Xəbər lenti
Reklam
Dünyanı təhlükəli iqlim hadisəsi gözləyir - El Nino

Dünyada hava şəraitinə ciddi təsir göstərə biləcək təhlükəli iqlim prosesinə dair yeni xəbərdarlıq edilib. Sakit okeanında güclənən El Nino hadisəsinin rekord səviyyəyə çatacağı bildirilir.
Tropik Sakit okeanında dəniz səthinin temperaturu normadan təxminən 3,4 dərəcə yüksəkdir. Mütəxəssislər bunun son dərəcə güclü El Nino-nun xəbərçisi ola biləcəyini bildirirlər.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son proqnozuna görə, bu payız və qış aylarında çox güclü El Nino yaşanması ehtimalı 90 faizdir. Onun 1950-ci ildən bəri qeydə alınan ən güclü El Nino hadisəsindən belə şiddətli olması ehtimalı isə 75 faiz qiymətləndirilir.
El Nino Sakit okeanının tropik hissəsində dəniz suyunun qeyri-adi dərəcədə isinməsi ilə xarakterizə olunan təbii iqlim prosesidir. Bu dəyişiklik dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə ciddi təsir göstərir.
Mütəxəssislər güclü El Nino nəticəsində bəzi ölkələrdə quraqlığın, digər ərazilərdə isə güclü yağışların və daşqınların artacağını bildirirlər. Bu iqlim prosesinin kənd təsərrüfatına da ciddi təsir göstərəcəyi, ərzaq tədarükündə problemlər yaradaraq düyü, qəhvə və kakao kimi məhsulların qiymətini yüksəldə biləcəyi qeyd olunur.
Bundan başqa, El Nino qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola bilər. Alimlər xüsusilə 2027-ci ildə yüksək temperatur rekordlarının yenilənəcəyini istisna etmirlər.
BMT-nin Uşaq Fondu (UNICEF) isə güclü El Nino-nun 347 milyondan çox uşağın yaşadığı ərazilərdə quraqlıq, sel, su qıtlığı, xəstəlik və qida çatışmazlığı riskini artıracağı barədə xəbərdarlıq edib.
Alimlərin fikrincə, artıq isinmiş planetdə belə güclü El Nino-nun meydana gəlməsi ekstremal hava şəraitinin nəticələrini daha da ağırlaşdıra bilər. \\Medicina.az

Tarix: 07 oktyabr 2026
Baxış: 40

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş