Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Güllü-çiçəkli, quşlu-böcəkli taksi: "Müştərilər maşınımda ad günü qeyd edib, tort da kəsirlər" - FOTO

“1 ildən çoxdur ki, taksi kimi fəaliyyət göstərirəm. El arasında mənə “Çiçək taksi” deyirlər. Bilirsiniz ki, illər öncə bu adda bir serial da çəkilirdi. Əslində avtomobilimin çiçəyə, gülə-böcəyə, quşa bürünməsi tam təsadüfən oldu. Belə ki, bir müştəri mənə gül hədiyyə etdi, mən də onu maşına qoydum. Hər şey də bununla başladı. Düşündüm ki, niyə də belə bir şey etməyim? Fəaliyyətimə davam etdikcə gördüm ki, sərnişinlərin diqqətini daha çox cəlb edirəm. Düşündüm ki, bunu böyütmək lazımdır. Taksiyə əyləşənlərin bir çoxu deyir ki, maşında yaz, bahar ab-havası var. Həm müştərini düşünüb etmişəm, həm də bu bir fərqlilikdir”.


Gender.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Bakıda qeyri-adi taksi sürücüsü kimi fəaliyyət göstərən Emil Zamanov deyib.


Sürücü bildirib ki, müştərilərin taksilərdən son illərdə daha çox şikayətlənməsindən xəbərsiz deyil.

“Son illər taksilərlə bağlı problemləri çox eşidirik. Bir çox müştəri bildirir ki, taksi sürücüsü onlara kobud cavab verir, kobud hərəkətlər edir. Ən azından müştərini mənzil başına aparıb çatdırana qədər, heç olmasa o bu gözəlliklərdən zövq alsın. Gül-çiçəklər var, quşlar mövcuddur. Keçən il kəpənəklər də həqiqi idi. İnsanların üzü gülür, çox sevinirlər. Müştəri məmnuniyyəti məni də sevindirir. Bir taksi sürücüsü kimi insanlarla düzgün, nəzakətli davranıram. Başqa planlarım da var, hamısını tezliklə həyata keçirəcəm. Avtomobilin yuxarı hissələrinə qızıl güllər də bağlayacam” deyə Emil Zamanov deyib.


Sürücü deyir ki, taksisindən maraqlı, qeyri-adi məkan kimi istifadə edənlər də olub.
“Elə vaxt olub ki, ünvan başına gecikmişəm. Getmişəm, müştəri avtomobili görən kimi hər şeyi unudub. Yaxud da elə vaxt olub ki, müştəri əlində tort maşına minib ki, ad gününü gedib restoranda qeyd etsin. Fikrini dəyişib, tortu elə maşında kəsib. Bir çoxları nömrəmi əldə edir, zəng edib bu maşınla getmək istədiklərini bildirirlər. Uzaqdan görəndə ki, mən gəlirəm, çox sevinirlər. Bütün müştərilərə güllü-çiçəkli yollar arzu edirəm” deyə sürücü bildirib.

Tarix: 24 aprel 2023
Baxış: 242

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş