyə çalışır. Məsələn, Paşinyan hakimiyyətinin icad etdiyi "Ermənistan KTMT-nı deyil, məhz KTMT Ermənistanı tərk etmək kursu tutub" tezisi Rusiya siyasi dairələrində hələ də anlaşılmaz söz oyunu kimi qəbul olunur.
Baş nazir Nikol Paşinyanın hətta KTMT-dan şikayətlənmək, bu qurumu qınamaq üçün "xüsusi arqumentləri" də var. O, hesab edir ki, KTMT Ermənistanın təhlükəsizliyi üçün olduqca vacib mexanizm hesab edilirdi. Ancaq bu qurum öz hərbi öhdəliklərini icra edə bilmədiyindən Ermənistan real hərbi təhlükə qarşısında təkbaşına qalıb. Və bu, həm də KTMT-nın nüfuzuna da zərbə vurur.
Ancaq erməni baş nazir Avropaya səfər etdikdə yalnız KTMT-dan deyil, elə Rusiyadan da şikayətlənmək üçün səbəblər tapmaqda çətinlik çəkmir. Halbuki, hazırda Ermənistan adlı qondarma bir "dövlət" mövcuddursa, buna görə rəsmi İrəvan yalnız Rusiya minnətdar olmağa borcludur. Əgər, Rusiyanın himayəsi olmasaydı, Ermənistan dövlətçiliyi "erməni xəyalları"ndan başqa bir şey olmazdı.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB)

Ancaq rəsmi İrəvan Rusiyanın Ermənistana müttəfiq dövlət olmasından narazıdır. Baş nazir Nikol Paşinyan Qərb mətbuatına bildirib ki, Ermənistanın Rusiya ilə hərbi müttəfiq olması barədə təsəvvürlər tamamilə yanlışdır. Halbuki, erməni baş nazir Ermənistanın Rusiya ilə həm ikitərəfli, həm də KTMT daxilində çoxtərəfli müttəfiqlik müqaviləsinin mövcudluğunu nədənsə, unudur.
Ona görə də, erməni baş nazir bu reallığı istəmədiyi halda, xatırlamaq məcburiyyətində qaldıqdasa, nə qədər gülünc vəziyyətə düşdüyünü də anlayır. Nəticədə tez-tələsik vəziyyətdən çıxmaq üçün hansısa yeni "arqument" uydurmağa çalışır. Nəticədə erməni baş nazirin dilindən dərhal "Məsələn, Ukrayna savaşında Ermənistan Rusiyanın müttəfiqi deyil" iddiası çıxır.
Əlbəttə ki, bu iddianı bir erməni siyasətçinin səsləndirməsi qətiyyən təəccüblü deyil. Çünki erməni düşüncə tərzi yalnız öz "anlayışlar"ın reallığı əks etdirməsi ilə bağlı absurd əminlik üzərində indeksləşib. Ancaq hüquqi reallıq tamamilə fərqli anlayışlardan ibarətdir.
Məsələn, əgər, hər hansı iki dövlət arasında hərbi müttəfiqlik barədə müqavilə imzalanıbsa, deməli, həmin sənəddə istisnalar ola bilməz. Əgər, Rusiya və Ermənistan müttəfiqdirlərsə, bu, birmənalı şəkildə Ukrayna savaşında da rəsmi İrəvanın mövqeyini əvvəlcədən müəyyən edir. Yəni, müttəfiqlik müqaviləsi ilə rəsmi İrəvan Kremlin tələb edəcəyi təqdirdə, Ukrayna savaşında Rusiyaya hərbi dəstək vermək öhdəliyi daşıyır və onu icra etməyə borcludur. Əks halda, yəni, erməni baş nazir kimi istisnalar icad etməyə cəhd göstərildikdə müttəfiqlik müqaviləsinin hüquqi qüvvəsi şübhə doğurmuş olur.
Təbii ki, bu baxımdan, baş nazir Nikol Paşinyanın açıqlamasına Kremldən verilən reaksiyanın məzmunu qətiyyən gözlənilməz deyil. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov erməni baş nazirin "Ukrayna savaşında Rusiyanın müttəfiqi deyilik" açıqlamasının "mühüm bəyanat" hesab etdiklərini vurğulayıb. D.Peskov bildirib ki, Rusiya bunu mütləq nəzərə alacaq. Və müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcək.

regnum_picture_16178344211779667_normal.png (1.24 MB)

Təbii ki, Kremlin bu reaksiyasını müxtəlif məzmunda yozmaq mümkündür. Ancaq ilk növbədə Kremlin Ermənistana üstüörtülü təhdid mesajı diqqəti çəkir. Yəni, Rusiya yaxın gələcəkdə Ermənistana Ukrayna savaşı ilə bağlı mövqeyini xatırlada biləcəyinə eyham vurur. "Müttəfiqlik münasibətlərinin inkişafı" ilə bağlı deyilənlər isə indi Paşinyan hakimiyyəti tərəfindən daha ciddi təhlil olunmalıdır. Çünki öhdəlikləri icra olunmayan müttəfiqliyin inkişafının qabardılması qətiyyən boşuna deyil.
Böyük ehtimalla Kreml ilk imkanda rəsmi İrəvana həmin öhdəlikləri icra etməsi üçün təzyiq göstərməyə çalışacaq. Rəsmi İrəvana Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasının yolverilməz olduğu anladılacaq. Ermənistan Rusiyanın müttəfiqi, daha dəqiq desək, for-postu kimi qalmağa məcbur olunacaq. Və buna nail olmaq üçün Rusiyanın kifayət qədər ciddi təsir mexanizmlərinin olduğu da qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, erməni baş nazir əslində, son açıqlaması ilə Ermənistana elə bir fayda qazandırmasa da, daha çox Rusiyanı qıcıqlandırmağı bacarıb. Bu baxımdan, erməni baş nazirin belə bir qorxunc səhvə yol verməsi indiki halda, Ermənistan üçün ən təhlükəli reallıq təsiri bağışlayır.
Çünki Rusiya Ukrayna ərazisində ABŞ və Qərblə savaşda aciz duruma düşmüş olsa belə, Ermənistanı ən sərt şəkildə cəzaladırmaq imkanlarına sahibdir. Və Kremlin Ukrayna savaşında Qərbdən aldığı sarsıdıcı zərbələrin intiqamını Ermənistandan almaq niyyətinə düşə biləcəyi də qətiyyən istisna deyil. \\Musavat.com

Tarix: 03 iyun 2023
Baxış: 173

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş