“Əgər vətəndaşlarımızı razı salacaq əmək haqqı təklif olunarsa, o zaman sosial yardım almaqda maraqlı olmazlar”.
Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Sosial yardım almaq üçün müraciət edənlərin arasında elə insanlar var ki, onlara iş təklif olunanda imtina edir. Hətta, əmək haqqının məbləğindən asılı olmayaraq istər 500, istərsə də 1000 manat təklif olunsun, imtina edir və onlar üçün sosial yardım almaq daha sərfəlidir. Amma, ümumi müraciət edənlərin içərisində deyək ki, bu, ümumi 2-3 faiz təşkil edir, yaxud da 5-10 faiz təşkil edir. Əlbəttə ki, qalan 90 faizi doğurdan da, iş istəyir. Mənim rastıma gəlib ki, vətəndaşa iş təklif olunub, amma işdən imtina edib. Amma 10 nəfərə görə, ümumillikdə demək olmaz ki, insanların hamısı işdən imtina edir, hamısı elə yardım almaq istəyir. Təbii ki, yardım almağı o zaman istəyir ki, ona təklif olunur 300-400 manatlıq iş. O da düşünür ki, əgər mən bu işi qəbul etsəm, yol pulu, yemək, zəhmət çəkmək, tıxaclarda qalmaq, onsuz da xərcim daha çox çıxacaq. Ona görə də, 300 manatı alıb evdə oturmağa daha böyük üstünlük verir. Onu da təbii qarşılamaq lazımdır. Ona görə də, insanlarımızı onları razı salacaq əmək haqqı yüksək olan iş təklif olunarsa, heç kəs o işdən imtina etməz”.