Xəbər lenti
Reklam
Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? – AÇIQLAMA

Son illərdə ölkə təhsilində müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə həyata keçirilən sertifikasiya prosesi geniş müzakirə olunan əsas mövzulardan biridir. Orta məktəblərdə uğurla tətbiq edilən bu mexanizm pedaqoji kadrların potensialının üzə çıxarılmasında mühüm rol oynayır. Lakin son zamanlar cəmiyyətdə və ekspert dairələrində ali təhsil müəssisələrində çalışan müəllimlər üçün də oxşar vahid sertifikasiya sisteminin yaradılmasına ehtiyac olub-olmaması sualı gündəmə gətirilib.
Məlumdur ki, universitet müəllimləri mütəmadi olaraq elmi işlər, məqalələr və yaradıcılıq fəaliyyətləri üzrə ətraflı hesabatlar təqdim edirlər. Bununla belə, ali təhsil ocaqlarında pedaqoji heyətin də müəyyən dövrlərdə xüsusi qiymətləndirilməsinin vacibliyini müdafiə edən mütəxəssislər mövcuddur.
Digər tərəfdən, belə bir mexanizmin ali təhsilin keyfiyyətinə və müəllimlərin məsuliyyətinə necə təsir edəcəyi barədə ziddiyyətli fikirlər səsləndirilməkdədir. 
Məzahir Məmmədli: "Ali təhsil müəssisələrində müəllimlər üçün sertifikasiyaya ehtiyac yoxdur"
Məsələ ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu mövzu bir neçə ay əvvəl də gündəmə gəlib və sosial şəbəkələrdə geniş müzakirə olunub. Müzakirələr zamanı bəzi ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ictimaiyyət tərəfindən müəyyən narazılıqlar ifadə olunmuşdu.


Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulundan keçərək sertifikasiya alması başadüşüləndir, çünki orta məktəblərdə onların potensialını və bacarıqlarını ölçən başqa bir mexanizm yoxdur və onlar ancaq imtahan qaydasında yoxlanıla bilər. Lakin ali təhsil müəssisələrinin müəllimlərinin vəziyyəti tam fərqlidir:
“Universitet müəllimləri vaxtaşırı olaraq elmi işlər, məqalələr və yaradıcı işlərlə bağlı hesabatlar təqdim edirlər. Onlar hər gün kitabxanalarda çalışır, elmi-tədqiqat işləri aparır və daim axtarışdadırlar.
Universitet müəllimlərini də məcburi şəkildə imtahana hazırlamaq və sertifikasiyaya cəlb etmək elm adamlarına qarşı bir qədər hörmətsizlik olar”.
Məzahir Məmmədli vurğulayıb ki, ali təhsil müəssisələrindən məzun olan kadrların özləri sertifikasiya prosesindən keçdiyi halda, həmin mütəxəssisləri yetişdirən universitet müəllimlərini ayrıca imtahana cəlb etmək etik baxımdan da doğru sayılmır. Əlbəttə, hər hansı vasitələrlə universitetdə işə düzələn şəxslərin də olduğunu istisna etməyən ekspert hesab edir ki, onlar zamanla onsuz da sistemdən kənarlaşacaqlar.
Ekspertin sözlərinə görə, bu günün universitet tələbəsi 20 il əvvəlki tələbələrdən tamamilə fərqlidir. Müasir tələbələr auditoriyada yalnız müəllimin dedikləri ilə kifayətlənmir, əlavə vasitələr və mənbələrdən istifadə edərək fənni mənimsəyir, hətta müəllimlərin bəzi fikirlərinə iradlar da bildirə bilirlər. Bu isə hər bir müəllimi, professoru daim mütaliədə olmağa və öz üzərində işləməyə məcbur edir.
Məzahir Məmmədli əlavə edib ki, bu gün Azərbaycanın bir sıra universitetləri dünya universitetlərinin ilk minlik sıralamasında yer alması ilə də diqqət çəkir ki, bu da ali təhsil müəssisələrinin işinə məsuliyyətlə yanaşmasının nəticəsidir. 
Bəzi təhsil ekspertlərinin universitet müəllimləri üçün də ciddi ehtiyacların olduğunu və sertifikasiyanın vacibliyini bildirdiklərini xatırladan ekspert, şəxsi mövqeyinin bu mexanizmin ali təhsilin keyfiyyətinə və müəllimlərin məsuliyyətinə əlavə bir fayda verməyəcəyi istiqamətində olduğunu vurğulayıb.

Çimnaz Telmanqızı

Tarix: 07 oktyabr 2026
Baxış: 33

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş