Xəbər lenti
Reklam
Çayxanalar açıldı, bəs kitabxanalar?

Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Operativ qərargahın qərarı ilə 2021-ci ilin iyulundan ölkə ərazisində mövcud olan şadlıq sarayları, Ticarət Mərkəzləri, kafe və restoranlar, məsçidlər, idman zalları  öz fəaliyyətini bərpa etdi. Amma kitabxanaların qapıları oxucuların üzünə hələ də bağlı qalıb.   

Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında  sentyabrın 22-dən məktəblərdə, sentyabrın 29-dan isə Ali təhsil müəssisələrində dərslərin ənənəvi qaydada bərpa olunacağını bildirib. Amma yenə də kitabxanalar ilə bağlı  qərar qəbul edilməyib. Məsələyə bir neçə kitabxana istifadəçisi və mütəxəssislərin münasibətini öyrənməyə çalışdıq. 
 
Cəfər Cabbarlı adına Gənclər kitabxanasının adının anonim saxlanmasını istəyən əməkdaşı kitabxanaların açılması barədə hələlik qərarın verilmədiyini təsdiq etdi.

"Kitabxanaların yenidən açılması ilə bağlı hələ, bizə məlumat verilməyib. Yəqin ki, Ali təhsil müəssisələri ilə bağlı qərar verilibsə, kitabxanalar üçün də verilər. Bizim üçün çox çətindir. Oxucunu əliboş qaytarmaq bizə təsir edir. Oxucu gəlib qapıda qalır. Biz yox deyirik", - deyə kitabxanaçı qadın söylədi.
 
 Bakı Dövlət Universitetinin tələbəsi Rəhman Mirzəlizadə kitabxanaların açılmasının tırıfdarı olduğunu deyir. 

"Kitabxanalar niyə açılmamalıdır ? Kitabxanalar onsuz da "Ulduz" stansiyası kimi boş olurdu. Dolu olsa belə, universitetdə, marşurutda və metroda sıxlıq olur. Kitabxanalarda olsa nə olacaq ki? Universitetdə ara məsafəsi gözlənilərək necə dərs keçiriləcəksə, eləcə də bunu kitabxanalarda etmək olar. Məsələn, Axundov kitabxanasının özündə  ara məsafəsi gözlənilir. Masalar elə düzülüb ki, orada ara məsafəsi var", -  deyə tələbə gileyləndi. 
 
Həkim Müşfiq Hüseynov kitabxanaların bağlı qalmasını gülməli hadisə adlandırdı. 
 
"Təbii ki, gülməli qərardır. Nəzərə alsaq ki, kitabxanada hər zaman sosial məsafə önəmli olub, bağlı qalmalarının  heç bir anlamı yoxdur. Maksimum qapalı məkanda maska məcburiyyəti ola bilər. Yəni, kitabxanalar açılmalıdır", - deyə həkim bildirdi. 
 
 
Fehruz Rza


Tarix: 09 sentyabr 2021
Baxış: 182

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş