Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Əlilliyə görə pensiya narazılığı fantastik sürətlə artır - yeriyə bilməyən, nitqi olmayan 1-ci dərəcə ala bilmir...

Davud Rəhimli: “Bu problem çox aktualdır”
Son zamanlar həm sosial şəbəkələrdə, həm sosial mediada, həm də ətrafımızda tez-tez şikayətlər eşidirik ki, hərəkət məhdudiyyəti olan, başqasının dəstəyi olmadan özünü idarə edə bilməyən, nitqi olmayan insanlara 1-ci qrup əlillik dərəcəsi təyin edilməsində bürokratik əngəllər var.
Bəzi əlillərin yaxınları şikayət edirlər ki, belə xəstələrə 1-ci qrup əlillik dərəcəsi almaq çox zaman problemdir, buna bəzi qurumlar maneçilik törədirlər.
“1-ci qrup əlillik düşürsə, amma onu ala bilmirsə, həmin şəxs Tibbi-Sosial Ekspert Komissiyasını məhkəməyə verə bilər”
Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli bizimlə söhbətində bildirdi ki, bu problemlə o da tanışdır, sosial şəbəkələrdə də, mediada da bu cür xəbərlər tez-tez yayılır. D.Rəhimli qeyd etdi ki, əslində, çox şey deyildiyi kimi deyil. Onun sözlərinə görə, əlillik dərəcəsi xəstənin və onun yaxınlarının sözləri ilə müəyyən olunmur, bu, müvafiq qaydalarla, həkim-ekspert rəyi ilə tənzimlənir.
ƏTİ rəhbərinin sözlərinə görə, Nazirlər Kabinetinin əlilliyin təyin olunması meyarları var və əlillik dərəcələri də o meyara əsasən verilir. O meyarlar əvvəl az idi, 2015-ci ildən sonra isə burada dəyişikliklər oldu və 800-ə yaxın çatışmazlıq, funksionallığın məhdudlaşdırılması ilə bağlı məsələlər əks olunub: “Əlilliyin dərəcələri bu meyarlara əsasən təyin olunur, heç kəs xəstəyə baxıb deyə bilməz ki, buna 1-ci, o birinə 2-ci qrup düşür. Bildiyiniz kimi, kimsə əlillik almaq istəyirsə, əlillik həmin insanlara bu meyarlar əsasında təyin olunur. Müvafiq qeydiyyat üzrə xəstəxanalarda, poliklinikalarda, səhiyyə qurumlarında həmin insanların sənədləri doldurulur, yazılır və o meyarlar tutuşdurulur, sonra isə Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Bu proses belə gedir. Ancaq belə ola bilər ki, birinci qrup əlillik düşənə 2-ci qrup əlillik dərəcəsi təyin edilsin. Əvvəllər meyarlar az olanda çətin idi, indi meyarların sayı çoxaldılıb. Fikrimi onunla əsaslandırmaq istəyirəm ki, kənardan baxıb kiminsə deməyi ilə deyil, onu mütəxəssislər, həkimlər bilir, o diaqnoz ora yazılır, bu diaqnoz əsasında əlillik dərəcəsi təyin edilir”.
D.Rəhimlinin sözlərinə görə, əlillik dərəcələrinin düzgün təyin edilməməsi ilə bağlı problemin kökündə tibb müəssisələrinin, səhiyyə qurumlarının işindəki qüsurlar dayanır. Onun bildirdiyinə görə, əksər halda onların məlumatları sənədlərdə səhv göstərməsi ucbatından insanlar bu problemlə üzləşirlər: “1-ci qrup əlillik düşürsə, amma onu ala bilmirsə, həmin şəxs Tibbi-Sosial Ekspert Komissiyasını məhkəməyə verə bilər. Tibbi-Sosial Ekspert Komissiyasında da müəyyən problemlər var, amma çox deyil. Ən çox səhv məlumatlar xəstəxanalardan, tibb müəssisələrindən gəlir, formaları səhv doldururlar, kompyuterə də səhv məlumatlar düşür. Yanlış məlumat da sistemə vurulduğu üçün problemlər yaradır. Xəstəxanalarda məlumatlar düzgün hazırlanmalı və səhv olmadan sistemə vurulmalıdır. Mən özüm komissiyada nəzarətçi olmuşam. Orada görmüşəm, həqiqətən elə insanlar var ki, onun əlilliyi ləğv olunub, ona yenidən III qrup əlillik təyin edilib. 9-12 nəfər də insan vardı ki, ümumiyyətlə, onlara əlillik düşmürdü. Belə şeylər də var.
Bu problem çox aktualdır. Bunun səbəblərindən birinin səhiyyə müəssisələrinin, həkimlərin düzgün qiymətləndirməməsi olduğu gizlin deyil. Hesab edirəm ki, əlillik dərəcəsinin, qrupların verilməsinin vahid bir mərkəzdən idarə olunması vacibdir. Yəni xəstə bilməlidir ki, hara müraciət etsin. Tutalım, xəstə bilmir Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etsin, yoxsa Səhiyyə Nazirliyinə. Burada belə problemlər də var. Baxmayaraq ki, bunun üçün normativ-hüquqi sənəd də qəbul olunub, Prezidentin sərəncamı da var. Artıq bu arayışları verən tibb müəssisələrinin bəzisi bu arayışı verə bilməyəcək, bu sahə müəyyən qədər ixtisaslaşdırılacaq, bu sahədə kadr, avadanlıq cəhətdən təkmilləşmələr olacaq. Tutalım, Bakı şəhərində bütün poliklinikalar o arayışı verə bilməyəcək. 8-9 poliklinika olacaq ki, o arayışı orada verəcəklər. Ancaq bu şərtlə ki, həmin poliklinikalar nəzarətdə olsun, dediyim kimi, səhvlər olmayacaq, sənədləri səhv dolduran həkimlərin yerini peşəkar kadrlar tutacaqlar. Səhvə yol veriləcəksə, bu halda həm də məsuliyyət onların olacaq” - deyə D.Rəhimli bildirdi.

İradə SARIYEVA

Tarix: 08 iyul 2021
Baxış: 203

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş