Xəbər lenti
Reklam
"Ağ xalatlı Aypəri" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"


Səhər gözümüzü həyət qapısının döyülməsinə açdıq. Kimsə qapını asta-asta tıqqıldadırdı. Üst geyimimi geyinib qapıya gəldim. Səhər yenicə açılmışdı. Bu vaxtı bizə kiminsə gəlişi gözlənilmirdi. Qapının önündən "kimdir?" deyib səsləndim. Səs gəlmədi. İçəri keçmək istəyəndə qapı birdə döyüldü. Sakitcə pilləkəni düşüb qapıya yaxınlaşdım. Cəftəni açıb gözlədim. Qapı astaca açıldı. Cəlil içəri keçib qapını örtüb arxasını bağladı. Salamsız-kəlamsız əli ilə içəri keçməyimi göstərdi. Keçdik içəri.
Cəlil bərk qorxmuşdu. Rəngi ağarmış, gözləri böyümüşdü. Hətta hiss edirdim ki, ürəyi boğazının altında döyünür.
- Nə olub Cəlil? Xeyir ola səhərin gözü açılmamış gəlmisən?
- Yığışın!
- İndi hara? Burdan da qovursan?
- Yığışın gedirik mənim evimə.
Cəlil istəyirdi ki, bir anda biz burdan çıxaq.
- Bizim üçün bura rahatdı. Günahımız olsa da qovulmarıq.
- Söz güləşdirmə, Yığışın gedək.
- Getmirəm. Yasəmən sən gedirsən?
Yasəmən yarı yuxuda elini yerinin içindən yelləyib "yox" dedi.
Cəlil təlaş içində vurnuxmağa başladı.
- Siz istəyirsiz ki, Əziz məni öldürsün?
Məni gülmək tutdu. Əlimi-əlimə vurub qəşş elədim.
- Barıtın qutardı Cəlil? Adə dünən Əzizin dərisini soyurdun, indi nə oldu?
- Dərisini soymaq nədi? Onu atın quyruğuna bağlıyıb sürüyəcəm. Amma, sizlə işim yoxdu. Veşinizi götürün gedək.
Bu söhbətdə Cəlil haqlı idi. Onun bizimlə işi yox idi. Dünənə qədər heç xətrimizə də dəyməmişdi. Ona görə Yasəmənin kitablarını çantaya yığıb, paltarları toplamağa başladım. Ancaq, iş görə-görə də donquldanırdım.
- Nədi yenə çənən dayanmır?
- Dayanmaz də. Sənə dünən də dedim ki, sən Əzizlə kəllələşə bilməzsən. O hər çətinliyi, hər acını yaşamış, hətta, türməyə qədər düşüb, çıxmış adamdı.
- Mən də türmə görmüşəm.
Özümü heç cür cilovlaya bilmədim. İçimdəki hikkə məni özümdən çıxartdı.
- Zavallı adam, sənin Əzizlə fərqin bilirsən nədədi? Sən içib dədəni vurduğuna görə düşdün ora. Amma, Əziz atasını müdafiə etdiyinə, onun günahını öz boynuna aldığına görə düşdü türməyə. Mən bilmirəm ora necədi, amma, hər halda gözlərinin üstə saxlamıyıblar atamı.
Cəlil xeyli susdu. Veşimiz hazır idi. Yasəmən yataqdan qalxıb bir baş həyətə çıxdı.
- Mən həmişə Əzizin də, Ağalar dayının da hörmətini saxlamışam. Əziz oldu hörməti taptalayan. Arzunun namusuna dil uzadan o oldu.
- Heç Arzu doxdur da az aşın duzu olmayıb. Biz bilə-bilmərik günah kimdə olub.
Cəlilin dəli damarı oynadı. Üstümə şığıyıb məni qorxutmaq üçün öz ağzının üstə vurub bağırdı.
- Dilinə yiyəlik elə qız. Bir dedin, bir də eşitmiyim! Sənin deməyinlə Arzu faişəydi?
- Heç Əziz də eyyaş deyildi. Dana-göz məsəlini unutma Cəlil.
İki dalaşqan xoruz kimi dimdik-dimdiyə dayandıq. Cəlil dişini-dişinə qıcıyıb, barmaqlarını da bir-birinə sıxıb gözümün qabağında fırlardı.
- Dilini çəkib kökündən qopardaram, bir də Arzunun barəsində belə danışsan.
- Mən Arzunun barəsində heçnə danışmıram. Sən bacının nə olduğunu get Gülbahar xaladan, Molla Məşədinin oğlu Əbülfəzdən, poçt müdiri Rüstəmovdan, süpürgəçi yetim Şükriyyədən soruş. Onlar düzünü deyər sənə!
Cəlil gözümün qabağında qapqara qaraldı. Sözüm onu elə tutdu ki, nəfəs almağı da çətinləşdi. Mən elə adamların adını çəkdim ki, yüz il yüz ilə qala Cəlil onların qabağına keçib bu barədə kəlmə də kəsə bilməzdi. Arzu həkimin haqqına da yetərincə girdim. Allahla danışsaq onun barəsində bir kəlmə də pis nəsə eşitməmişdim. Lakin, Cəlil özü bununla da ikinci dəfəydi ki, bu sözü işlədirdi. Acığımı çıxmaq üçün mən də qəstlə belə dedim. 
Əsəbindən gözünü qırpmayan Cəlil əliylə qapını göstərib çıxmağımı istədi. Qabağından keçəndə məni əzişdirməmək üçün özünü güclə saxladı.
- Bircə Allah bilir qarnının altına nələr var.
Sakitcə qapıdan çıxıb üz tutduq Cəlilin evinə.

***
Yay günləri bir-birini əvəz edə-edə davam edirdi. Cəlilin axmaqlıqları – məktubu polisə verməsi, bizi evdən qovması atamın heç xoşuna gəlməmişdi. Cəlilə məxsus malın örüşdə zəhərlənməsində, ot tayasının yanmasında, pambıq sahəsinin mal-qarayla taptalanmasında atamın əlinin olması istisna deyildi. Bunu Cəlil də yaxşı bilirdi. Amma, atacağı addımlarla Əzizin qəzəbinə tuş gələcəyindən ehtiyat edirdi.

***
Sentyabrın 1-i bütün uşaqlar kimi biz də məktəbə hazırlaşmışdıq. Hər il olduğu kimi bu il də məktəbli formamızı və dərs vəsaitlərimizi Kamran dayı almışdı. Yoldaşı  Sünbül xala başqa geyimlər də alıb göndərmişdi. İlk dərs günü 10-cu siniflərin tədris cədvəli elan olunduqdan sonra məktəb direktoru bizi pambıq yığımına köməyə göndərdi. Bu dırnaq arası tətil noyabrın ortalarına qədər davam edirdi.
Yaşıdlarım arasında ən çox pambıq yığdığıma görə məni "Qabaqcıl pambıqçılar" briqadasına yazmışdılar. Hər gün 100 - 110 kilo pambıq yığırdım. Buna görə gündəlik aldığım pulu üst-üstə toplasam yaxşı işdə işləyib yaxşı maaş alan adamın aylıq nəvacibindən çox pul edirdi. Amma, mənim işim təkcə bununla bitmirdi. Evə gələn kimi axşama yemək hazırlamaq, kirli paltarları yumaq, Yasəmənin dərsləri ilə məşğul olmaq və səhər tarlada yeməyə nələrsə hazırlamaq, gündəlik öhtəliyimə çevrilmişdi. Gün ərzində o qədər yorğun olurdum ki, gecələri daş kimi yatırdım. Səhər günəş görünməmiş tarlada olurduq. Bizi qonşu kəndlərin də pambıq sahələrinə aparırdılar. Belə olan halda hərdən Cənnətin nəvəsiylə rastlaşırdıq. Düzdü yaxınıma gəlmirdi, lakin, tanıdığı qızlardan ismarıc göndərirdi ki, onsuz da onu qaçırdacam. Bu sözü vecimə almasam da bele ehtiyatı əldən vermirdim. Çalışırdım ki, həmişə Gülbahar xalanın, Asyanın, Tərgülün yanında olum.
Gürzə taxta kuzalı, kabinası çürük-çarıq bir maşın sürürdü. O, öz kəndlərindən olan pambıqçıları səhərlər tarlaya gətirir, axşam da yığıb evlərinə aparırdı. Bəzən qızlar arasında özünü də, maşınını da məsğərəyə qoyub gülürdük. Bu mövzünü həmişə Gülbahar xala açırdı. Ovcunun içində saxladığı Asyasının adını bir nəfər də tutmurdu. Gürzənin mənim üçün elədiklərinə isə əməlli-başlı qısqanırdı.

* **
Noyabrın 7-si səhər evdən çıxanda Cəlil qabağımı kəsdi.
- Aypəri, bu gün məni rayona çağırıblar. Ora gedirəm. Axşama kimi qayıdacam. Əgər gələ bilməsəm, axşam malları sən gətirməli olacaqsan.
- Xeyirdimi rayona getməkdə?
Cəlil dillənmədi. Saçına sığal verib, köynəyini səliqəyə saldı.
- Yanı, polisə-zada çağırmıyıblar ki? Ona görə soruşuram.
- Yox əşşi. Mənim polislə nə işim? Şəxsi məsələdi.
Nə hərəkətindən, nə sözündən heçnə anlamadım. Ağlıma gələn ilk fikirə gülməyim tutdu.
- Adaxlı bazlığa gedirsən?
Cəlil qımışdı, tələsik qapıdan çıxıb əsas yola tərəf addımladı. Onun bu hərəkətinə həm gülməyim tutdu, həm də yazığım gəldi.
-Kül başına, bunun sığalına - tumarına bax. Sonra da Əzizdən qisas almaqdan dəm vurur.

Qonşulara qoşulub arxamızca gələn maşına doluşub tarlaya getdik. Yolda Gürzəylə rastlaşdıq. Yanımızdan keçəndə həm qışqırıb adımı çəkdi, həm də siqnal verib keçdi.
Noyabr olsa da hələ hava isti keçirdi. Günorta yeməyindən sonra bir balaca yuxulamaq istədim. Asyanı yanıma alıb yumşaq otların üstə uzandım. Gülbahar xalaya tapşırdıq ki, birdən briqədir və ya sədr gəlsə "ilan" deyib qışqırsın. Belə olsa həm baş qarışar, həm də adımızı çağırsa çətinki oyanaq. Asyanı bilmirəm mən başımı yerə qoyan kimi yatdım.
Eşitdiyim qışqırıq səsinə gözümü açdım. Lakin onlar nə ilan, nə də sədr deyə qışqırmırdılar. Hamısı bir ağızdan "Aypəri  qaçın",  "qızlar qaçın" deyirdilər. Başımı qaldıranda gördüm ki, Gürzə yanında 3 yolaşı ilə bizi mühasirəyə alıblar. Yerimdən duran kimi şaxların arası ilə qaçmağa başladım. Qorxudan gözüm heç nəyi görmürdü. Pambığın qurumuş kolları, qoza-qarzaq əlimi, ayağımı kəsik-kəsik eləsə də dayanmadan qaçırdım. Ağlımda "bircə onun əli mənə dəyməsin" düşünürdüm. Gülbahar xala haraya yetişsə də Asyanı onların dövrəsindən çıxarıb dala qayıtdı. Mənsə hələ də dayanmadan qaçırdım. Yıxılsam da yerdən elə qalxırdım ki, bir göz qırpımında. Amma, məni mühasirəyə salıb tutdular. Mənə toxunma deyib yalvarmağa başladım. Əlimdən, ayağımdan yapışıb məni sürüyə-sürüyə maşına tərəf gətirirdilər. Qızlar, gəlinlər kənardan daş-kəltən atır, "burax yazıqdı" deyə qışqırırdılar. Amma, oğlanlar onlara əl atarlar deyə yaxına gələ bilmirdilər. Qışqırmaqdan səsim bəlkə də Allaha qədər ucalmışdı. Di gəlki, xeyri olmadı.Oğlanlardan cüssəli birisi məni arxadan qucağına alıb maşının kabinasına soxdu. Ayaq altına uzadıb, özləri də maşına doluşdular. Maşın Gürzənin olsa da sükan arxasında başqası oturdu. Biri ayağımı, biri qollarımı, Gürzə isə başımdan pola sıxıb ağzımı tutmuşdu. Maşın hərəkətə gələn kimi qızlar indi də maşını daşa basmağa başladılar. Öz balasının müdafiəsi üçün hər şeyə əl atan Gülbahar xala mənimçün 1 daş belə atmadı. Maşın sürətlə sahənin ortasıyla əsas yola tərəf şütüyürdü. Təkər arxa və ya çalaya düşdükcə atılıb düşürdük. Daha müqavimət göstərməyə taqətim qalmadı. Tamam sakitləşdim, yavaş-yavaş bədənim boşalmağa başladı. Ayağımı tutan oğlan əlini çəkdi. Sahənin aşağısındakı böyük xəndəyi keçmək gözlərinə oturmuşdu. Sükan arxasında oturan "əgər ora düşsək maşın aşacaq" deyib öz-özünə donquldanırdı. O, an Allahdan yeganə istəyim maşının aşması oldu. Artıq qızlardan xeyli uzaqlaşmışdıq. Demək olar ki, xəndəyə çatırdıq. Bir oranı keçsək əsas yola çatmış olurduq. Gürzə xəndəyi görüb sükan arxasında olana tərəf səsləndi.
- Sürəti azald! Bu sürətlə ora girsən, maşın çevriləcək.
Özümdə bir balaca cəsarət tapıb, olan gücümü toplayıb dabanımla sürücünün mədəsindən vurdum. Oğlan "ay ana" deyib iki qatlandı. Artıq sükanı da buraxmışdı. Maşının içinə vəl-vələ düşdü. Maşın elə gəldiyi sürətlə də xəndəyə aşdı. Bir göz qırpımında kabinanı qan bürüdü. Şüşə qırıqları, içəridə olan dəmir qurğular hamımızı kəsik-kəsik elədi. Başımdan axan qan gözlərimə dolurdu. Maşın arxası üstə çevrilib dayanmışdı. Hamı bir-birinin üstə düşüb zarıyırdı. Ən üstə mən idim. Ön şüşənin qırıq yerindən ayağımı bayıra çıxardıb yavaş-yavaş çölə çıxdım. Dizi üstə iməkləyib xəndəkdən yuxarı qalxdım. Lap uzaqda qızlar təpənin başına toplaşıb bizə tərəf baxırdılar. Bir maşınsa toz dumanın içində sahələrin ortası ilə arxamızca gəlirdi. Mən vaxt itirmədən maşının gəldiyi istiqamətə qaçmağa başladım. Ancaq, çox getmədən hiss elədim ki, ayağım sınıb. Artıq ayağımı yerə basa bilmədim. Bu ayaqla heç  uzağa da qaça bilməzdim. Onlardan heç biri xəndəkdən çıxmamışdı. Bilirdim ki, çıxan kimi məni axtarmağa başlayacaqlar. Gözlərinə görünməmək üçün bir arxın içinə uzanıb, maşını gözləməli oldum. Dayanmışdım deyə bədənimin hər yeri sızıldamağa başladı. Ayağımın ağrısından və qan itgisindən huşumu itirib ordaca qaldım.

***
- Dokdor siz ağlayırsız?
-Bilmirəm. Ağlayıram ki, bəlkə, gözüm yaşarıb? 
- Ola bilər. Deyirdiz Validə həkimin yanında xəstəniz var. Necə oldu əməliyyatı?
- Hələ xəbərim yoxdu. Yaxşı yadıma saldın. Gedim bir baş çəkim. Uşaqlıq rəfiqəm Asya qızını əməliyyata gətirib. Gedirsən? Gəl gedək sizi də tanış eləyim.
 - Gedək.

Hələlik əziz dostlar. Özünüzə yaxşı baxın gəlib ardını danışacam.

(Ardı var) 



Müəllif: Vasif Ənvəroğlu

Gender.Az

Tarix: 12 mart 2023
Baxış: 296

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş