Şirkətin pandemiya ilə mübarizəyə töhfəsi yüksək qiymətləndirilib
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti “Milli KSM Mükafatı 2020”nin qalibi elan olunub.
Şirkətdən Gender.az-a verilən məlumata görə, “Yaxşı səhiyyə və Rifah” nominasiyasında təqdim edilmiş bu mükafat şirkətin xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər planı çərçivəsində görülən işlərə görə təqdim edilib.
“Bakcell” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 mln. manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress-testlərin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza “Bakcell” tərəfindən ödəmə kartları hədiyyə olunub. Şirkət Bakının Binə qəsəbəsində yaşayan 650 aztəminatlı ailə üçün ərzaq yardımı proqramı həyata keçirib.
Bununla yanaşı, pandemiya dövründə abunəçi və əməkdaşlarının təhlükəsizliyini qorumaq, bu sahədə maarifləndirməni həyata keçirmək məqsədilə “Bakcell” uzunmüddətli məlumatlandırma və kommunikasiya proqramları həyata keçirib. Həmçinin, “Bakcell” öz əməkdaşlarına evdən işləmək üçün lazımi şərait yaradıb.
Artıq 3-cü dəfə təşkil edilən “Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik təşəbbüslərinin artmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
“Milli KSM Mükafatı 2020”nin qaliblərini müəyyən edən Komissiyanın tərkibinə Azərbaycanın bir sıra dövlət qurumları və özəl şirkətlərin nümayəndələri daxil olub.
Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülüb.