Redaktor seçimi
    Dövlət Başçısı ailə üzvləri ilə bir arada
Xəbər lenti
Reklam
Rusiya taqətdən düşür: “Ölkə parçalana bilər”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından üç ay ötür. Müharibənin ilk günlərində qısa müddət ərzində Rusiya ordusunun Kiyevi nəzarətə götürərək, Zelenski iqtidarını devirəcəyi, nəticədə Ukrayna hakimiyyətini dəyişəcəyi ehtimal olunsa da, gözləntilər özünü doğrultmadı. Ukraynaya qarşı hücumlardan sonra Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edildi, üç aylıq döyüşlər zamanı isə Kreml heç bir nəticə əldə etmədi. Əksinə, on minlərlə rus əsgəri müharibənin qurbanı oldu.
Bu arada Moskvanın atəşkəs təklifləri irəli sürdüyü, rəsmi Kiyevin isə bununla razılaşmadığı barədə məlumatlar yayılıb. Avropa liderlərinin dialoq təkliflərini əhəmiyyətsiz adlandıran Prezident Volodimir Zelenski bəyan edib ki, Moskva ağır məğlubiyyətdən xilas ola bilməyəcək. Bu isə öz növbəsində müharibənin növbəti mərhələsində Ukraynanın üstünlük ələ edəcəyinə dair mülahizələri gündəmə gətirib. Nəzərə alsaq ki, Rusiya Ukraynaya təcavüzü zamanı ağır hərbi itkilərə uğrayıb və dünyada ona qarşı dərin koalisiya formalaşıb, bu xüsusda iddiaların həqiqət yükü artır.
İsveçrədə yaşayan həmyerlimiz, politoloq Surxan Lətifov AYNA-ya deyib ki, Ukrayna sona qədər geri çəkilməyəcək: “Putin və komandası ümid edirdi ki, Ukrayna üzərində parlaq qələbə qazanacaq və bundan sonra imperiya maraqlarını təmin edəcək. Hətta müharibədən öncə ABŞ və Avropa rəsmiləri bəyan edirdilər ki, Kremlin niyyəti SSRİ-ni digər formada bərpa etməkdir. İlin əvvəlində Qazaxıstanda baş verən hadisələr də bunun bariz nümunəsi idi. Lakin göründüyü kimi, bu üç ay ərzində Moskva Ukraynada heç bir nəticəyə nail olmadı və böyük itkilərə məruz qaldı”.
“Hərbi və canlı qüvvə itkiləri, tarixdə görünməmiş sərt embarqolar Rusiyanı çıxılmaz duruma salıb. Mövcud şəraitdə Rusiya atəşkəsə nail olmaq niyyətindədir. Çalışır ki, ara-sıra hücumlar edib, atəşkəsi pozmaqla Ukraynanı daim təzyiq altında saxlasın. Çünki hadisələrin davamı Moskvanı daha ağır itkilərə məruz qoya bilər. Təbii ki, bunu bütün dünyada, o cümlədən Kiyevdə başa düşürlər və heç bir halda Kremlə zaman qazanmaq fürsəti tanımayacaqlar”, – deyə həmsöhbətimiz bildirib.
Onun fikrincə, Ukraynanın Rusiya üzərində qələbə qazanması mümkündür: “Zelenski bəyan edir ki, onlar nəinki Luqansk və Donetskin, hətta Krımın da işğalı faktı ilə barışmayacaqlar. Müharibə elə bir sənətdir ki, yekun nəticə ilə bağlı qəti proqnoz vermək mümkün deyil. Bu baxımdan müharibələri şahmat oyununa bənzədirlər. Elə dövlətlər olur ki, özündən zəif ölkələrə məğlub olur. Tarixdə də belə nümunələr az olmayıb”.
“Ukrayna ən müasir silahlarla təchiz edilib və qarşıdakı dövrdə silah arsenalını artıracaq. Heç şübhəsiz ki, bu, kifayət qədər ciddi məqamdır və Ukraynanın müasir silahlarla təchizatı Rusiyanı məğlub duruma sala bilər. Kreml buna imkan verməmək üçün geri çəkilir. Münaqişəni dondurmaq, mütəmadi olaraq atəşkəsi pozmaqla xilas olmağa çalışır. Lakin düşünmürəm ki, buna nail olacaq. Çünki dünya birliyi, ABŞ, Böyük Britaniya və Avropa Ukraynaya dəstəyini davam etdirir. Onlar keçmiş səhvlərini təkrarlamayacaq və Rusiyaya növbəti dəfə şans verməyəcəklər”, – deyə Lətifov söyləyib.
Əlavə edib ki, Rusiya kifayət qədər nəhəng dövlətdir və bu amili diqqətdən kənarda qala bilməz: “Rusiyaya qarşı ağır sanksiyalar şimal qonşumuz üçün fəlakətli nəticələr doğuracaq – bu, şübhəsizdir. Ancaq Rusiyada elə bir qüvvə yoxdur ki, Putin rejimini devirməyə nail olsun. Lakin proses uzun müddət belə davam edərsə, Moskvanın dotasiyası ilə yaşayan federal subyektlər qiyama qalxa bilər. Nəticədə federasiya daxilində mərkəzdənqaçma meylləri güclənə və Rusiya müxtəlif respubliklara parçalana bilər”.
Politoloq Şahin Cəfərli hesab edir edir ki, total izolyasiya ilə üzləşməsi Rusiyanın hərbi-strateji gücünü aşındırır: “Rusiyanın Ukraynaya qarşı təcavüzü dünyada yeni geosiyasi reallıqlar yaradıb. Ukraynaya təcavüzə qədər Rusiya-Belarus İttifaqı və digər təsisatlar vasitəsilə Moskva yenidən imperiya maarqlarını təmin etməyə, keçmiş ittifaq modelini yaratmağa çalışırdı. Ukraynaya qarşı hücumların kökündə də məhz bu amil dayanırdı. Düşünürdülər ki, Ukraynanı təslim etməklə bu istiqamətdə mühüm nəticələr əldə edə biləcəklər”.
“Lakin göründüyü kimi, Putin bu məqsədinə nail olmadı. ABŞ və Qərbin dəstəyi Moskvanı sonu görünməyən yola sürüklədi. Artıq nə Moskvanın əvvəlki gücü qalıb, nə ətrafındakılar ona etibar edir, nə də drijor çubuğu ilə idarə etdiyi təsisatların bir əhəmiyyəti qalıb. Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayaraq mifi dağıtması postsovet coğrafiyası və bütün Avropada yeni geosiyasi situasiya yaradıb”, – deyə politoloq vurğulayıb.
Cəfərlinin sözlərinə görə, müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir: “Makron “Putinin sifətini qorumağın” vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini “casus belli” sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini iki dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir”.

Tarix: 23 may 2022
Baxış: 381

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş