Son dövrlər bazarda ətin qiyməti digər məhsullarla müqayisədə kəskin artıb. Koronavirus pandemiyası dövründə hər şeyin qiyməti qalxdı, lakin ət ən bahalı məhsullardan birinə çevrildi. İki-üç il əvvəl şəhər bazarlarında dana ətinin kiloqramı orta hesabla 10-11 manata, quzu əti 12-13 manata təklif olunurdu. İndiki qiymətlər isə müvafiq olaraq 16-17 və 17-18 manatdır. Bir az da keçsə, biz qiymətin əvvəlki ilə müqayisədə ikiqat artması haqqında danışa bilərik. Bəs görəsən ət və ət məhsullarında özünü göstərən bu qiymət artımının səbəbləri nədir? Mövzu ilə bağlı Referans.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bunun bir-sıra səbəblərindən bəhs edib.
“Qəbul olunmuş beynəlxalq normaya əsasən, adambaşına il ərzində 78 kiloqram ət düşür. Bu normaya mal, qoyun, toyuq və digər istifadə edilən bir sıra heyvanların əti daxildir. Hansı ölkədə adambaşına düşən normaya uyğun ət istehsal edilirsə, həmin ölkələrdə ət qiymətləri ilə bağlı problem olmur. Nümunə üçün qeyd edim ki, dünyanın ən bahalı şəhərlərindən biri olan Rusiyanın paytaxtı Moskva şəhərində təzə sümüklü mal ətinin kiloqramı bizim pulla 8 manatdır. Azərbaycanda isə 2 dəfə bahadır. Problem ondadır ki, Azərbaycan yetərincə ət istehsal edə bilmir. Ölkəmiz il ərzində adambaşına 35-36 kiloqram ət istehsal edir və bu göstərici beynəlxalq normadan 2 dəfədən çox aşağıdır. Belə olduqda defisit yaranır və xarici ölkələrdən ət idxal etməyə başlanılır. Bu ilin 9 ayı ərzində ət istehsalı ilə bağlı statistikaya baxsaq, istehsalda 3 faiz artım qeyd olunub. Əslində isə, bu 9 ay ərzində ölkəyə gətirilən diri heyvanlar dəyər ifadəsində 79.7 faiz artıb. Yəni daxili istehsal azalıb və ölkəyə gətirilən diri heyvanların hesabına daxili istehsalda süni artım göstərilib. Apardığım şəxsi hesablamaya görə, ət istehsalı 7.6 faiz azalıb. İstehsalın azalması isə ölkədəki ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Alıcılıq qabiliyyəti aşağı olduğu halda ətin qiyməti artır, çünki təklif yetərincə deyil. Dövlət statistika komitəsinin məlumatına əsasən, ölkədə toyuq ətinin istehsalında azalma müşahidə olunur. Onsuz da ət istehsalımız azdır, digər tərəfdən də ucuz ət istehsalımız azalır. Reallıq budur ki, biz yetərincə ət istehsal edə bilmirik”.
Vahid Məhərrəmov ət istehsalının az olmasının başlıca səbəbinin örüş yerlərinin zəif olması ilə bağlı olduğunu vurğulayıb.
“Ətin istehsalının az olması ölkəmizdə yem bazasının zəif olması ilə bağlıdır. Örüş sahələri get-gedə azalır və məhsudarlıq aşağı düşür. Biz bununla bağlı yetərincə xəbərdarlıq etmişdik. Lakin təəssüf ki, bunlara əməl edilmir. Yem bazasının aşağı olması məhsuldarlığı aşağı salır. Azəbaycan 2 milyon 500 min ton qüvvəli yem istehsal etməli olduğu halda, cəmi 200 min ton yem istehsal edir. Bu lazımi normadan 10 dəfəyə qədər daha azdır. Ölkəmizdə heyvandarlığa ümumiyyətlə ciddi diqqət yetirilmir”.
Nazim Hacıyev