Xəbər lenti
Reklam
"Ağ xalatlı Aypəri" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"


SƏN ONU BALTALASAN DA BU MƏNİM LƏKƏMİ TƏMİZLƏMƏZ!

Mənim üçün vaxt az kimi gəldi, amma, tam 11 saat sonra gözlərimi açdım. Gecənin sakitliyində hərə başını bir tərəfə söykəyib mürgüləyirdi. Xəstəxana çarpayısında idim. Otaq da dolu adam. Düz yanımda Sünbül xala, ayaq tərəfimdə Yasəmən, kənardakı çarpayıda isə Cəlillə Kamran dayı oturmuşdu. Əslində oturuqlu yatmışdılar. Bircə tibb bacısı oyaq idi. Gözlərimi açdığımı görən kimi barmağıyla susmağıma işarə elədi. Ayağım gipsə salınıb yuxarıdan asılmışdı. Başım da sarğılı idi. Əslində bütün bədənim sarğı və plastır idi.  Ayağım və başım daha ciddi zədə almışdı. Göz-qaşla tibb bacısını yanıma çağırdım. Qiz gəlib qulağını ağzıma tərəf əydi.
- Tualetim var.
- Tərpənmə! Ehtiyatımızı görmüşük sən rahat tualetini elə.
- Elə yerimdə?
- Yox, dur get 3-cü mərtəbədə qadınlar üçün tualet var. Orada işini gör, gəl. Ay qiz bir olduğun yerə bax. Əlbətdə yerində.
Tibb bacısı bunu elə şirin-məzəylə dedi ki, sualıma özümün də gülməyim tutdu. Həm də utandım düzü.
- Sən məni qınama e. Birinci dəfəmdi.
- İnşallah elə axırıncı dəfən olar.
- Çox sağ ol. Doktor mənə nə olub?
- Başın ağrımır ki?
- Çox ağrıyır.
- Onda çox danışma. Tualetini elə yat.
Tibb bacısı mənlə danışa-danışa hazırladığı sistem şüşəsini də götürüb otaqdan çıxdı. Hiss elədim ki, Kamran dayı oyandı. Tez gözümü yumdum. Yadıma düşdü ki, qız bunların oyanıb səs-küy etməməsi üçün mənə "süs" demişdi. Çarpayının tərpənişindən Sünbül xalanın da oyandığını hiss etdim. Kamran dayı pıçıltıyla məni soruşdu.
- Hələ oyanmayıb?
- Yox hələ. Elə səhərdən gözüm gözündə qalıb. Arada dodağını pambıqla isladıram ki, qurumasın.
- Yaxşı eləyirsən. İstəyirsən gəl sən bir az yuxula, mən qalım yanında.
- Yox, Sən narahat olma. Sən yat mənim yuxum yoxdu. Oyansaydı bu yazıqları da aparıb gedərdin evə.
- İnşallah səhərə kimi ayılar. Bəs, o qız hanı?
- Bilmirəm, elə siz oyaq olandan gedəndi.
- Gör necə məsuliyyətsizdilər e. Bir gəl baş çək də. Bəlkə, iraq olsun, elə ölür xəstə.
- Uzaq olsun. Kim kimədi ey. Çox elə veclərinədi.
Bunların söhbətinə özümü gülməkdən güclə saxlayırdım. Gör Sünbül xala necə bərk yatıbsa, nəyinki mənim oyanmağımı, o boyda adamın gəlib getməyini də bilməyib. İstədim gözümü açam, Yasəmənin səsi gəldi.
- Sünbül xala, sən dur o tərəfdə uzan. Yornuqsan. Mən qalaram yanında. Onsuz da mənim yuxum ərşə çəkilib.
-  Yox quzum. Sən bilmədən yarasına zada dəyərsən. Başını bacının ayaq tərəfindən qoy yuxula.
- Ay xala nə yatmaq, gözümə yuxu gedər?
Kamran dayı bu dəfə Yasəmənə tərəf əyilib, pıçıldadı.
- Bala, mən 5-10 dəqiqə mürgüləmişəm. Sən oyaqdın da, bu xalatlı qız elə bayaqdan gedəndi?
Yasəmən heç düşünmədən Sünbül xalanın dediyini təsdiqlədi.
- Bahaq nədi? O gedəndə heç saat 12 yox idi. İndi saat neçədi?
- İndi də 4-də içləyib.
- Ay kişi sənə deyirəm gəlməyib də. O boyda adam gəlib-getdi xəbərimiz olmadı?
Bunların pıçıltılı söhbətinə məni yuxu tutdu.
***
Səhər dəhlizdən gələn səs-küyə gözümü açdım. Kamran dayı məni oyanan görən kimi üstümə qaçdı. Çarpayı qarışıq qucaqlayıb üz-gözümdən öpdü. Sonra, Yasəmən məni bərk-bərk qucaqlayıb ağladı. Kamran dayı stulunu yaxına çəkib yanımda oturdu.
- Şükür sənə, İlahi. Allaha qurban olum, axır ki, özünə gəldin. Gözlərini açdın.
- Mən gecədən özümə gəlmişdim. Baxdım hamınız yatıbsız sakit durdum.
Kamran dayının gözləri iriləndi. Arvadına və bacıma baxışları dəyişdi. Onlarda gözlərini gizlətməyə çalışdılar.
- Tibb bacısı gəlmişdi?
- Gəlmişdi. 1 saat yanımda oturdu. Təzədən yatmağım üçün ağrı kəsici iynə vurub getdi.
Kamran dayı göz-qaşla Sünbülə nəsə deməyə çalışırdı. Sünbül xala da söhbətə qoşuldu.
- Qadanı alım, Aypəri, deyirdin başım çox ağrıyır. İndi necədi?
- Yenə ağrılar var. Amma dünənki qədər deyil.
Tibb bacısı otağa girən kimi hamısı ayağa qalxdı.
- Sabahınız xeyir.
- Sabahın xeyir qızım. Doktor gəlib? Demişdim gələn kimi birinci bura gəlsin.
- Yox hələ, 1 saat sonra gələcək. Xəstəmizi çox danışdırmıyın.
- Yaxşı, baş üstə. Siz o dəhlizdəki səsi kəsin, bizim söhbətimiz bitib.
Kamran dayı qızı qapıya qədər ötürüb qayıtdı.
- Nə yaxşı qız oyandı e. Yoxsa nahaq yerə ağzıma gələni deyəcəkdim yazığa
 Sünbül xala Kamran dayını kənara çəkib, qulağına astaca nəsə pıçıldayırdı. Yasəmən qırıq ayağımı sığallayıb sakitcə ağlayırdı. Cəlil gözümə dəymədi. Əlimlə bacımı yaxına çağırdım.
- Cəlil hanı?
- Polislər gəlib onların yanındadı. Hələ bilmir sənin ayıldığını.
- Sizi kim çağırdı?
Sualımı Kamran dayı eşidib yaxına gəldi.
- Sən heç nədən narahat olma. Mən hər şeyi həll eləmişəm. Həkimi də, polisi də.
Gəlib bayaqkı yerində oturdu.
- Aypəri, danışıb başını yormaq istəmirəm. Ancaq, deməli olduğum şeylər var. O uşaqların hamısını tutublar. Baş-gözləri yarılmışdı, amma, qoymadım burda qalsınlar. Sarğı vurub apardılar qoduxluğa. İndi dəhlizdəki onların anaları-dədələridi. Mən sənin adından şikayət yazmışam. Sən qətiyyən razı olma barışığa. Qoy cəzaları nədi çəksinlər. Lazım gəlsə qardaşıma deyərəm bizə vəkil də tapar. O koramaldı  ilandı nədi onu türmələrdə çürüdəcəm. Cənnət çox səs-küy salacaq, çox yalvaracaq, cadu-piti nə edir etsin, xeyri yoxdu. Sən heç nəyə qarışma. Cəlil də mən deyəni deyir. Sənin adını, namusunu ləkələyən, azad gəzə bilməz!
- Məni bura kim gətirdi?
- Həmin vaxt başqa kəndin aqranomu ordan keçirmiş. Qadınlar xəbər verib. O, da sağ olsun bir baş ardınızca sürüb. Polisə də bizim xeyrimizə ifadə verib. Səni huşsuz tapdığını, onların hərəkətlərini, maşının aşmağını, hamısını yazib.
Bu vaxt Cəlil əsəbi halda içəri soxulub qapını çırpdı.
- Yox belə olmuyacaq. Ya mən buları burdaca şil-küt eləyəcəm. Ya da özləri rədd olub gedəcəklər.
Kamran dayı Cəlili sakitləşdirməyə çalışdı.
- Cəlil biraz yavaş ol. Xəstəxanadayıq. Aypəri də ayılıb get görüş.
- Ayılıb, nə yaxşı? Necəsən, ağrımırsan?
- Nə olub yenə niyə qaynayırsan?
Cəlil gəlib yanımdakı stulda oturdu.
- Kamran sənə nəsə dedi?
- Dedi, danışdıq.
- Hökümət onunla necə edəcək bilmirəm, ancaq, mən onu yaşatmıyacam.
- Cəlil, onu tutsalar da, sən onu baltalasan da mənə olan oldu artıq. Bu şeylər mənim ləkəmi təmizləməz.
Sünbül xala gözü yaşlı üstümə yeridi.
- Elə danışma qızım. Allaha şükür nə ləkən varki? Əl dəyməklə qız ləkələnmir. Hər şey hamının gözünün qabağında olub. Özünü üzmə, möhkəm ol.
Elə  bu dəm qapı ehmalca açıldı. Hadıx Cənnət dizi üstə qapıdan içəri girdi. Düz qapıdan yanıma qədər dizi üstə sürünüb gəldi. Hamımız şokda idik. Yanımda dayanıb yalvarmağa başladı. Gözündən elə yaş tökürdü ki, elə bil əziz bir adamını ağlayırdı.
- Səni and verirəm ananın torpağına, o müqəddəs Məkkəyə, Mədinəyə mənim balamı tutdurma. Hər nə eləyibsə sevdiyi üçün eləyib. Sənin hər xərcini ödəyəcəm. Səni başımda tac kimi gəzdirəcəm. Mənə rəhmin gəlsin. Mənim ağ saçıma, gözümün yaşına bağışla onu.
Arvad danışdıqca tüklərim biz-biz olurdu. Səsə qapının ağzı adamla doldu. O biri uşaqların böyükləri də ordan yalvarırdılar ki, şikayətçi olmayaq. Başımdan bir ağrı qalxdı ki, gözlərim qaraldı. Əlimlə işarə edib çıxın dedim. Cəlil bir himə bənd imiş kimi Cənnətin qolundan tutub sürüyüb qapıdan çölə atdı. Kamran dayı əyilib alnımdan öpdü.
- Sən möhkəm ol. Hər şey yaxşı olacaq.
- Görəsən atamın xəbəri var?
- Çox güman ki, eşidib. O da bir olay çıxartmasa yaxşıdı.
***
Bu get-gəl düz bir həftə davam elədi. Həkim ev şəraitində müalicəmi davam etdirmək üçün bizi evə göndərdi. Evdə Yasəmən mənə elə qulluq elədi ki, bu 5-6 ildə ona çəkdiyim eziyyətin 2 qat əvəzini qaytardı. Hərdən utanırdım onun elədiklərinin qabağında. Arada Gülbahar xalada gəlib xörək hazırlayırdı. Amma, nədənsə Asyanı gəlməyə qoymurdu. Soruşanda da "dərsləri var, onu edir" deyirdi. Söhbətimiz heç tutmurdu.
Bu bir yana Cənnətin get-gəli isə daha boğazda idi. Kamran dayı bir vəkil tapıb işləri ona həvalə etmişdi. Vəkillə söhbətimdə yadımda qalanları demişdim. Qadın hər gün bir bağlama ilə gəlib mənə baş çəkirdi. Amma, mən sözümdən dönmədim. Mənim yalvarışımın,ağlamağımın yanında onların etdiyi heçnə idi. Son qərarımı vermişdim. Tutulmalıdı.
İki həftə sonra həkim müayinəsinə getdik. Rentgen olundum. Nəticə ürək açan deyildi. Sınıq pis bitişmişdi. Həkimin dediyinə görə topuğum işləməyə bilər. Yenidən gipsə salıb  evə göndərdilər. Kor peşman qayıtdıq kəndə. Cəlil elə məyus olmuşdu ki, ona baxanda öz dərdim yadımdan çıxırdı.
- Cəlil niyə bu qədər məyussan?
- Aypəri yorulmuşam. Hər şey niyə elə bizim başımıza gəlir? Nə günah eləmişik axı? Bir rahat nəfəs alan günümüz, bir gülən günümüz olmadı.
- Haqqlısan, başımıza gəlməyən qalmadı. Biz bir dənə ölmədik.
Kamran dayı yol üstü bazarlıq edib bizi evə düşürtdü. Gülbahar xala əlində dovğa dolu kasa qapının ağzında bizi gözləyirdi.
- Elə indi bişirmişəm. Gətirdim içəsiz. Necədi, nə deyir həkim?
- Hələ biraz da gipsdə qalmalıdı.
Hərə bir tərəfdən qoluma girib məni evə apardılar. Kamran dayı aldığı ərzağı içəri gətirib, bizimlə sağollaşdı.
- Yaxşı, mən gedim. Gələcəm yenə. Cəlil, bir şey lazım olsa evə zəng et.
- Çox sağ ol Kamran dayı. Allah səni böyüklükdən əskik etməsin.
- Sağ ol qızım. Möhkəm ol. Hər şey yaxşı olacaq.
Cəlil dayını ötürmək üçün həyətə çıxdı. Gülbahar xala əlindəki kasanı masanın üstə qoyub yanımda oturdu.
- O yanmışlardan nə deyir Kamran?
- Hələ heçnə. Deyir tutulmalıdı.
- Vallah bu elə məsələdi ki, bilmirəm nə deyim. Ancaq, məndən olsa barışardız. Daha olan olub. Adında onunla çıxdı. Cənnət də səni pis saxlamaz. 
Arvadın sözünə elə bil başıma daş düşdü.
- Sən nə danışırsan Gülbahar xala. Bunlar ki, sənin gözünün qabağında oldu.
- Mən ...
-  Nə mən? Sən Asyanı belə etsəydilər barışardın? Verərdin qızını o cür adamların əlinə? Mən elə bilirdim sən məni başa düşürsən. Get burdan, yaxşı ki, sənin də üzünü gördüm.
Gülbahar xala dinmədi. Mən də göz yaşımı saxlaya bilmədim. Əlimi üzümə tutub ağlamağa başladım. Bilmirəm acığından, ya peşmançılıqdan arvad sağollaşmadan durub çıxdı. Arxasınca nələr deməzdim? Ağlamağım imkan vermədi. Hirsimdən yatağı yumruqlayıb ağlayırdım.
Yasəmən dərsdən gələnə qədər bir qurtum suda içmədim.
***
Hadisədən 1 ay ötdü. Ayağım gipsdən çıxsa da düzəlməmişdi. Topuğum işləmirdi. Bu müddət də Cənnət qarı nəvəsinin bağışlanması üçün day nələrə əl atmadı. Ancaq, biz razılığa gəlmədik. Gürzənin əməlinə görə 3 il cəza kəsdilər. O günə qədər "qaldır ayağından öpüm" deyən Cənnət qarı indi ahı-nalə tökməyə başlamışdı. Elə məhkəmə zalındaca məni şantaj etməyə, guya əxlaqsız olduğumu, yüngül həyat tərzi yaşadığımı bağıra-bağıra söyləməyə başladı. Heç nəyə məhəl qoymadan maşına minib evə yollandıq. Dərd-sərimiz azmış kimi burdan da bir düşmən qazandıq.
Gecə yağışın səsinə gözümü açdım. Son vaxtlar belə güclü yağış görməmişdim. Başımı aynaya söykəyib yağışa baxırdım. Birdən həyətdəki işığın altından bir kölgə keçdi. Cəld qapıya getdim. Qapını astaca aralayıb başımı çölə çıxartdəm. Əziz əfəndinin gəlişi hiss olundu.
- Ata. Gəlmisən? Ata yeriyə bilmirəm. Ayaq saxla sənə sözüm var.
Atın ayaq tappıldısını eşitdim və səs uzaqlaşmağa başladı.
- Yasəmən də səni görmək istəyir getmə. Ata, ata ...
Ayaq səsləri uzaqlaşıb, eşidilməz oldu. Arxaya çönəndə Yasəməni arxamda gördüm.
- Yenə dayanmadı?
Dinmədim. Yasəmənin gözlərində olan nifrət nitqimi qurutdu.
- Ona nifrət edirəm. Kaş anamın əvəzinə o öləydi.
Deməyə söz tapa bilmədim. Bacımı qucaqlayəb ağlamağa başladım.

***
Durum gedim. Evə usta gələcəkdi. Bəlkə də gəlib, gözləyir. Bu evin də problemi bitmir ki, bir rahat nəfəs alaq. Məryəm, mən çıxıram qapını bağlayarsan.
Getdim dostlar. Özünüzə yaxşı baxın, gəlib ardını danışacam. 

(ARDI VAR)



Müəllif: Vasif Ənvəroğlu

Gender.Az
Tarix: 18 mart 2023
Baxış: 243

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş