"Azərbaycanda 28-30 yaşında ürəyinə stend qoyulan insanların sayı çoxdur" - HƏKİMDƏN XƏBƏRDARLIQ
Son zamanlar Azərbaycanda ürək-damar xəstəliklərinin sayının çoxaldığı müşahidə edilir. Hətta üək çatışmazlığından ölüm sayının artdığını da deyə bilərik. Bəs görəsən, ürək xəstəliklərinin artmasının səbəbləri nədir? Ürəyimizi qorumaq üçün nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Konkret.Az-a danışan həkim-kardioloq Sevil Tərlanova bildirib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb ən çox ekologiya və qidalanma ilə bağlıdır: “Mənşəyi bilinməyən yağ və ətlərdən, fast-food yeməklərdən istifadə insanda maddələr mübadiləsinin pozulması ilə nəticələnir. Eyni zamanda damar divarının iç relyefinin pozulmasına, onun girintili-çıxıntılı olmasına gətirib çıxarır. Xolesterin mübadiləsi də pozulduqda artıq zədələnmiş damar divarında çökmə yaranır. Bu, bir-iki günə baş verən proses deyil. Xəstələrə qidalardan bu qədər çox istifadə etməməyi başa salırıq. Qida mədəniyyətinə riayət etmək, oruc tutmaq, pəhriz saxlamaq lazımdır. İndi insanlar təcrid olunub, qidalanmaya meyl həddən artıq artıb. Bu da maddələr mübadiləsinin pozulmasına və xəstəliklərin cavanlaşmasına səbəb olur. İndi 30-33 yaşında insult və infarkt olan insanlara rast gəlinir. Bunların hamısı düzgün rejim qurmamağın fəsadlarıdır”.
Həkimin sözlərinə görə, stressdən uzaq olmaq, müəyyən yaş dövründən sonra analizlər vermək lazımdır: “Xolesterini tənzimləmək, insulin balansını yoxlamaq vacibdir. Kişilər üçün 48-55 yaş arası ən ciddi dövrdür. Bu yaş dövründə infarkt riski yüksək olur. İnsan nə qədər cavan yaşda infarkt keçirsə, onun ölüm faizi daha çoxalır. Çünki bədəndə kompensator imkanlar aşağı olur. Ona görə də, təhlükəli yaş həddlərində insanı sağaltmaq çətinləşir. İnsanın özündə bərpaedici toxumalar yaranmasa, nə qədər müalicə edilsə də effekt vermir. Aşağı yaş həddlərində insanlarda bədənin kompensasiya imkanları zəif olduğundan ölüm faizi yüksəlir. Digər tərəfdən, bizim insanların çoxu son məqamda, yəni infark keçirəndə həkimə müraciət edirlər. Bu zaman anju edildikdə ölüm faizi çoxalır. Ona görə də, xəstə infarkt keçirmədən öncə müalicə aparılmalıdır”.
Sevil Tərlanova əlavə edib ki, Azərbaycan əhalisi ət xörəklərini yeməyə meyllidir. Bu isə çox ziyandır: “Daha çox tərəvəzlər yemək, meyvəyə üstünlük vermək lazımdır. Bir gün ət, səhəri gün isə balıq yemək olar. Geni bilinməyən yağlardan istifadə qəti qadağandır. İnsanın gündəlik yağa olan tələbatı 5 qramdır. Bu da istifadə etdiyimiz bütün tərəvəzlərdə və ətin tərkibində var. Yeməyə əlavə yağ tökməklə ölümümüzü tezləşdiririk. Əvvəllər insanlar çox qidalanmaqla yanaşı bütün günü hərəkət edirdilər. Ona görə də, daha çox yaşayırdılar. Amma indi insanlar oturaq rejimdə çox olurlar və hərəkət etmirlər. Buna görə də damarlar zədələnir. Artıq Azərbaycanda 28-30 yaşında gənclərin ürəyinə stend qoyulduğunu müşahidə edirik və onların sayı çoxdur”.
Müşviq Tofiqoğlu