Redaktor seçimi
    Bu cərimələr dəyişir, cəzalar sərtləşdirilir
Xəbər lenti
Reklam
Prezident Apellyasiya Şurasına YENİ SƏLAHİYYƏT VERDİ
İcra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Fərmana əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə baxılması səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilib. Başqa sözlə, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə baxılmasını təmin etmək Şuranın vəzifələri sırasına daxil edilib. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə, icra hakimiyyəti orqanları (bundan sonra ‒ inzibati orqanlar) arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdiyi yazılı müraciət başa düşülür.
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnaməyə edilən yeni müddəalar inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə baxılması mexanizmi ilə bağlıdır. Beləliklə, inzibati orqan tərəfindən mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət etməlidir. Müraciətin nəticəsi ilə bağlı inzibati orqanın ona təqdim etdiyi yazılı məlumatdan razı qalmadığı və ya müraciət nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair Şuraya müraciət edilməlidir. Müraciət bu tələblərə uyğun olmadıqda, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə Şurada baxıla bilməz. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə aşağıdakı hallarda da Şurada baxıla bilməz:
- müraciət “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələrə aid olduqda;
- müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanının qüvvəyə minməsindən əvvəl aidiyyəti inzibati orqanın qəbul etdiyi qərarları, digər hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı olduqda;
- müraciət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya müraciətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
- müraciəti inzibati orqanın sistemində olan (strukturuna daxil olan, tabeliyində, yanında olan və s.) hər hansı inzibati orqan etdikdə;
- “İnzibati icraat haqqında” qanunun 3.2-ci (cinayət təqibi, inzibati xətalar)və 75.1.4-cü (şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə) maddələrində nəzərdə tutulmuş hallarda.
Şuranın Katibliyi Şuraya daxil olan inzibati orqanların müraciətlərini qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayacaq, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün aidiyyəti inzibati orqanlara yazılı və ya şifahi sorğu verəcək.
Fərmana əsasən, Şuranın Əsasnaməsinə inzibati orqanların müraciətlərinə dair tələblər də əlavə edilib. Beləliklə, inzibati orqanın müraciəti yazılı (o cümlədən elektron) formada tərtib edilməlidir. Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
- ünvanlandığı qurumun – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının adı;
- müraciət edən və mübahisənin digər tərəfi olan inzibati orqanların tam adları;
- müraciətin məzmunu;
- müraciətin predmeti üzrə bundan əvvəl mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana yazılı müraciət və nəticəsi barədə məlumatlar;
- müraciətə əlavə edilmiş sənədlərin siyahısı.
Müraciəti inzibati orqanın rəhbəri imzalayır. Müraciətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri müraciətə əlavə olunmalıdır. Müraciət bu tələblərə cavab vermədikdə, müraciət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar, inzibati orqanın nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılmalıdır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılacaq və bu Əsasnaməyə uyğun olaraq tədbir görüləcək. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi inzibati orqandan asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədləri (məlumatları) Şura əldə edəcək. Şuraya daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə müraciət edən inzibati orqana yazılı məlumat veriləcək. Şurada mahiyyəti üzrə baxılmış müraciətlə bağlı qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciətlə bağlı isə əsaslandırılmış cavab inzibati orqanlara göndəriləcək. Bu Əsasnamədə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, müraciət edən inzibati orqanın vəsatətinə əsasən Şuranın sədri onu bərpa edəcək. Şura daxil olmuş müraciətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına şifahi və ya yazılı, o cümlədən elektron sorğular verə bilər. Sorğu edilən məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndiriləcək.
Şura inzibati orqanın müraciəti ilə bağlı aşağıdakı qərarlardan birini qəbul edəcək:
- inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılsın;
- inzibati orqanın qərarı tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin və ya müraciətin yenidən araşdırılması vəzifəsi mübahisənin tərəfləri olan inizbati orqanların üzərinə qoyulsun;
- inzibati orqanın qərarı dəyişdirilsin;
- müraciət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin;
- müraciətlə bağlı icraata xitam verilsin.
Qərar qəbul edilərkən müraciətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:
- müraciətin təmin edilməsi;
- müraciətin qismən təmin edilməsi;
- müraciətin təmin edilməməsi;
- müvafiq hərəkətin edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması;
- müraciətin baxılması və nəticəsi barədə Şuraya və müraciət edən inzibati orqana məlumat verilməsi üçün aidiyyəti dövlət orqanına və ya qurumuna göndərilməsi.\\Axar.az
 
Tarix: 13 mart 2019
Baxış: 507

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş