“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərovanın (Əsgərqızının) “ekstrasens”liklə qadın xəstəlikləri, qaraciyər və öd kisəsi müalicəsi apardığını iddia edən, falçılıq xidmətləri təklif edən parapsixologiya təşkilatının saxta psixoloq sertifikatı əsasında müxtəlif QHT layihələri çərçivəsində şəhid ailələrinə özünü psixoloq-ekspert kimi təqdim etməsinə dair məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sorğu ilə müraciət etdik. Agentlikdən faktı təsdiq etdilər və bildirdilər ki, bir neçə QHT tərəfindən Agentliyə təqdim olunan hesabatlarda layihələrin psixoloq-eksperti qismində “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri M.Cəfərovanın adının və bu “status”la şəhid ailələri ilə söhbətinin videosunun təqdim edildiyi aşkarlanıb, bu səbəbdən həmin QHT-lərin təqdim etdiyi hesabatlar üzrə müvafiq xərclərin təyinatı üzrə xərclənmədiyi müəyyən olunub və maliyyə hesabatı qəbul edilməyib.
Bundan başqa, Agentlik tərəfindən hesabatların yoxlanması zamanı aşkar edilib ki, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərovanın icra etdiyi layihənin hesabat sənədlərində rəssamlar kimi təqdim edilən şəxslərdən bir hissəsi rəssam deyil, bəziləri layihədən ümumiyyətlə, xəbərsizdir. Bu layihəyə görə, M.Cəfərova 8000 manat qrant alıb. Bununla belə, layihədə şəkil və videolarda iştirakçıların büdcə üzrə göstərilən saydan aşağı olması müəyyən edilib. Bu səbəbdən Agentlik tərəfindən saxta sənədlər qəbul edilməyib və geri qaytarılıb.
Agentliyə bir sıra QHT-lərdən Mətanət Cəfərova barəsində şikayətlər də daxil olub. Onlar M.Cəfərovanın QHT rəhbəri olduğu müxtəlif layihələrə ekspert kimi cəlb edildiklərini, lakin vəd edilməsinə baxmayaraq, heç bir xidmət haqqı almadıqlarını iddia ediblər.
Qeyd edək ki, Mətanət Cəfərova 2021-ci il üzrə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsi üzrə 10000 manat, 2022-ci il üzrə “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin təşkili, TV -nin və veb-saytın yaradılması” layihəsi üzrə 9500 manat, 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” - yeniyetmə,gənclərin gözü ilə rəsmlərdə” mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili” layihəsi üzrə 8000 manat məbləğində qrantlar alıb.
QHT-lərə Dövlət Dəstəyi Şurası dövründə aldığı qrantlar isə bunlardır:
- 2015-ci il üzrə “Vətənpərvərliyin təbliği mövzusunda ictimai tədbirlərin təşkili” layihəsi üzrə 7000 manat;
- 2016-cı il üzrə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi üzrə 12000 manat;
- 2017-ci il üzrə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi üzrə 7000 manat;
- 2018-ci il üzrə “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” layihəsi üzrə 7000 manat;
- 2019-cu il üzrə “Şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirinin keçirilməsi və şəhid övladlarının asudə vaxtının təşkili” layihəsi üzrə 9500 manat;
- 2020-ci il üzrə “Əhalinin həssas qruplarına psixoloji dəstək üçün səyahətlərin təşkili” layihəsi üzrə 6000 manat.
Redaksiya tərəfindən apardığımız araşdırmalar üzə çıxarıb ki, Mətanət Əsgərqızı qızının da adına QHT açıb. M.Cəfərovanın qızı Şəbnəm Dadaşova eyni zamanda müxtəlif QHT-lərdə mühasib olaraq xidmət göstərir. Ş.Dadaşovanın "Qadın və Cəmiyyət" Vətəndaş Maarifçiliyi İctimai Birliyinin Agentlikdən aldığı qrantlar isə belədir:
- 2021-ci il üzrə “Vətən müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli
yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərlməsi” layihəsi üzrə 8100 manat;
- 2022-ci il üzrə “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi - gəzintilərin təşkili” layihəsi üzrə 10000 manat.
QHT-lərə Dövlət Dəstəyi Şurası dövründə isə bu QHT 2020-ci il üzrə “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi üzrə 6000 manat vəsait alıb.
Qeyd olunan layihələr üzrə hansı işlərin görülməsindən ictimaiyyət məlumatsızdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bu layihələrin hesabat və maliyyə sənədlərini istəsək də, təqdim edilmədi, Agentlik bildirdi ki, bununla bağlı Agentliyə yazılı qaydada rəsmi müraciət olunmalıdır. Növbəti araşdırmalarımızda bu qaranlıq layihələrə də işıq tutmağa çalışacağıq.
Əldə etdiyimiz məlumatlar göstərir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son aylar ərzində maliyyə sənədlərini olduqca ciddi yoxlayır, QHT-lərdən daxil olan xeyli maliyyə sənədləri geri qaytarılıb, dövlət büdcəsi vəsaitlərini təyinatı üzrə xərcləməyən QHT-lərin heç birinə güzəşt edilmir. Bu isə illərlə müftəxorluğa öyrənmiş QHT-lər üçün “görünməmiş hadisə”dir. “Reket QHT”lər bu səbəbdən Agentlik əleyhinə qarayaxma kampaniyası aparsa da, prosesə mane ola bilmirlər.
Redaksiyamıza daxil olan məlumatlara görə, Mətanət Əsgərqızı şəhid ailələrindən adından sui-istifadə edərək müxtəlif qurumlardan və şəxslərdən qanunsuz vəsaitlər əldə etməyə davam edir. Bu vəsaitlərlə heç bir yerdə işləməyən M.Əsgərqızı bu yaxınlarda özünə dəbdəbəli ofis tikdirib, müxtəlif dövlət qurumlarına isə 100-ə yaxın məktublar ünvanlayaraq ofisin içərisinin doldurulması üçün avadanlıqlar, maddi vəsait istəyib. \\Manset.az