“Artıq özümdə deyildim, şərabın içinə nəsə qatılmışdı…” – Beriyanın zorladığı məşhur aktrisanın xatirələri
O, illər sonra yaşadığı ağrı-acıları, ömrünün dəhşətli anlarını, mövcud rejimin onun həyatına vurduğu zərbələri bütün çılpaqlıqları ilə qələmə alıb. Tatyana Okunevskayanın yazdığı “Tatyananın günü” kitabı 1930-1940-cı illərin bir çox qaranlıq mətləblərinə aydınlıq gətirib, tanınmış aktrisa Stalin dövrünün nə qədər amansız və dəhşətli olduğunu yazıçı peşəkarlığı ilə oxuculara çatdırmağı bacarıb...Bəlkə də Okunevskaya məktəbi bitirdikdən sonra seçdiyi arxitektor peşəsinin arxasınca getsəydi, xoşbəxt bir gələcəyə sahib ola bilərdi. Amma adi bir təsadüf onun gələcəyini fərqli bir istiqamətə yönəldib. 18 yaşında olarkən küçədə iki nəfərin ona yaxınlaşaraq kino çəkilişlərində içtirak etmək təklifi Okunevskayanın həyatını tamamilə dəyişib. Bir tərəfdən aktrisalıq istedadı, digər tərəfdən gözəlliyi bir neçə ildən sonra onu o dərəcədə məşhurlaşdırıb ki, hətta ölkənin birinciləri ona qarşı biganə qala bilməyiblər.
1914-cü ildə Moskvada anadan olan Okunevskaya orta təhsilini başa vurduqdan sonra Moskva Arxitektura İnstitutuna daxil olub. Kinostudiyadan çəkiliş təklifi aldıqdan sonra o, təhsilini yarımçıq qoyaraq əsas vaxtını teatr dərnəklərinə sərf edib. Artıq 1933-cü ildə, 19 yaşı olanda onu Moskva Real Teatrında tam ştatla aktrisa kimi işə qəbul ediblər.Okunevskayanın sevincli və uğurlu illəri uzun çəkməyib. 1937-ci ildə onun atası repressiyaya məruz qalıb və güllələlənib. Bu hadisə aktrisanın həyatında qara izlər buraxıb. “Xalq düşmənin qızı” damğası ilə gəzmək Okunevskayanın yaradıcılıq fəaliyyətinə problemlər yaradıb. Buna görə onu teatrdan uzaqlaşdırıblar. Həmkarlarının köməkliyi ilə Okunevskaya bir müddət kino çəkilişlərində rol alıb. İki ildən sonra isə yenidən teatrda işə bərpa oluna bilib. Okunevskaya teatr səhnəsində saysız-hesabsız tamaşaçıların sevimlisinə çevrilib, onun iştirak etdiyi tamaşalara ən yüksək çinli məmurlar təşrif buyurub - təkcə onun yaratdığı obrazları seyr etmək üçün yox, həm də onun gözəlliyinə tamaşa etmək üçün.
Yaradıcılığında uğurlar qazansa da, bu uğurlar aktrisaya növbəti problemləri yaşadıb. Tanınmış yazıçı Boris Qorbatovla rəsmi nikahda olsa da, tanınmış məmurlar ondan göz çəkməyiblər. Okunevskayanın gözəlliyini “hədəf” seçənlərdən biri isə Lavrenti Beriya olub.Beriya əvvəlcə aktrisanı köməkçisi vasitəsi ilə rəsmi şəkildə öz iş kabinetinə dəvət edib. Aktrisa bu dəvətə “bizim Lavrenti Pavloviçə böyük hörmətimiz var. Amma onunla kabinetdə görüşməyə heç bir lüzum görmürəm. Biz yalnız teatrda aktrisa və tamaşaçı qismində görüşə bilərik” deyə cavab verib.
Sözsüz ki, imtina cavabı Beriyanı özündən çıxarıb. Amma “hər şeyə qadir narkom” təmkinini itirməyib və növbəti dəfə “işini” daha tədbirli tutub. Bu imtinadan bir-iki həftə sonra Kremldə növbəti dövlət tədbirinə hazırlıq görüləndə Beriya şəxsən özü aktrisaya zəng vuraraq onu tədbirə dəvət edib. Bu dəfə Okunevskaya Kreml tədbirində iştirakdan imtina etməyib.Həmin tarixi həyatının ən dəhşətli günü sayan Okunevskya kitabında hadisəni belə xatırlayıb:
“Kremldə keçirilən tədbirdə iştirak etmək hər incəsənət adamına qismət olan bir şey deyildi. Bu şərəf sayılırdı. Buna görə mən də Beriyanın dəvətini böyük məmnunniyyətlə qəbul etmişdim. Vaxt tamam olanda yaşadığım mənzilin qapısı döyüldü. Beriyanın köməkçisi maşının gözlədiyini söylədi. Mən aşağıya enəndə o, avtomobilin arxa qapısını açdı. Beriya da arxa oturacaqda əyləşmişdi. Bir müddət getdikdən sonra maşın bir həyət evinə daxil oldu. Köməkçi və sürücü bizi tək buraxdılar. Beriya dedi ki, hazırda Kremldə tədbirin rəsmi hissəsi gedir, bir az gözləyək. Məni içəri dəvət etdi. Böyük zaldakı masanın üstündə dünyanın ən ləzzətli təamları düzülmüşdü. O məni masaya dəvət edəndə söylədim ki, çıxış öncəsi heç nə yemirəm.Gülümsədi və özü masanın arxasına keçərək yeməyə və həm də içməyə başladı. Özü də çox qeyri-mədəni və kobud şəkildə. Beləcə, bir saata yaxın vaxt ötdü. Sonra o kiminləsə başqa bir dildə, yəni qeyri-rus dilində telefonla danışdı və mənə bildirdi ki, tədbirin bədii hissəsi keçirilməyəcək, Koba (Stalini nəzərdə tuturdu) belə göstəriş verib. Mən təəssüfümü bildirdim:
- Çox böyük həvəslə hazırlaşmışdım bu tədbirə. Təəssüf ki, baş tutmadı.- Tatyana Kirillovna, siz hələ bundan sonra belə tədbirlərə çox dəvət alacaqsınız. Bir halda ki, daha çıxış etməyəcəksiniz, süfrə arxasına keçə bilərsiniz.
- Yox, Lavrenti Pavloviç, getməliyəm.- Bir qədəh şərab içmədən sizi buradan buraxan deyiləm.
O, süfrədəki dolu qədəhi mənə uzatdı və onu da deyim ki, bu qədəhə şərab əvvəlcədən süzülmüşdü. Çıxış yolum yox idi, şərabı içdim. 10-15 dəqiqə keçdikdən sonra mən artıq özümdə deyildim, şərabın içinə nəsə qatılmışdı. Beriya əvvəlcə məni arxadan qucaqladı, sonra məni stuldan qaldırıb qapıya sıxdı. O, illər boyu qadın görməyən bir kişi kimi məni zorlayırdı. Həmin anlarda mən bunu çox da hiss etmirdim, çünki özümdə deyildim. Sonra bədənimin ağrılarından hiss etdim ki, Beriya istədiyinə arzuladığından qat-qat çox nail olub...”
Beriyanın caynağından yenicə qurtarmış aktrisa, növbəti bir cəlladın “hədəf”inə düşüb. SSRİ paytaxtının ən məşhur mehmanxanalarından biri olan “Moskva” otelində keçirilən tədbirdə kifayət qədər yaraşıqlı və əynində hərbi mundir olan bir nəfər Okunevskayaya yaxınlaşaraq onu öpmək istəyib. Aktrisa onun sərxoş vəziyyətdə olduğunu görüb, çox sakitcə kənara itələyib. Hərbi mundirli şəxs növbəti öpüş cəhdini edəndə, bu dəfə Okunevckaya ona şillə vurub və özünü xilas edib. Elə həmin günün axşamı aktrisa həbs edilib. Onun sillə vurduğu şəxs qəddarlığı və cəlladlığı ilə tanınan, hətta Beriya kimi amansız bir adamın çəkindiyi, SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumov olub.Okunevskaya həbs olunanda ona heç bir order təqdim edilməyib. Aktrisaya bir cümlə ilə başa salıblar ki, bu Abakumovun əmridir və əmr müzakirə olunmur. Okunevskaya “Lubyanka”nın zirzəmisində saxlanılıb. Onun haqqında antisovet fəaliyyət və vətənə xəyanət maddələri ilə cinayət işi açılıb. İstintaq 13 ay davam edib. İstintaq sona yaxınlaşanda aktrisanı kameradan xüsusi bir otağa aparıblar. Bu otaqda onu Abakumov gülərüzlə qarşılayıb. Əvvəlcə onun qollarından qandalların açılmasını əmr edib. Sonra onu həmin otağın bir küncündə içki, meyvə, şirniyyat düzülmüş stola dəvət edib:
- Yəqin ki, burada sənə yaxşı baxmırlar. Təamlardan istədiyin qədər yeyib içə bilərsən.Okunevskaya stola yaxın durmayanda Abakumov fikirlərini davam etdirib:
- Bu gün sən bütün həyatını dəyişə bilərsən. Hətta buradan evinizə qara limuzində də gedə bilərsən. Amma bir şərtlə, mənim dediklərimi etməlisən. - Mən heç bir şərt qəbul etmirəm. Göstəriş verin, məni kamerama aparsınlar.
Bu cavabdan sonra Abakumov onu qucaqlamaq istəyəndə aktrisadan növbəti silləni alıb. Bununla da onların münasibətlərinə birdəfəlik son qoyulub. Məhkəmənin hökmü ilə Okunevskaya 10 il müddətinə Qazaxıstana sürgünə göndərilib.
Sürgün illərində aktrisa çox çətinliklərlə üzləşib, amma sona qədər dözüb, cəzasını başa vurub Moskvaya qayıdıb. Azadlığa çıxanda nə Beriya, nə də Abakumov bu dünyada olmayıblar. Aktrisa azad nəfəs ala bilib və teatrda fəaliyyətini bərpa edib.Çətin günlərə, ağır həyat tərzinə baxmayaraq Okunevskaya 88 il ömür sürüb. Hətta o, başına bəla olduğu gözəlliyini bərpa etmək üçün 86 yaşında plastik əməliyyat da etdirib./ Gündem.az