Vurduğu zərərə görə rəsmi Bakı İrəvandan Zəngəzurun bir hissəsini tələb edə bilərmi? – İLGİNC AÇIQLAMA
Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün yaşayış massivlərini, mədəni abidələri, yol-infrastrukturunu dağıdıb, regiona ciddi zərər vurub. Qarabağ düşmən tapdağından azad edildikdən sonra Ermənistanın Azərbaycana vurduğu ziyanı qarşılamaq məsələsi gündəmə gəlsə də, hal-hazırda bu istiqamətdə durğunluq müşahidə olunur. Bəs görəsən Ermənistanın Azərbaycana vurduğu zərəri qarşılayacağı nə dərəcədə realdır? Ümumiyyətlə zərəri ödəyə bilmədiyi təqdirdə Azərbaycan tərəfi rəsmi İrəvandan Zəngəzur ərazisinin bir hissəsini tələb edə bilərmi?
Mövzunu Konkret.az-a şərh edən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, nəzəri və hüquqi cəhətdən bu, bəlkə də mümkün olan məsələdir: “Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan çox kasıb dövlətdir və onun Qarabağa 30 ildə vurduğu böyük ziyanı ödəməyə imkanı yoxdur. Düşünmürəm ki, Beynəlxalq Məhkəmə hüquqi baxımdan qərar çıxaran zaman bunu nəzərə almayacaq. Çünki, kimə qarşı iddia qaldırılırsa, onun maddi vəziyyəti də nəzərə alınır. Məsələn sıravi vətəndaşı 50-100 manat məbləğində cərimələmək mümkündür. Həmin şəxsləri 50 milyon məbləğində cərimələmək qərarını çıxarmağın isə mənası yoxdur. Ermənistanın Qarabağa vurduğu ziyan böyükdür, ancaq Azərbaycan bu zərərin qarşılığını İrəvandan ala bilməyəcək”.
Politoloq əlavə edib ki, Qarabağa dəyən ziyanı Ermənistan qarşılamayacaq: Azərbaycanın Ermənistandan maddi yardım əvəzinə Zəngəzur ərazisinin bir hissəsini alması məsələsi də mümkün deyil. Ermənistandan zərəri ödəmək əvəzinə qarşılığında ərazisindən imtina etməsi şərtini irəli sürə bilmərik”.
Arifə Kərimzadə