Bakıda may ayında ilanların aktivləşdiyi bildirilir. Bu ilanların bir qisminin zəhərli olması sakinlər arasında narahatlıq yaradıb.
İlanlarla qarşılaşanlar hansı tədbirləri görməlidir? Ümumiyyətlə, ilanla qarşılaşmamaq üçün nə etmək olar?
Gender.az xəbər verir ki, Globalinfo.az-a danışan ARETN Canlı sistemlərin tədqiqi PHŞ dosenti, b.ü.f.d. Səbinə Bünyatova ilanların soyuqqanlı heyvanlar olduğunu, aktivliyi birbaşa ətraf mühitin temperaturundan asılı olduğunu bildirib.
“Bu səbəbdən havalar isinən kimi onlar aktivləşməyə başlayır, qış sığınacaqlarından çıxaraq yer səthinə qalxırlar. Bu il havaların istiləşməsi bir qədər gecikdiyi üçün ilanların aktivləşməsi də gec baş verdi. Adətən mart-aprel aylarında müşahidə olunan proses bu il may ayına təsadüf etdi. Qış dövründə passiv olduqları üçün onlar enerji ehtiyatlarını bərpa etmək məqsədilə aktiv şəkildə qidalanmağa başlayırlar”.
S.Bünyatova qeyd edib ki, havalar istiləşdikdən sonra ilanların əksər növləri aktivləşir:
“Əgər söhbət Abşeron yarımadasından gedirsə, burada Azərbaycanda yayılmış bir çox ilan növlərinə rast gəlinir. Onların arasında zəhərli gürzə də var. Son illərdə tikintilərin artması ilə insanlar təbii ərazilərə daha çox müdaxilə edir və yaşayış massivləri genişlənir. Bu isə ilanların təbii yaşayış mühitinə daxil olunmasına səbəb olur. Buna baxmayaraq, ilanlar hələ də həmin ərazilərdə qalmaqda davam edir”.
Ekspert bildirib ki, ilanla qarşılaşan şəxslər mütəxəssislərə müraciət etməlidir:
“Ən doğru yanaşma mütəxəssisin çağırılmasıdır. O, gəlib ilanı tutaraq ərazidən uzaqlaşdırmalı və təbii mühitə buraxmalıdır. Əgər ilan evdə və ya həyətyanı sahədədirsə, bu xüsusilə vacibdir. Açıq ərazilərdə isə ilanlar qida axtarışı zamanı müəyyən məsafələr qət etdikləri üçün müxtəlif yerlərdə görünə bilərlər və gün ərzində aktiv olurlar. Dərmanlama üsulları isə müvəqqəti effekt verir. Külək və ya yağış nəticəsində bu vasitələr tez təsirini itirir və ilanları daimi olaraq uzaqlaşdıra bilmir. Əgər ilan gəmiricilərlə qidalanan növdürsə (məsələn, gürzə və ya təlxə), həmin ərazidə gəmiricilərin sayını azaltmaq vacibdir. Belə olduqda ilanlar qida axtarmaq üçün həmin əraziyə gəlməz. Bu, ən əsas profilaktik tədbirlərdən biridir”.