Xəbər lenti
Reklam
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? - AÇIQLAMA

Yanğın hadisələrindən heç kəs sığortalanmayıb. Lakin son dövrlərdə sexlərdə, tibb müəssisələrində və bir sıra digər anbar tipli obyektlərdə qeydə alınan yanğınların sayı artıb. Bu yanğınlar nə üçün baş verir? Axı yanğın təhlükəsizlik qaydalarına riayət etməklə bunun qarşısını almaq mümkündür. Niyə ölkədə obyektlərin yanğın təhlükəsizlik norma və standartlarına uyğun təchizatında əskikliklər var? Yanğın zamanı həyəcan siqnalları, digər zəruri qabaqlayıcı tədbirlər nə üçün işə düşmür?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, obyektdə yanğın təhlükəsizliyinə dair olan tələblərə ciddi riayət edilməsi vacibdir“Qanunla təsbit edilən norma və standartlar var. Obyektlər yanğın dolabları, yanğın hidrantları, su çəni və zəruri yanğından mühafizə vasitələri ilə təchiz edilməlidirlər. Bu təchizatın görüntü xətrinə quraşdırılması yox, təchizatın daim işlək və saz vəziyyətdə olmasına nəzarət etmək önəmlidir. Hər bir obyektin rəhbərliyi buna ciddi nəzarət etməlidir və buna görə məsuliyyət daşıyırlar. Yanğın təhlükəsinə dair olan norma və qaydalar var. İşçilərə mütəmadi olaraq yanğın təhlükəsinə dair olan bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilməlidir. İşçilərin sayı 15 nəfərdən artıq olduqda könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Bu dəstələrin qabaqlayıcı tədbirlər barədə bilikləri olmalıdır. Ümumiyyətlə, müəssisələrdə yanğın keçidləri olmalıdır və keçid yerlərinə stul, çarpayı və yaxud da hansısa bir əşya qoyulması qadağandır. Keçidlər, dəhlizlər daim boş olmalıdır. Heç nə ilə tutulmamalıdır.
Eləcə də digər obyektlərdə də bu rejimlərə ciddi riayət edilməlidir. Hətta orada elektrik təsərrüfatı, ümumiyyətlə yanğınların müxtəlif növləri olduğu nəzərə alınaraq bütün zəruri qabaqlayıcı tədbirlər gözlənilməlidir. Elektrik naqilləri nisbətən daha təhlükəlidir. Müəssisələrdə elektrin naqilləri keçən hissələr, elektrik cihazlarının işlədiyi otaqlar nəzarətdə saxlanılmaldır. Yanğının baş verməsi üçün yanar maddə, oksigen və istilik kifayətdir. Odur ki, bu üç element eyni anda bir yerdə saxlanılırsa diqqətli olmaq vacibdir. Ümumi miqdarı üç kiloqramdan artıq olmamaq şərti ilə tez alışan və yanar mayeləri - benzin, spirt, aseton, benzol, və sairə kimi tez alışma riski yüksək olan maddələr xüsusi metal yeşikdə saxlanılmalıdırlar. Digər təyinatlı binalar, obyektlər də xüsusi yanğın təhlükəsizlik qaydalarına riayət edilməklə istifadə edilməlidir. Bütün bu tələblərin özünün hər birinin əhəmiyyəti var. Bu məqamlara diqqətsiz yanaşma olduğu halda yanğın təhlükəsi riski hər daim olacaqdır. Ən xırda diqqətsizlik belə ağır fəsadlara səbəb ola bilər. Odur ki, müəyyən qədər qaydaları pozmamağa diqqət edilməlidir. Ona görə bütün müəssisələrdə mütləq yanğın təhlükəsizliyi standartına uyğun zəruri tədbirlər görülməlidir. Yalnız norma və standartlara riayət edildiyi təqdirdə bu kimi yanğın hadisələrinin baş verməsindən nisbətən də olsa qorunmaq mümkündür”.
Tarix: 15 yanvar 2024
Baxış: 93

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş