Bu il Fransa Səfirliyi Azərbaycanla ikitərəfli diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqaləsində bildirib.
Səfirin sözlərinə görə, Fransa tez bir zamanda - 1992-ci ilin fevralından - Sovet imperiyasından ayrılan gənc Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb: “Azərbaycan müstəqillik uğrunda səfərbər olan ilk respublikalar sırasında idi və onun xalqı, xüsusilə də 1990-cı il yanvarın 20-də sovet qoşunlarının dinc əhalini atəşə tutması ilə bunun qiymətini çox baha ödədi”.
Diplomat deyib ki, yeni Azərbaycan Respublikası 30 illik yol qət edib ki, bu yol heç də asan olmayıb, lakin, ölkəyə güclü bir dövlət və dinamik iqtisadiyyat inkişaf etdirməyə, əhalinin təhsil və bacarıqlarının səviyyəsini yüksəltməyə, sosial müdafiə sistemini yeniləməyə, ərazilərini bərpa etməyə və Avropa İttifaqı ilə misilsiz bir yaxınlaşmaya imkan verib.
“Fransa bu otuz ildə Azərbaycanın yol yoldaşı olub. İkitərəfli əməkdaşlıq bütün sahələrdə inkişaf edib: sadəcə bir neçə misal olaraq ali təhsil, elmi araşdırmalar, mədəniyyət, arxeologiya, enerji, nəqliyyat, su, kənd təsərrüfatı, kosmos sahələrini göstərmək olar. Fransız şirkətləri ölkəyə böyük sərmayə qoyub və ticarəti davam etdirmək istəyirlər”, - diplomat vurğulayıb.
Zakari Qross şübhə etmir ki, ikitərəfli əməkdaşlıq hazırda minalardan təmizləmə və itkin düşmüş şəxslərin axtarışı sahələri kimi yeni sahələrdə də davam və inkişaf edəcək: “Fransa da öz tarixinin və İkinci Dünya müharibəsindən sonra Almaniya ilə tarixi barışmasının təcrübəsini Azərbaycanla bölüşə bilər”.
Səfir, bu yaxınlarda Strasburqda azərbaycanlı və erməni gənclər arasında görüşlər təşkil olunduğunu xatırladıb:
“Artıq başlamış növbəti böyük macəra bütün Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Azərbaycan və Ermənistanın başladığı danışıqlar tarixidir. Ermənistanla münasibətlərin normallaşması mümkündür. Bu, bütün region ölkələrinə fayda verəcək, iqtisadi inkişaf və sosial dinamizm mənbəyi olacaq.
Avropa İttifaqı xüsusən də, bir çox sahələrdə yeni əməkdaşlığa imkan verəcək Avropa İttifaqı - Azərbaycan sazişinin bağlanması yolu ilə bu prosesi dəstəkləmək və onu müşayiət etmək arzusundadır. Fransa bunu çox dəstəkləyir”. \\Modern.az