Siqareti tərgitməyə "kömək edir", sonsuzluq yaradır... - Həkimdən XƏBƏRDARLIQ
İnsanları, xüsusilə gəncləri siqaretdən qurtarmağa çalışırdıq ki, birdən elektron siqaretlər peyda oldu. Özü də səs salan bir "təbliğatla". Elektron siqaretdən istifadə edənlər düşünür ki, bu, adi siqaretdən qurtuluş yoludur və siqaret qədər sağlamlıq üçün təhlükə deyil. Əslində isə həqiqət başqadır.
Metbuat.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, hazırda gənclər arasında bu məhsuldan istifadə halları artıb. Qanundakı boşluqlardan istifadə edənlər isə Azərbaycanda elektron siqaretlərin kütləvi satışını həyata keçirirlər:
"Elektron siqaret nə bir elektron maldır, nə də tütün vasitəsidir. Buna görə də nəzarət yoxdur. Qanundakı boşluqlardan istifadə edib bu cür mallar yaradırlar. İlk öncə Yaponiyada yaradılıb və dünyaya yayılıb. Elektron siqaret birmənalı şəkildə siqaret tərgitmək üçün vasitə deyil. İnsanların sağlamlığında sadəcə mənfi izlər qoyur. Çox təhlükəli maddələr insan orqanizminə daxil olur.
Təəssüflər olsun ki, Azərbaycana da elektron siqaretlər gətirilir və siqareti tərgitmək adı ilə təbliğ olunur. Ölkədə qeyri-infeksion xəstəliklərin azaldılmasına dair 2025-ci ilə qədər dövlət proqramı mövcuddur. Həmin proqramda nəzərdə tutulur ki, 2025-ci ilə qədər ölkədə siqaret çəkilməsi 10%-dək azaldılsın. Lakin görürük ki, tütün və tütün məmulatları haqqında qanun yerinə yetirilmir. Siqaretlərin tək-tək satışı qadağan olduğu halda satılır.
Təhsil müəssisələrinin yaxınlığında qanunsuz olaraq satış yerləri var. Elektron siqaretlər də bu sıraya qoşulub. "Tütün və tütün məmulatları haqqında" qanun elektron siqaretlərə də şamil olunmalıdır".
Elektron siqaretlərin sağlamlığa ziyanına gəlincə, Metbuat.Az-a danışan torakal cərrah, Kliniki Tibbi Mərkəzin Torakal cərrahiyyə şöbəsinin müdiri Fəhmin Əmirov bildirdi ki, elektron siqaretin tərkibində zərərli maddələr var ki, bu da orqanizm üçün fəsadlar yaradır:
"Elektron siqaretlər ilk dəfə bazara siqareti tərgitməyə yardım etdiyini iddia edən firmalar tərəfindən buraxılıb. Bir neçə il sonra əks təsirləri aşkarlandığı üçün bu fikir təkzib olunub. Bu siqaretlərin tərkibinə gəlincə, burada 3 komponent var. Birinci komponenti içində litium olan batareyalardır, ikincisi alovlandırıcı mexanizmdir, üçüncü hissə nikotin olan və ya olmayan, fərqli çeşidli dadlandırıclar, efirlər olan kartoş hissəsidir.
Dünyada təxminən 500-ə yaxın elektron siqaret firması mövcuddur. Xalq arasında yanlış bir təfəkkür var. Elə sanılır ki, elektron siqaretlərdəki buxar normal siqaretdəki tüstüdən daha zərərsizdir. Ancaq elə deyil. Elektron siqaretlərin içərisindəki buxar əslində, fərqli sprey, parfüm, ətirlərin, həşərat öldürücülərinin içində olan mexanizm kimi aerozoldur. Yəni bunlar zərrəciklər, damlacıqlardan ibarət olan kimyəvi maddələrdir. İçlərində çox yüksək ziyanverici, toksik maddələr var. Hansı ki biz onları içimizə çəkdiyimizdə ağızdan, burundan tutmuş traxeobrunxial sistemin selikli qişasına, alveollara qədər oturan fərqli yerlərdə fərqli şəkildə ziyan verən damlaçıqlar və ya zərrəciklər var".
Fəhmin Əmirov qeyd edir ki, elektron siqaret gəncləri narkomaniyaya doğru aparır, həmçinin xərçəngə tutulma riskini yüksəldir. Bundan başqa, qadınlarda sonsuzluq təhlükəsi yaradır:
"Araşdırmalara görə, elektron siqaretin içərisindəki nikotinin formulu və dozası normal siqaretdən də çox asılılıq yaradır. Nikotin adrenalin, dofamin kimi maddələrin ifrazına səbəb olur və beyində zövq mərkəzləri aktivləşir, insan da bundan həzz alır. Elektron siqaret nə dərman, nə də sağlamlıq firmaları tərəfindən istehsal edilir. Bu siqaret firmalarının istehsal etdiyi maddədir. Nə qədər çox satsalar, bir o qədər çox müştəri tapırlar.
Dünyada və Azərbaycanda elektron siqaretlərin gənclər tərəfindən istifadəsi ildən-ilə artır. Gündə onlarla gənclər görürük ki, ailələrindən gizlin elektron siqaretlər çəkirlər. Fərqində olmadan artıq nikotin bağımlısı olurlar. Bir müddətdən sonra isə siqaretə keçirlər. Araşdırmalar göstərir ki, hətta elektron siqaret istifadəçiləri bir müddətdən sonra narkotikə də meyl sala bilir.
Elektron siqaret reproduktiv yaşda olan qadınları sonsuzluğa apara bilir. Elektron siqaret istifadə edən şəxslərdə xroniki ürək xəstəlikləri, depressiya, miokard infarktının artma riski var. Elektron siqaret ağzciyər xərçəngi başda olmaq, astma və xronik bronxit xəstəliklərinə gətirib çıxarır, ağız və diş əti üzərində də təsiri vadır. Ailələrin, toplumun bilgiləndirilməsi, məktəblərdə maarifləndirmə aparılmalı, satışına nəzarət edilməlidir".
Gülər Seymurqızı