Deputatdan tıxaclarla bağlı maraqlı çıxış yolu: marşrutlar tərs istiqamətə...
Paytaxtın küçə və prospektlərinin ən böyük problemi tıxacdır. Adətən yay aylarında tətil və məzuniyyət günləri olur deyə, insanlar rayonlara və istirahətə gedir və buna görə də həmin müddətdə Bakının küçə və prospektlərində nəqliyyatın axınında səngimələr müşahidə olunur. Amma tətil və məzuniyyət bitəndən, eləcə də yeni tədris ili başlayandan sonra artıq yollar pik və adi saatlarda tıxaclara çevrilir. Tıxaclar isə insanların işə, evə və ya mənzil başına gec çatmasına, eləcə də böyük vaxt itkisi ilə üzləşməsinə səbəb olur. Tıxac probleminin həlli üçün mütəmadi olaraq tədbirlər görülsə də, o qədər də effekt verməyib.
Bəs görəsən, tıxac probleminin qarşısını necə almaq olar?
Gender.Az xəbər verir ki, Milli Məclisin deputatı Müşviq Cəfərov İqtisadiyyat.az-a açıqlamasında aidiyyəti qurumları tıxacların aradan qaldırılmasında tədbirlər görməyə çağırıb. Son illər tıxaclara görə Bakıda hərəkətin çətinləşdiyini təəssüflə söyləyən deputat hesab edir ki, bu sahədə tədbirlər görülməsə şəhər iflic hala düşəcək. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün alternativ tədbirlər görülməlidir:
"Bu gün əsas məqsəd ictimai nəqliyyatın fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Həmçinin, yeraltı nəqliyyatda artıq insanlar Bakıda metroya daxil ola bilmir. Mən deyərdim ki, bunun digər səbəbi də paytaxtdan kənar yerlərdə əmək məhsuldarlığının aşağı olmasıdır. Hər kəs təhsil və iş üçün Bakıya üz tutur. Halbuki başqa şəhərlərdə də əhalinin məşğuliyyətinin qayğısına qalınsa, əməli addımlar atılsa, zənnimcə, bu sahədə vətəndaşlar da Bakıya axın etməz. Mən düşünürəm ki, böyük şəhərə olan insan axınının qarşısını almaq qeyri-mümkün olsa da, bunu nisbətən azaltmaq olar. Həmçinin, bir halda ki bunun qarşısı alına bilmir və nəqliyyat da hərəkətsizləşib, bunun üçün iş saatlarında da müəyyən dəyişikliklər etmək olar. Bütün kateqoriya eyni vaxtda iş üçün yola çıxır, lakin yenə də işə gecikmələr, iş ləngimələri olur. Fəaliyyyəti tez başlaması zəruri olmayan qurum və obyektlər nəzərə alınaraq müəyyən bir ardıcıllıq təşkil etmək olar. Digər həll üsulu su nəqliyyatının qurulmasıdır. Bakı da buna kifayət qədər əlverişlidir. Habelə biz Cənubi Koreya təcrübəsini də tətbiq edə bilərik. Orada marşrutlar digər nəqliyyat növlərinə tərs istiqamətdə hərəkət edir və ictimai nəqliyyatın fəaliyyəti zərgər dəqiqliyi ilə qurulub. Əgər əməli tədbirlər görülməsə Bakıda nəqliyyat tamamilə iflic vəziyyətə düşəcək".
"Tıxaclara qarşı skuterlər və velosipeddən çox istifadə olunmalıdır"
Nəqliyyat eksperti İlqar Hüseynli isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu gün tıxaclar insanların sistematik həyat tərzinə çevrilib. Ekspert tıxacların artmasına səbəb kimi hər il Bakı şəhərinə daxil olan avtomobillərin sayı artmasını göstərir:
"Demək olar ki, artıq avtomobillərin sayında katastrofik vəziyyət yaranıb. Köhnə avtomobillərin utilizasiyası istisna olmaqla, nəqliyyat vasitələrinin azalmasında hansısa dinamika müşahidə olunmur. Hətta hansısa şirkət avtobus parkını yenilədikdə köhnə avtobus digər ərazilərə təyinat üçün göndərilir. Artıq Bakının nəqliyyat tutumu imkansızlaşıb. Paytaxtda yenidənqurma və tikinti işlərinin normativ əsaslarının qorunmaması da tıxac yaradan amillərəndir. Bakı şəhərinin şəhərsalması, tikinti və arxitekturası elə vəziyyətə salınıb ki, şəhərin daxili imkanları hesabına prospektləri genişləndirmək olmur. Sıx-sıx inşa edilən binalar parkinqlərin yerləşdirilməsi və işıqlandırma sistemi üçün böyük zolaqların qurulması istiqamətində prospektin imkanlarına mane olur".
Tıxac probleminin qarşısının alınmasına gəlincə, ekspert maraqlı təklif irəli sürüb. Onun sözlərinə görə, skuterlər və velosipeddən çox istifadə olunması məqsədəuyğundur: "Bu, həm də ekoloji cəhətdən faydalıdır. Bundan başqa, tramvaydan istifadə olunması şəxsi avtomobillərə marağı azaldacaq. Gələcəkdə universitetlərin işğaldan azad olunmuş ərazilərə, Ağdama, Xankəndiyə köçürülməsi kimi layihələr var. Eyni zamanda paytaxtın dəyişdirilməsi, nazirliklərin şəhər kənarında yerləşdirilməsi nəzərdə tutulur. Bu addımlar atılması tıxac probleminin qarşısını almaq olar"