Xəbər lenti
Reklam
Dövlət işçilərinin maaş və mükafatları ilə bağlı YENİ QAYDA: Hədlər müəyyənləşdi

Dövlət qurumlarında çalışan işçilərin əməkhaqqı ilə yanaşı, büdcədənkənar vəsaitlər hesabına onlara verilən əlavə ödənişlər və mükafatlarla bağlı müəyyən qeyri-müəyyənliklər yaranmışdı. Xüsusilə bu vəsaitlərin hansı məqsədlər üçün istifadə oluna biləcəyi, işçilərin maaşlarına nə qədər əlavə edilə biləcəyi və mükafatların hansı həddə müəyyənləşdirilə biləcəyi məsələləri diqqət mərkəzində idi.

Prezidentin bu gün imzaladığı fərmanla bu məsələlərə aydınlıq gətirilib. Sənədə edilən dəyişikliklərlə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə istifadə olunmasının hüquqi çərçivəsi dəqiqləşdirilib.

Yeni dəyişikliklər dövlət qurumlarında çalışan əməkdaşların vəzifə maaşlarına büdcədənkənar vəsaitlər hesabına əlavələrin edilməsinə, həmçinin mükafat və digər ödənişlərin həyata keçirilməsinə imkan yaradır. Bununla belə, bu ödənişlərin konkret hədləri müəyyənləşdirilib və büdcədənkənar vəsaitlərin hansı məqsədlər üçün istifadə oluna biləcəyi dəqiqləşdirilib.
Yeni qaydalara əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, müəyyən istisnalar nəzərə alınmaqla, həmin təşkilatlarda çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə edilə bilər.

Bu vəsaitlər hesabına işçilərin vəzifə maaşlarına təqvim ayı ərzində aylıq vəzifə maaşının 1 mislinədək əlavə ödənilməsi mümkündür. Yəni işçinin vəzifə maaşı 1000 manatdırsa, büdcədənkənar vəsait hesabına həmin ay üçün maaşına əlavə olaraq 1000 manatadək ödəniş edilə bilər.

Bundan başqa, təqvim ili ərzində işçilərə mükafat və digər ödənişlərin verilməsi də nəzərdə tutulur. Bu məqsədlə ayrılan vəsaitin həcmi illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.
Beləliklə, yeni dəyişikliklərlə büdcədənkənar vəsaitlər hesabına əməkdaşlara edilən əlavə ödənişlərin həm aylıq, həm də illik hədləri müəyyənləşdirilib. Bu isə əvvəlki qeyri-müəyyənliyin aradan qaldırılması və ödənişlərin konkret çərçivəyə salınması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, yeni qayda bütün dövlət büdcəsindən maliyyələşən təşkilatlara şamil edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu müddəanın istisnaları sırasındadır. \\Nocomment.az
Tarix: 07 oktyabr 2026
Baxış: 33

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş