O bərədən keçmək mənim üçün zülm idi, ona görə də əvvəlcə bu üzdə dayanıb, onu çağırardım.
-“Xədicə nənə, ay Xədicə nənə, şirnini gətirmişəm!”
Özü götürməyə gələndə sevinərdim, amma son zamanlar qulağı eşitmirdi, məcbur qalıb bərəni keçməli olurdum. Xədicə nənəm dədəmgildən xeyli aralıda, yolun o biri üzündəki yuxarı bağçada yaşayırdı. Onun evinə getmək üçün daş yolu üzüyuxarı qalxmaq lazım idi. Kənd camaatı bu yola “Xədicənin bərəsi” deyirdi. Hər dəfə buradan keçəndə çır - çırpı paltarıma keçər, yöndəmsiz çəpərdən uzanan tirişkələr əl - ayağımı cızardı.
Yay yenicə girmişdi. Yenə anam Xədicə qarıya sovqat qoyub, məni onun yanına yollamışdı. Qapı aralıydı, o, canamazın üstündən qalxmadan əli ilə dayanmağımı işarə etdi. Xədicə qarı babamın xalası, kəndin bütün uşaqlarının nənəsi idi. Anamın bərk - bərk tapşırdığı azuqəni qucağımdan yerə qoymadan canamazın arxa uc tərəfində diz çöküb gözləməyə başladım. Başındakı yaşıl butalı örpəyin kənarlarından ağ tükləri çıxmışdı, əllərinin üstündə açıq- qəhvəyi seyrək yayılmış çillər var idi. Onun hara baxdığını sezə bilmirdim, arabir dodaqlarını tərpədir, dərindən nəfəs alıb- verirdi. Hər dəfə onu gözləyəndə divarın küncündəki sandığa gözüm sataşırdı. Birotaqlı daxmada, demək olar ki, bundan başqa əşya yox idi. Bir də pəncərənin qarşısında iki lampa var idi. Birinin şüşəsi rəngli idi, gün düşəndə adamın gözünü qamaşdırırdı, o biri isə sadə və başı sınıq idi. Nənə həmişə sınıq lampanı işlədirdi. Keçən il bircə çarpayısını da mədrəsədəki yetim uşağa bağışlamışdı. İndi döşək salıb yerdə yatırdı. Anam da yarızarafat deyirdi ki, nahaq çarpayını verdin, davdavalar gecə gəlib burnunu yeyəcək. Amma Xədicə qarı özünü eşitməməzliyə vururdu. Həmişə onun ibadətinin bitməyini gözləyəndə sandığın kənarlarındakı qırmızı butaları sayırdım. Beşi sağda, beşi də solda idi. Ortada da sapsarı açılmış qızılgül çəkilmişdi. Ən qıraqlarda isə mavi rombşəkilli füqurlar var idi. Düşünürdüm ki, sandıq satanların işi çox maraqlıdır. Neçə dəfə Xədicə nənədən onun içindəkiləri soruşmuşam. O,- mən ölənə yaxın xəbər edərəm, gəlib baxarsan, - deyərdi. Nənəm başını sağa - sola çevirib çiynindəki mələkləri salamlayanda anlayırdım ki, ibadətin sonudur, qalxıb tez qənşərində dayanardım. O da belini dikəldib canamazı yığa - yığa deyərdi ki, yenə tələsdin, ay bala, mən durmamış sən durma, duam bitməmiş dəllək kimi başımın üstünü kəsdirmə. Allah səbirli olanları sevir, onları çox gözlədir. Cənnətdən pay gözləyənlər gözləməyi bacarmalıdırlar, oğul, - deyərdi.
Mənsə, -ay nənə, qorxuram ki, birdən burada olduğumu unudarsan, - deyib onu qucaqlayardım.
Bu dəfə onun kefi həmişəkindən yaxşı idi. Canamazı sandığın üstünə qoyub dedi:
-Hə, nə yollayıbdı ciyin?
-Bilmirəm, ondan- bundan yığıb. Sən bax, qoy mən də arxa bağçadakı cücələrinə baxım. Hin tərəfə qaçıb cücələri əlimə alıb oynatdım, ördək balalarını həyətdəki balaca yumru hovuza atdım. Xeyli üzməklərinə tamaşa etdim. Qəfil yadıma düşdü ki, anam tapşırıb ki, ləngiməyim, hamam günüdür.
-Xədicə nənə, ay nənə! Mən gedirəm, gələn dəfə nə gətirim? - anam soruşur.
-A bala, dayan yanğından mal qaçırmırsan ki, dayan Mabudumun armudundan qoyacağam, yoxsa küsər. Meyvə yetişib tökülür, ay oğul! - o tələsik üçcə dədiyi olan pilləkəndən enib ağaca sarı getdi.
Kənddə heç kimin həyətində bu armud növündən yox idi. Sanki qonşular da bilərəkdən armud ağacı göyərtmirdilər, onlar Mabudun payını gözləyirdilər.
Xədicə nənə əlində balaca zənbillərlə gəldi. Bala üç paydı. Biri yolun başındakı qırmızı doqqazın, biri Əfəndilərin, o biri də dədəngilin, yaxşımı? Di , get, sağ - salamat!
-Ay nənə, ağırdı axı?!
-Bala, Mabudumun ehsanıdır. Ehsan ağır olmaz.
-Ay nənə, hər dəfə Mabud, Mabud deyirsən, bəs nə vaxt gələcək Almaniyadan?
-Gələcək, a bala, yoxsa sən də elə bilirsən kim, ölüb?! Bax bu armud hər yaz ona görə göyərir. Hamının qara kağızı gəlib, Mabuddan savayı. Bu armud da onun ehsanıdır, özü də sevinər. Di get vaxtında. Mən də Çinarın altındakı ziyarətçilərə yığım balamın ehsanından. Yesinlər oğluma dua desinlər, yol üstdədir, Allah qoysa, bu il gələcək.
Xədicə nənə çubuğunu da alıb arxa bağçada gözdən itdi. Adamlar onun ağlının azışdığını sanırdılar, düz iyirmi il, iyirmi yaz idi ki, oğlunun payının dağıdırdı hər evə, hər dəfə də deyirdi ki, yol üstdədir, bu il toyunu edəcəyəm.
Bir dəfə yenə onlara getdim, bu dəfə satılda nehrə yağı aparırdım. Gəlməyəcəyini bilsəm də, onu bərədən çağırdım, sonra adladım. Bağçadan keçib, evə girdim, canamaz açıq olsa da, özü yox idi. Oturub gözləyəndə yenə gözüm sandığı aldı, ürəyim döyünməyə başladı, onu elə açmaq istəyirdim ki, heç qıfılı da yox idi, yavaşca o sirli qutuya tərəf süründüm, küncündən bir az araladım, əyilib diqqətlə içinə baxdım, qəribə şirin bir qoxu yayıldı ətrafa, bu qoxunu içimə çəkdim. Ən üstdə toxunma körpə corabları və beşikdən asılan cıkcıklar var idi. Cıkcıkın birini əlimə götürdüm, taxtalar bir - birinə dəyib səs çıxartdı. Elə bu vaxt arxamda hıçqırıq səsi eşitdim. Xədicə nənə divara söykənib üzünü yaşıl örpəyinin ucu ilə örtüb ağlayırdı. Qorxudan sandığın qapısını əlimə saldım, ağrını hiss etsəm də, cəld o biri əlimdəkini yerinə qoyub nənəmin üstünə atıldım, onu qucaqlayıb, - bağışla, nənə, bir də eləmərəm, dədəmə deməyərsən, ay nənə! Ağlama, nolar…
-Ay oğul, yaxşı daha. ( nənəm qızlara da oğul deyirdi) Sən o cıkcıkları cınqıldadanda balalarım yadıma düşdü. Torpaqları sanı yaşayasan. Çoxdandır, ağlamırdım, yaxşı oldu, ürəyim boşaldı, qorxma. On bir baladan bircə təsəllim Mabuddur, axı onun ölümünü görməmişəm. Mən onu toyla, çal - çağırla göndərdim əsgərliyə. Andıra qalsın müharibəni də, onu çıxaranları da…
-Nənə, bəs o biri balaların necə öldülər?
-Tif vurdu onları, ay oğul. Bax on bir uşaq tapşırdım torpağa, hamısı da bu otaqda boyunlarını büküb cücə kimi qırıldılar. Mən gözümü qıpıb açınca onlar bir-birinin dalınca yumdular gözlərini. İkisini evdən qaçırmaq istədim, hərəsini bir qucağıma alıb bax o bərəyə qaçdım ki, verəm qardaşımgilə ki, heç olmasa, bu tifillər yoluxmayalar. Ayağımı addamaq istəyəndə gördüm ki, biri sağ qolumda başını qoydu, o birinə baxdım ki, tezcə onu ötürəm, o da sol qolumda başını qoydu. Eləcə iki əlim göydə bərənin dibində diz çökdüm, ondan sonrası yadıma düşmür, ay oğul… indi Allahdan bir narazılığım yoxdur, Mabudumdan ki, qara kağız gəlməyib, şükürlər olsun!
-Bəs niyə həkim çağırmadın?
-Həkim nə gəzirdi, a bala, onda. İndi hər dərdə çara var. O cıkcıkları rəhmətlik baban yonmuşdu. Baban Mabudun Almaniyadan qayıdacağına inanmadı, köçdü dünyadan. Mən köçəmmirəm, ay oğul, bəs birdən gəlsə, mən də olmasam, kim qarşılayacaq balamı?!
Mən köks ötürdüm. Nənəm,- dağa, daşa, a bala! - deyib ayağa qalxdı, sandığı açıb uzun - uzun xəyala daldı, sonra qapağını bağlayıb dedi:
-Di, qalx, gedək, bir işin qulpundan tutammadım bu gün, qalan armudları da yığaq yoldakı taxçaya qoyaq, uşaqlar məktəb yolundan keçəndə götürüb yesinlər. Əvvəlcə o qabı da götür, adam canamazın üstünə hər şeyi qoymaz.
Mən yadımdan çıxmış satılı cəld qaldırıb, pəncərənin artırmasına qoydum, canamazı da sandığın üstünə sərib nənəmin dalınca çölə çıxdım. Ona axşama kimi kömək edib, evə yollandım.
Payız lap tezdən gəlmişdi. Yağış çiskiləyirdi, anam qaça - qaça gəlib qapıdan nəsə dedi, evdəkilər çölə qaçdılar, mən yerimin içindəydim, qonşunun, -anan ölsün, dərdli Xədicə! -qışqırıq səsinə dik atıldım. Qaloşları ayağıma keçirib bərəyə qaçdım, bir göz qırpımında onu aşdım. Nənəm öz yerində can verirdi. Başının üstdən çəkilmirdim. Anam yaxınlaşıb qulağıma dedi ki, çıx çölə, qoy rahat can versin, üzünə baxırsan, ağlayırsan, canını tapşıra bilmir. Bu zaman nənəm dikəldi, onun kürəyindən tutdum ki, yıxılmasın o əvvəlcə mənə, sonra diqqətlə pəncərəyə baxdı. Bu vaxt onun sağ gözünün içində insan şəkli gördüm, gözlərini zillədiyi yerə baxdım, orada heç kəs yox idi. Yenidən qayıdıb nənəmə sarı çönəndə o gözlərini yummuşdu, başı arxaya getmiş, üzündə təbəssüm donub qalmışdı. Onu ehmalca yerinə uzatdım və otaqdan çıxdım. Niyə tələsirdim, heç özüm də bilmirdim. Bağçanın ayağına çatdım, qarşımda bərə... Armud ağacının saralmış yarpaqları üstümə yağırdı. Xədicə nənə kimi oradaca dizlərim büküldü. Çökdüm... sonra üzümü göyə tutub pıçıldadım: “ Mabud, sən idinmi gələn?”
Nurlana İşıq