

Qeyd edək ki, İranda etirazlar artıq özünün səkkizinci həftəsinə qədəm qoyur. Hələlik nümayişçilərin əzminin zəiflədiyini göstərən heç bir əlamət yoxdur. Görünən odur ki, İran prezidenti İbrahim Rəisinin etirazların zəifləməsi haqda səsləndirdiyi fikirlər hazırki proseslərlə daban-dabana ziddiyyət təşkil edir. İranın Kürdüstan əyalətindən başlayan nümayişlər indi bütün ölkəyə yayılıb. Baş verən hadisələri yaxından izləyən ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu noyabrın ilk günlərində İranın 11 vilayətinin 15 şəhərində ən azı 30 etiraz aksiyası keçirildiyini açıqlayıb. Məşhəd, Sənəndəc, Marivan və bir çox başqa şəhərlərdə iğtişaşlar baş verib. Etirazçıların şüarları artıq “məcburi hicabın ləğvi” və ya “Qadınlar, həyat, azadlıq!” çağırışları ilə məhdudlaşmır. Nümayişçilər indi açıq şəkildə İranı son 40 ildə idarə edən islamçı rejimin devrilməsini istəyirlər. Çoxsaylı hesabatlara baxsaq, “diktatora ölüm”, “sistemə ölüm” kimi şüarları tez-tez eşidə bilərik.
Osloda yerləşən İran İnsan Haqları təşkilatının hesablamalarına görə, noyabrın 6-na kimi İran hakimiyyətinin etirazları yatırtmaq cəhdləri zamanı 186 nəfər öldürülüb. Təşkilat xüsusilə, Sistan və Bəlucistanda 118 etirazçının öldüyünü qeyd edib. Bəzi müşahidəçilər hesab edir ki, ölkənin bir çox yerlərində keçirilən etirazlarda qadınların aktiv iştirakı hakimiyyətin daha sərt taktikalara əl atmasının qarşısını almağa kömək edir. İranda vəziyyət sanki uç nöqtəsinə yaxınlaşır. Hakimiyyət etirazları dayandıra bilmir. Hazırkı rejim isə onun nüfuzunu sarsıdan iğtişaşların davam etməsinə qeyri-müəyyən müddətədək dözə bilməz. Lakin digər reallıq ondan ibarətdir ki, etirazçılar hələ İranda hakimiyyətin devrilməsi məsələsini gerçəkləşdirə bilməyiblər. Başqa sözlə desək, hazırda rejimə qarşı təzyiqlərin səviyyəsi İran hakimiyyətinin mövcudluğunu təhlükə altına qoyacaq həddə çatmayıb.
İran etirazları hələ inqilaba çevrilməyib. Bu o deməkdir ki, həm hakimiyyət, həm də nümayişçilər qarşılarında açılan yeni mərhələdə çətin seçim qarşısındadırlar. Dünyaca məşhur “Wall Street Journal”ın son hesabatında rejimin diqqəti yayındırmaq üçün regional gərginliyi süni şəkildə artırmağa cəhd göstərdiyinə dair fikirlər yer alıb. Məlumata görə, rejim ya Səudiyyə Ərəbistanına, ya da Kürdüstanın cənubundakı hədəflərə qarşı hərbi hücumlar planlaşdıra bilər. Səudiyyə Ərəbistanına qarşı hər hansı bir hücumun Yəmən və ya İraq tərəfdən həyata keçirilməsi ehtimalı var. Cənubi Kürdüstanda isə əksinə, İran rejiminin öz qüvvələrindən istifadə edəcəyi gözlənilir. Artıq İraqdakı kürd hədəflərinə qarşı əməliyyat presedenti mövcuddur. Belə ki, sentyabrın 28-də Tehran İraqda yerləşən İran kürd qruplaşmalarına raket zərbələri endirib. Məqsəd İrandakı etirazları “xarici silahlı təşkilatlar tərəfindən idarə olunan” bir cinayət kimi təqdim etməkdir. Etirazlar xarici təhlükəsizliyə təhdid kimi qələmə verildikdən sonra onlara qarşı daha çox güc tətbiq olunacağı bəllidir. Çox güman ki, qarşıdakı dövrdə rejimin seçəcəyi istiqamət bu olacaq. Ancaq bu ideyanın özü də İran hökuməti üçün çox risklidir.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: