Xəbər lenti
Reklam
Ermənilər TƏŞVİŞDƏ: Ankara vasitəçilik missiyasına başlaya bilər - Toyvo Klar İrəvanı necə ÇALXALAYIB?

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klar ağlını itirib. Çünki onun səsləndirdiyi fikirlər xəstə və xəyalpərəst olduğunu deməyə əsas verir. Onun Türkiyənin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində birbaşa iştirakı ilə bağlı təklifini başqa cür şərh etmək mümkün deyil”.

Bu fikirlər erməni analitik Romella Mnatsakanyanın yazdığı məqalədə yer alıb:

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Toyvo Klar “Twitter” səhifəsində bunları yazıb: “Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər. İnanın ki, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var”. İstənilən halda Türkiyəyə vasitəçilik təklif etmək yersizdir” – deyə erməni müəllif qəzəbini gizlətmir.
HAŞİYƏ: Görünür, Toyvo Kların bu təklifi Ermənistanı əməlli-başlı silkələlib. İrəvan Türkiyənin prosesə qoşulmasından və Azərbaycanın maraqlarını müdafiə etməsindən çox narahatdır. Amma Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin dilindən belə bir təklifin səsləndirilməsi onu deməyə əsas verir ki, yaxın zamanda rəsmi Ankara vasitəçilik missiyasına başlayacaq.
Ermənilər isə baş verənlərə belə reaksiya sərgiləyir: “Avropa İttifaqı regionda öz mövqelərini gücləndirməyə çalışır, Türkiyəni Rusiyaya qarşı balans yaratmaq üçün gücləndirir. Bu qarşıdurma təkcə Cənubi Qafqazda deyil, Ukraynada da baş verir. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Ankaranın qarşıdan gələn qışdan çıxmaq üçün Kiyevə humanitar yardım göstərəcəyini bildirib. Bütün bunlar Aİ-ni Azərbaycan və Türkiyəyə qarşı müsbət münasibətə sövq edir. Toyvo Kların təklifini bu kontekstdə görmək olar. Və bütün bunlar Aİ-nin Azərbaycana təzyiq etməməsi fonunda xüsusilə əxlaqsız görünür” –  Romella Mnatsakanyan vurğulayıb.
“Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev Fransa və onun prezidenti Emmanuel Makronu İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda iştirak hüququndan məhrum edib. Bütün bunlara nəzər saldıqda başa düşürsən ki, Avropa İttifaqı tamamilə ağılasığmaz addımlar atmağa hazırdır. Amma unudurlar ki, ermənilər belə pərdəarxası oyunlara dözməyəcək” – deyə erməni analitik öz fikirlərini tamamlayıb.
HAŞİYƏ: Mnatsakanyanın fikirlərinə nəzər yetirdikdə Toyvo Kların yox, ermənilərin ağlını itirdiyi açıq-aşkar görünür. Əgər belə olmasa idi, 44 günlük müharibədəki biyabırçı məğlubiyyətdən sonra Ermənistan Azərbaycanla sülh müqaviləsinə razılaşa və regiondakı layihələrdən yararlanaraq inkişaf edə bilərdi. Amma ermənilər hələ də Qarabağ xülyası ilə yaşadıqlarından mövcud mənzərəni görə bilmirlər. Toyvo Kların və onun timsalında digər Qərb siyasətçilərinin, həmçinin müttəfiq saydıqları Rusiyanın artıq Azərbaycanın yaratdığı yeni reallıqlarla barışdığını Ermənistan və ermənilər nəhayət ki, anlamalıdır. Əks halda bir toplum kimi məhvə məhkum olacaqlar”. \\KONKRET.az  


Tarix: 13 dekabr 2022
Baxış: 332

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş