Xəbər lenti
Reklam
İranın vaz keçmədiyi “erməni sevgisi”: - “Azərbaycanla normal münasibətlər qurmaq istəyirlərsə...”

44 günlük müharibədən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etdiyini deyən İran yenidən Qarabağdakı separatçı qüvvələrə dəstəyi gücləndirib.

İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş faktlar bunu bir daha təsdiq edir. 30 ildir Ermənistana və Qarabağdakı qondarma rejimə Azərbaycana qarşı terror fəaliyyətində yardım edən İran bu dəfə də öz köhnə vərdişindən əl çəkə bilməyib. Lakin bu dəfə səbr kasası daşan rəsmi Bakı İrana nota verməklə həddini göstərib. İranın Azərbaycandakı səfiri Abbas Musəvi Xarici İşlər Nazirliyinə dəvət olunub və nota ona təqdim olunub.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsiylə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb".

Görüş zamanı bu kimi narahatlıq doğuran hallara son qoyulması tələb edilib və iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmədiyi qeyd edilib.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, eyni gündə İrana nota verilməsi və Azərbaycan Müdafiə Nazirilıyinin Rusiyaya xəbərdarlıq xarakterli açıqlama yayması əlaqəli prosesdir:

“Bu ondan xəbər verir ki, Azərbaycan çox güzəştə gedib. Xatırladım ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı ilə görüşdə kompromisə getdiyinə görə İlham Əliyevə təşəkkür etdi. Lakin kompromisin də limiti var. Görünür, bu limit bitib. Nə qədər bu haqsızlığa göz yummaq olar. Əslində, Azərbaycan hər şeyi görürdü və həmin ölkələrə fəaliyyətinə korrektələr etmək üçün vaxt verirdi.

Cənab Prezident də son müsahibələrindən birində də demişdi ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə daxil olan texnikanın sayını, hərəkət istiqamətini müşahidə edir. Yəni bu bir mesaj idi. Təəssüflər olsun ki, İranda bəzi dairələr bu mesaja layiqli qiymət verməyib. Nəticədə, onlar Qarabağın dağlıq hissəsinə gediş-gəlişi davam etdirirlər.

Təxminən bir aydan sonra İkinci Qarabağ müharibəsinin birinci ildönümünü qeyd edəcəyik. Əgər yeni siyasi və iqtisadi reallıqlardan danışırıqsa, bu gerçəkləşməlidir. Başqa dövlətlərin istədikləri yükləri Qarabağa daşımasına, sərhədləri tanımamasına göz yuma bilmərik. Hesab edirəm ki, bu notadan və xəbərdarlıqdan sonra bir sıra addımlar atılacaq. Separatçı rejimin tör-töküntüləri ilə işləyən şirkətlərlə, Laçın dəhlizindən keçən avtomobillərlə bağlı yəqin araşdırmalar aparılacaq və dəlillər İran tərəfinə təqdim olunacaq. İranın yeni Prezidenti və hökuməti Azərbaycanla normal münasibətlər qurmaq istəyirlərsə, lazımi addımlar atmalıdır”.

Politoloq hesab edir ki, İran hakimiyyətində müharibədən sonra yaranmış yeni reallıqları qəbul etmək istəməyən qüvvələr var:

“Azərbaycana bu cür yollarla təzyiq göstərməyə çalışırlar. Demək istəyirlər ki, biz ermənilərlə əməkdaşlığı davam etdirəcəyik. Amma əvvəllər Qarabağda qondarma rejim var idisə, indi o da qalmayıb. Qorxudan səslərini də çıxara bilmirlər. İran bu tör-töküntüyə dəstək verməklə Azərbaycana hansı təzyiqi göstərə bilər? Ona görə də bu siyasətin İrana mənfəət qazandıracağını düşünmürəm”.
Tarix: 12 avqust 2021
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş