Xəbər lenti
Reklam
"Kompüter qrafikasını real hadisə kimi təqdim edənin özünün psixoloji problemi var"

Son günlər sosial şəbəkələrdə yayımlanan bir video insanların marağına səbəb olub. Bakı bulvarında “Prius” markalı avtomobilin dənizə düşməsini əks etdirən həmin videonu bəzi insanlar real qəbul edib və əksəriyyəti də psixoloji sarsıntı keçirib. Hələ bu azmış kimi, bəzi xəbər portalları da bunu ictimailəşdirməklə cəmiyyətdə narahatlıq yaradıb. Həmin videonun kompüter qrafikası olduğunu bilən bəzi KİV nümayəndələrinin bu addımı manipulyativ xarakter daşıyır və insanların psixoloji durumuna mənfi təsir göstərir.
Məsələ ilə bağlı Konkret.Az-ın suallarını cavablandıran psixoloq Gülnar Orucova bildirib ki, insanların bu cür animasiyalara dərhal inanması “Prius”ların yaratdığı mənfi imiclə bağlıdır: “Son vaxtlar bu markadan olan avtomobillərin qəza törətməsi hər kəsdə mənfi assosiasiya yaradıb. İnsanlar “Prius”un iştirakıyla törədilən qəzalardan bir növ təngə gəliblər. Bu görüntünü görəndə də bunu reallıq kimi qəbul ediblər. Elə insanlar var ki, onlar panikordur. Yəni tez panikaya düşürlər. Onlara da bu görüntülər çox pis təsir edə, sağlamlıqları ilə bağlı problem yarana bilər”.
Həmin videoda niyə məhz “Prius”un seçilməsinə toxunan psixoloq bildirib ki, indi taksi fəaliyyəti ilə məşğul olan bu avtomobilləri, əsasən, gənclər idarə edir və qəza hallarına da onlar yol verir: “Taksi fəaliyyətinə yaradığına görə “Prius”lara tələbat daha çoxdur. Məlum məsələdir ki, taksi sürücüləri gedişi tez başa çatdırıb, daha çox pul qazanmaq istəyir. Şirkətlərin bəzi qanunları da var. Bu səbəbdən “Prius”ların daha çox çalışması sürücülərin həm də yorğunluğuna səbəb olur. İnsanların narahatlığı da bununla bağlıdır. İnsan gün ərzində hara baxır, qəza görür. Televiziyaların gündəlik xəbərlərinin əsasını avtomobil qəzaları təşkil edir. Bu səbəbdən Azərbaycan tamaşaçısı avtomobil qəzalarının baş verməsinə həssas yanaşır. Hələ bura adı hər gün qəzada hallanan “Prius”u da əlavə edəndə daha inandırıcı görünür”.
O ki qaldı bəzi xəbər saytlarının bu hadisədən oxucu kütləsi toplaması cəhdinə, psixoloq bunu peşəkarlığa sığmayan hal adlandırıb: “Əgər peşəkar jurnalist bir hadisənin kompüter qrafikası olduğunu bilib, onu real hadisə kimi təqdim edirsə, onun özünün psixoloji problemi var”.

Vəli Həsənov

Tarix: 13 noyabr 2023
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş