Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Ermənilər bu gecə Entoni Blinkenə “atəş açıblar”? – “Təhlükəli siqnaldır…”

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.
Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.

Ermənistanın qurduğu oyun onlara baha-başa gələcək!

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistanın bu gecə təxribata əl atması, atəşkəsi pozması əslində ABŞ dövlət katibi Entoni Blinkenin sülh təşəbbüsünə və danışıqları öz üzərinə götürməyinə cavab idi:

“Ermənistan öz müttəfiqlərinə nümayiş etdirmək istəyir ki, onlar heç bir halda ABŞ-ın sülh istiqamətində təşəbbüsü üzərinə götürməyinə imkan verməyəcəklər. Ümumiyyətlə, Ermənistan sülh istəmir, hər an təxribat törətməyə hazırdırlar. Bütün bunlar isə dünya üçün çox təhlükəli siqnaldır. Dünyanın nüfuzlu ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə diqqət yetirməlidir. Azərbaycan Ermənistanı sülhə məcbur etməyə qadirdir və bununla bağlı problemlər yoxdur. Amma dövlətimiz hər zaman öz addımlarını beynəlxalq hüquq normalarına uyğun atır. Fikrimcə, Ermənistanın qurduğu oyunlar onlara baha başa gələcək. Səbrli olmaq lazımdır, beynəlxalq təşkilatları proseslə bağlı ciddi məlumatlandıraraq, onlardan tələb etmək lazımdır ki, Ermənistanın bu oyunlarına son qoyulsun və sülhə məcbur edilsinlər. Düşünürəm ki, ABŞ Ermənistanla bağlı siyasətində ciddi qərarlar verməlidir ki, erməni təxribatlarına tamamilə son qoyulsun”.

Rusiya 200 ildə erməniləri tanıya bilməyib…

Ermənistanın Azərbaycanın gücünə bələd olduğunu vurğulayan politoloq Cümşüd Nuriyev isə söyləyib ki, iki il öncə sentyabr ayında təxribat törətdilər və nəticədə Ordumuz 44 günlük müharibədə onların layiqli cavabını verdi:

“Təəssüf ki, bu, ermənilərə dərs olmadı və 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə yenə də təxribata əl atdılar. Bu gecə baş verən və bundan sonrakı təxribatlar gözləniləndir. Ermənistanın çıxış yolu yoxdur. Çünki Amerikanın da güclü təzyiqi var. Rusiya bu məsələdə getdikcə Azərbaycana qarşı liberallaşır, ABŞ-İran cütlüyü isə radikallaşır. ABŞ-la İran bir-birinə didirlər, amma maraqları üst-üstə düşəndə eyni mövqedən çıxış edirlər. Lakin bu, Azərbaycan üçün o qədər də önəm kəsb etmir.

Ermənistanda həm ölkə daxilindəki revanşist qüvvələr, həm də Qərbyönümlü qüvvələr Paşinyana qarşı çıxır. Baş nazirin ardıcıl olmayan mövqeyi Rusiyanı da qane etmir. Kreml artıq Paşinyanın hakimiyyətdə qalmasında maraqlı deyil. Bu baxımdan Paşinyan çıxılmaz dalana dirənib, sərsəmləməsi də bununla bağlıdır. Qeyri-adekvat addımlar atır və görünən odur ki, psixoloji durumunda ciddi problemlər var. İrəvanın küçələrində KTMT və Rusiyaya qarşı çıxışlar olur, Moskvanı çox məsələdə ittiham edirlər. Bu, çox yaxşıdır. Çünki Rusiya 200 ildə erməniləri tanıya bilməmişdi, indi isə Azərbaycanın köməyi ilə tanımağa başladılar. Azərbaycan addımlarında hansısa səhvə yol vermir. Baxmayaraq ki, ölkə daxilində və xaricində dövlətimizin əleyhinə çalışan qüvvələr var, sapı özümüzdən olan baltalar Azərbaycanı Ermənistana təcavüzadə ittiham etdilər”. \\Sfera

Tarix: 22 sentyabr 2022
Baxış: 270

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş