Bakının Baş Planında 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması üçün "Ağ şəhər" və "Port Baku" ərazisinin xidmətə çıxışının təmin edilməsi planlaşdırılır. 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 kmə, stansiyaların sayının isə 27-dən 46ya çatdırılması nəzərdə tutulur. Belə çıxır ki, 16 il ərzində 19 metrostansiya hazırlanıb təhvil verilməlidir. Metropolitenin təcrübəsinə nəzər salsaq, ən tez hazırlanıb istifadəyə verilən stansiya üçün 3-4 il vaxt lazım olub.
Mövzu ilə bağlı Bakupost.Az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, əgər qarşıya məqsəd qoyulsa, bir ilə iki stansiya təhvil verilə bilər:
“Kimsə bu işdə maraq güdsə ki, iş uzansın, mən də pul qazanım, o zaman iş uzanacaq. Ona görə də əvəllər 1 stansiyanı 10 ilə tikirdilər ki, hamı qazanırdı. Məsələn, 8 noyabr stansiyasına görə Ceyhun Səlimov küçəsi 8 il bağlı qalıb. Bir küçə metroya görə 8 il bağlı qala bilərmi? Bu işi 8 ilə yox, 2 ilə də görmək mümkündür axı. Yəni, belə özbaşınalıqlar olmamalıdır, işlər planlı şəkildə getməlidir. Mütəxəssislər cəlb olunmalı, planlı şəkildə işə başlanılmalı və qarşıya hədəf qoyulmalıdır ki, ildə bir stansiya təhvil veriləcək. Onda deyilən müddətə bu işi başa çatdırmaq olar”.
Ekspertin fikrincə, prosesi sürətləndirmək üçün yerüstü metrostansiyalar da tikilə bilər:
“Xəritədə göstərilən bir çox ərazilər neft əraziləridir, yəni haranı qazırsansa, çirkli sular, neft tullantıları və s. çıxır. Ona görə də bir çox ərazilərdə yerüstü metrostansiyalara üstünlük verilsə, yaxşı olar. Qazıntı işi aparmaq, yerin altında qurunt sularının qarşısını almaq, bərkitmə işləri böyük xərc tələb edir. Ondansa konkret bir istiqamətdə evləri plana salmaq, obyektləri sökmək daha əlverişlidir".
Sevinc
BakuPost