Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Polejeniyaya” baxan “vor-zakon” məktəbli qızlar...

Bakının 156 saylı məktəbinin XI sinif şagirdinin törətdiyi əməl günlərdir ölkə gündəmindən düşmür. 
Bənzər hadisə ötən gün Suraxanı rayonunda da baş verdi, belə ki, 97 saylı məktəbin 10-cu sinif şagirdi olan qızın sevgilisinin bacılarını “söhbətə” çağırması da səs-küysüz ötüşmədi və məsələ polis bölməsinə qədər uzandı. 
Bəs görəsən, son dövrlər məktəbli qızların özlərini "qanuni oğru" kimi aparmasının, başqalarını cəzalandırmağa çalışmasının səbəbi nədir? Bunun altında hansı psixoloji səbəblər yatır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, yeniyetməlik dövründə uşaqlar özlərinə müəyyən obraz seçir və onun kimi davranmağa çalışırlar:
“Mən hər zaman müsahibələrimdə vurğulayıram ki, yeniyetmələrlə bağlı məsələdə bir az ehtiyatlı olmaq lazımdır. Bu gün seriallarda, filmlərdə “qanuni oğru”lar, “öz qanunları ilə yaşayan” insanlar təbliğ olunur və onlar qəhrəman kimi göstərilir. Yeniyetməlik elə bir yaş dövrüdür ki, bu dövrdə insanlar özlərini oxşatmaq istədikləri adamları seçirlər. O dövrdə cəmiyyətdə hörmətli sayılan şəxs, güc strukturu kimdirsə, uşaqlar da ona meyllənirlər. 
Əgər ailədə psixoloji alyans qorunmayıbsa, ata-ana avtoritet deyilsə, valideyn nümunə sayılmırsa, uşaq onları özünə nümunə hesab etmirsə və ona qayğı, sevgi, diqqət düzgün istiqamətdə verilmirsə, təməlində düzgün tərbiyə yoxdursa, təbii ki, yeniyetmədə kənara meyllilik olacaq. 
Bu zaman uşaq filmlərdən, seriallardan özünə obraz seçir. Çünki əzilmişlik sindromundan əziyyət çəkən uşaq istər-istəməz gücə və hər kəsin əyildiyi avtoritetə meyllənəcək, onun kimi olmaq istəyəcək, həmin obrazı öz həyatında oynamağa çalışacaq. Beləliklə istər qız, istərsə də oğlanda yeniyetməlik dövründə bu kimi problemlər yaşanır. Hansı ki, onlar travmalı uşaqlardır, ailədə özlərini təsdiq edə bilməyiblər, obraz kimi alqışlanmayıblar. Belə yeniyetmələr ictimai cəmiyyətdə “qəhrəman” obrazında özlərini göstərir və alqışlanmaq istəyirlər”. 
Psixoloq qeyd edib ki, əgər cəmiyyət olaraq bu durumun qarşısının alınması üçün addımlar atmasaq, vəziyyət daha da faciəvi olacaq:
“Əgər biz cəmiyyət, ailə olaraq özümüzə çəki-düzən verməsək, təəssüf ki, belə hallar artacaq. Bu gün məktəblərdə müəllimlərin avtoriteti aşağı düşüb, onu nüfuzdan salıblar. Artıq müəllim hörmətdən düşdüyünə görə, sinifdə onun sözü də keçmir, şagirdlər müəllimdən çəkinmirlər. Ona görə də cəmiyyət belə uçuruma gedir. Bu cür halların bir daha təkrarlanmayacağına zəmanət yoxdur, əgər məktəb, valideyn və uşaq bir yerdə çalışmasa, belə neqativ hadisələr artacaq və daha faciəvi halda baş verəcək”. 

Əsmətxanım RZAZADƏ 

Tarix: 24 fevral 2024
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş