Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycan distant işə hazırdırmı? - ARAŞDIRMA

COVID-19 pandemiyasının yarandığı gündən dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda infeksiyanın yayılmasının qarşısının alınması üçün bir sıra məhdudiyyətlər tətbiq olundu. Bu məhdudiyyətlər çərçivəsində bir çox dövlət və özəl sektorlarda çalışanların məsafədən işləməsi təşkil edildi. Həmçinin, Azərbaycanda tədris distant  formaya keçid etdi, bu da vəzifə öhdəliklərini onlayn formada  yerinə yetirənlərin sayına təsir etdi. 

Dizayner Altay Sultanov  COVID-19 pandemiyası elan ediləndən bu günə kimi iş öhdəliklərini distant yerinə yetirir.
 
Onun sözlərinə görə, Azərbaycanda internet problemi həll olunsa və ya problem minimuma endirilsə özəl və dövlət müəssisələrində  çalışan  əməkdaşların müəyyən qismi öz öhdəliklərini onlayn formada yerinə yetirə bilər.

"Mən artıq 1,6 ildir ki, evdən işləyirəm. Bu, mənim maddi qazancıma bir o qədər də təsir eləmir. Əvvəl aldığım maaşdan müəyyən qədər yol xərcimə ayırırdım. İndi isə maaşımdan yol xərcləri çıxılır və faktiki gəlirim azalmayıb.
Amma mənəvi cəhətdən həm müsbət, həm mənfi cəhətləri var. Mənfi cəhəti odur ki, iş yoldaşlarım ilə canlı ünsiyyətdən uzaq qalmışam. Bütün günü evdəkilərlə əlaqədə oluram, yalnız iş saatım bitəndən sonra dost, tanış ilə görüşürəm. Oğlum arada məni evdə görməkdən bezdiyini də dilə gətirir. Ata, cizgi filmində oğlanın atası işə gedir, bəs sən niyə getmirsən, deyə soruşur Gəl, indi 3 yaşlı uşağa izah et ki, müasir dövrün tələblərindən biri məsafədən işləməkdir. Distant işin müsbət cəhəti isə odur ki, tıxac stresindən, insanların mə nfi enerjisindən uzaq qalırsan. Həmçinin, koronavirusun geniş vüsət aldığı dövrdə sağlamlığını qorumaq asanlaşır”,- deyə Altay Sultanov bildirdi. 

Altay Sultanov həmçinin  son 1 ildə distant çalışanların sayının artdığını düşünür. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbovun sözlərinə görə, distant iş formaları daha çox informasiya texnologiyaları, satış, dizayn, marketinq, reklam, mühasibatlıq və maliyyə, redaktə, layihələndirmə və s. kimi sahələrdə özünü göstərir. "Əmək müqaviləsi” altsistemi bütün əmək müqavilələri barədə statistik məlumatlar əldə etməyə imkan verir. 

O, həmçinin bildirdi ki, hazırda işçilərin distant işə cəlb olunması əmək müqaviləsi əsasında deyil yalnız zəruri hallarda (karantin qaydaları çərçivəsində, əməkdaş xəstə olanda) baş tutduğu üçün online işləyənlərin dəqiq statistikası yoxdur. 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi hazırlanıb. Layihədə bir sıra məsələlər ilə yanaşı Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına "Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və "Teleiş – əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi və bununla əlaqədar müvafiq maddələrin tənzimlənməsi məsələsi də təklif olunur. Hazırda sözügedən təkliflər razılaşma mərhələsindədir”,- deyə mətbuat katibi əlavə etdi. 

Bununla yanaşı nazirlik rəsmisinin sözlərinə görə, COVID-19 pandemiyası dövründə bir sıra iş yerlərində mümkün hallarda distant işə keçilməsi hər hansı problem doğurmayıb.

Araşdırmalar göstərir ki, distant işin geniş tətbiqi texnologiyanın inkişafından asılıdır.
 
Azərbaycanda pandemiya dövründə distant iş tətbiq olunarkən iclaslar, əsasən,  zoom, skype, teams kimi platformalar üzərindən keçirilirdi.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kərimova görə, Azərbaycanda yaradıla biləcək yerli texnologiyalardan uzaqlaşıb, xarici analoqlara üz tutmağımız gələcəkdə  ciddi problemlərə yol aça bilər.

"Əvvəla, biz lisenziyalı, bahalı qərb texnologiyalarından istifadə ediriksə  bunun üçün Azərbaycan büdcəsindən külli miqdarda valyuta ödəməliyik. Düzdür, həmin texnologiyalar çox funksiyalıdır, daha yaxşı işləyir.  Lakin daha az büdcə ilə yerli texnologiyanın inkişafına da yol açacaq proqramlar yaradıla bilər. Bunlar çox mürəkkəb sistem deyil, ölkəmizdə də belə layihələr təklif edilir. Sadəcə həmin təkliflər dəyərləndirilməlidir. İkinci vacib məqam kiber təhlükəsizlikdir.  Dövlət müəssisələrində iclasda məxfi məsələlər müzakirə oluna bilər. Amma iclasın onlayn keçirildiyi zaman istifadə olunan xarici platforma daha təhlükəlidir. Məhz buna görə Azərbaycanda video konfranslar, eləcə də distant işin inkişafı üçün onlayn platformalar yaradılmalıdır. Ölkəmizdə rəqəmsal texnologiyanın inkişafı üçün imkanlar var. Bir şirkət müəyyən büdcə ayıraraq texnologiya yarada və təhlükəsizliyini təmin edə bilər. Daha sonra o platformanı əvvəlcə yerli, daha sonra xarici şirkətlərə sata bilər.  Texnologiyanın inkişafı gəlirləri artıracaq", - deyə Fərid Kərimov əlavə etdi.

Fərid Kərimov düşünür ki, məsafədən iş rejimində çalışmaq əslində olduqca sərfəlidir.
 
"Azərbaycanlı İT mütəxəssisləri üçün bu şans çoxdan yaradılıb. Azərbaycanda Python dili üzrə çox yaxşı mütəxəssis var. O, ölkə daxilindəki şirkətlərdən birində çalışır və dörd min manat əmək haqqı alırdı. Həmin şəxsə pandemiyadan öncə Avropa ölkələrinin birindən ikiqat əməkhaqqı müqabilində iş təklifi gəldi. Təbii ki, bu təklif məsafədən iş rejimindən çalışmaq üçün edilmişdi. Bir nüansı da qeyd edim, bir çox xarici ölkələr, məsələn, Amerikaya məxsus qlobal şirkət öz ölkəsindən daha yüksək əməkhaqqı ilə işçi cəlb etməkdənsə, Azərbaycan, Ukrayna, Belarus və s. kimi dövlətlərdən daha ucuz işçi qüvvəsi ilə razılaşıb, məsafədən işləmək üçün əməkdaşlığa başlayır.  Lakin bunun mənfi tərəfləri də var. Məsələn, əgər yerli mütəxəssis ABŞ şirkətlərindən biri ilə əməkdaşlığa başlasa, o Azərbaycan şirkətində işləmək istəməyəcək və ölkə daxilində cəlb olunan mütəxəssislərə tələbat artacaq", - deyə mütəxəssis söylədi.


İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən "Azerconnect” şirkəti Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ "FLEXcellence” proqramının tətbiqinə başlayıb.Şirkətin İnsan Resursları üzrə Baş müdiri Mətanət Babayeva bildirib ki, proqram ənənəvi iş yeri və iş vaxtı anlayışlarına fərqli bir yanaşmanı təqdim etməkdədir.

"Tətbiq etdiyimiz hibrid iş modelinə əsasən, hər bir əməkdaş birbaşa rəhbəri ilə öncədən razılaşdırmaqla şirkətin inzibati ofislərində iş masasını xüsusi proqram vasitəsilə rezervasiya edib həftə ərzində müəyyən günlərdə ofisdən də çalışa bilər. Hibrid modelin tətbiqi əməkdaşlarımızın həm məsafədən işləməsi, həm də onlar arasında komanda işinin, sosiallaşmanın dəstəklənməsini təmin edir. Bu modelin tətbiqi daha çevik bir iş mühiti yaratmaqla bərabər yeni bir korporativ mədəniyyətin formalaşmasına da zəmin yaradacaqdır”, -  Mətanət Babayeva dedi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən anews.az-a bildirildi ki, distant işin inkişafında əsas rol oynayan  internetin sürətini yaxşılaşdırmaq üçün  müxtəlif tədbirlər görülür.

"Respublikanın rayonlarında artıq bir müddətdir ki, Gigabit Passive Optical Network yəni GPON  texnologiyasının tətbiqinə başlanılıb. Layihə çərçivəsində şəbəkə tamamilə yenilənir və müasir avadanlıqlar istifadəçilərə vahid optik xətt üzərindən telefon, İPTV, internet və bir sıra digər xidmətlərdən yararlanmağa şərait yaradılır.  Bununla paralel olaraq, mövcud şəbəkənin yenilənməsi işləri də həyata keçirilməkdədir.telekommunikasiya xidmətlərinə təlabatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə internet tariflərinə də dəyişiklik edilib. Dəyişikliyə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün internetin sürəti yüksəldilib, aylıq istifadə haqqı endirilib. Bu isə öz növbəsində internetdə istifadəyə daha yaxşı şəraitin yaradılması və xidmət üzərindən məlumatların daha yüksək trafiklə ötürülməsinin həyata keçirilməsi deməkdir", - deyə nazirlikdən məlumat verildi.

Bəs görəsən şirkətlərin distant işə münasibəti necədir?

Kapital Bankın mətbuat katibi  Pərviz Sədrəddinov bildirdi ki, pandemiyanın ilk günlərində Kapital Bank məsafədən işə keçidə üstünlük verən şirkətlərdən biri olub.

"Bankın aidiyyatı strukturları distant işə  keçid planı hazırladı və dərhal həyata keçirildi. Baş ofis əməkdaşlarının 80%-i distant işə keçdi, filial əməkdaşları isə növbəlilik prinsipi ilə 50% olaraq işə çıxdı. Bir müddət sonra məsafədən işin effektivliyi ilə bağlı təhlillər edildi",- deyə mətbuat katibi bildirdi.

ORKHANWAY Coaching-in təsisçisi Orxan Şahbaz düşünür ki, Azərbaycanda distant işin inkişafı vacibdir.

"Karantin qaydalarının sərtləşdiyi  vaxtlarda şirkətin 2 əməkdaşı distant çalışırdı. Onlar öz vəzifə öhdəliklərini düzgün və dəqiq yerinə yetirirdi. Pandemiya olmayanda da distant regime tətbiq etmək olar. Lakin işçinin birbaşa distant işə başlamasını düzgün hesab etmirəm. İlk günlərdə hibrid formada iş təşkil edilə bilər, daha sonra distant rejimə keçid edə bilər", - deyə Orxan Şahbaz dedi.

Müxtəlif sektorlara məxsus şirkətlərlə söhbətimizdən məlum oldu ki, əksəriyyəti distant iş rejiminin tətbiqinə açıqdır. Lakin onlar düşünür ki, həmin işçilərin maaşı daha az olmalıdır.  Yalnız fiziki əmək tələb edən sektorlarda fəaliyyət göstərən şirkətlər distant işin  əlverişsiz olduğunu düşünür.

Sosial şəbəkə istifadəçiləri arasında "Hansı sahələrdə distant işlər effektli olar?" sualı ilə sorğu keçirdik.

Sorğuda iştirak edən 65 respondentdən 27-i düşünür ki, jurnalistlər distant çalışa bilər. Xüsusən, redaktorlar, korrektorlar üçün distant iş əlverişlidir. 15 respondentin rəyinə görə, məsafədən işləmək dizaynerlər üçün uyğundur. 8 sosial şəbəkə istifadəçisinin fikrinə görə, distant iş heç bir sahədə effektiv nəticə göstərməyəcək. Həmin şəxslər iş prosesində canlı ünsiyyətin həmişə vacib rol oynadığı qənəatindədirlər. 8 respondent bütün sahələrdə distant çalışan əməkdaşlar ola bilər. Bu respondentlərin fikrincə, kompüter vasitəsiylə  görülən işlər, hesabatların hazırlanmasına cəlb olunan əməkdaşlar məsafədən işləyə bilər. Sorğuda öz fikrini bildirən digər 7 nəfər isə smm-lərin öz iş öhdəliklərini distant işləyərək yerinə yetirə biləcəyini bildirdi.


Ləman Qasımova

Anews.az

Tarix: 08 oktyabr 2021
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş