Xəbər lenti
Reklam
“Əsl balın dadı damağda ən azı 15 dəqiqə qalmalıdır” – Ağa Salamov ŞƏRH EDİR

Bal dünyanın ən möcüzəvi məhsullarından biridir. Bal bəşəriyyətə çoxdan məlum olan və dadlı bir təam, həm də dərman kimi istifadə edilən bir məhsuldur. Bal çox qiymətli bir qida məhsuludur. Bal mədədə uzun müddət qalır, bağırsaqdan asanlıqla keçərək limfatik sistemə sorulur, buradan isə qana və toxumalara yayılır. Təəssüflər olsun ki, hal-hazırda bazarlarda keyfiyyətsiz, saxtalaşdırılmış yalançı ballara da rast gəlirik.
Bəs təbii balı saxta baldan necə ayırd etməli?
Mövzu ilə əlaqədar qida məsələləri üzrə mütəxssis Ağa Salamov MediaPost-a açıqlama verib. O qeyd edib ki, balın mənbəyi istehsal olunduğu coğrafiyadan da asılıdır:
“Ümumiyyətlə əsl balın mənbəyini müəyyən edən amillərdən biri bitki müxtəlifliyidir. Müxtəlif bitki növlərinin çiçəkləri vardır ki, balın dadına, rənginə və qoxusuna fərqli təsir göstərir. Məsələn lavanda bitkisinin şirəsindən əldə edilən bal, şabalıd bitkisindən əldə edilən bal və s. Hər bir bitki növünün şirəsi, arının çəkdiyi şirə balın özünəməxsus dadını formalaşdırır. Yəni çox vaxt balların dadı arasında fərq olduğunu deyirlər. Bu o demək deyil ki, bu bal yaxşı deyil. Burada artıq bitki müxtəlifliyi var. Ümumiyyətlə, balın mənbəyi istehsal olunduğu coğrafiyadan da asılıdır. Coğrafi bölgə bitki müxtəlifliyinə də gətirib çıxarır. Yəni müxtəlif coğrafiyalarda müxtəlif bitkilər - məsələn, cökə balı, şabalıd balı, lavanda balı var. Məhz iqlimə, torpağa görə şəraitinə təsir göstərir. Buna görə də əsl balın mənbəyi, mənşəyi və onun xarakterik xüsusiyyətlərini müəyyənləşdirir”.

alt text

Ekspert “əsl balın keyfiyyətini qorumaq üçün halal arıçı olmalıdır” – deyə bildirib: “Əslində arıçıların da üstünə yük düşür. Əsl balın keyfiyyətinin qorunmasında halal arıçıya da ehtiyac var. Daha ucuz istehsal xərclərini təmin etmək istəyən işbazlar var, onlar çox vaxt şəkərli siropu bala qatırlar və onu baha qiymətə satırlar. Bu cür ballar daha tez kristallaşır. Bir də ki rafinə olunmuş, emal olunmuş bal məhsulları var. Bu bal məhsullarına müxtəlif qatqı maddələri vurulur. Təmiz balın emalı və ya dəyişdirilməsi ilə istehsal olunan ballar da var. Təmiz balı götürüb tərkibinə şəkərli sirop, bal ətirli şəkərlər və s. əlavə edirlər. Hər bir bal növünün fərqli dadı var. Buna görə də çiçək balı, akasiya balı, şabalıd balı, cökə balı növləri arasında fərqli ləzzət profilləri də var. Saxta balların da dadına baxanda hiss olunur ki, bunda çiçək dadı, odun qoxusu gələn bir tam yoxdur. Əsl balın dadı damağda 15 dəqiqə qalmalıdır. Ona görə də əsl balın keyfiyyətini qorumaq üçün halal arıçı olmalıdır”. 
Onun sözlərinə görə, şam qozasından əldə olunmuş şam balının rəngi daha tünd olur: “Əsl balın rəngi kəhraba rəngində, tünd qəhvəyi rəngdə olur. Burada da bitki müxtəlifliyi var, məsələn, lavanda balı açıq rəngli olur. Bu o demək deyil ki, təmiz bal deyil. Şam qozasından əldə olunmuş şam balının rəngi daha tünd olur. Rəngin homojen olması və süni rəngləndiricilərdən istifadə olunmaması əsl baldan xəbər verir. Yəni rəngi tam açıq və yaxud rəngində tündlük olmasa, bal keyfiyyəti aşağı bal hesab oluna bilər”. 
“Əsl bal zamanla kristallaşır. Amma tərkibində qatqılar olan saxta ballar isə daha tez kristallaşır. Zamanla kristallaşmağı balın yeni keyfiyyətinin aşağı düşməsi demək deyil. Bu proses təbii bir prosesdir, balın keyfiyyətinə heç bir təsir göstərmir. Su testi vardır ki, bir stəkan suya bir qaşıq bal atanda o yayılmamalıdır, kütlə şəklində qalmalıdır. Yaxud da təmiz bal laboratoriya şəraitində yoxlanmalıdır. Amma belə ipucları da var ki, bəzən balı salfetkanın üstünə qoyanda salfetka onu özünə çəkmir, onun üstündə qalır. Onu da deyim ki, təmiz bal yanmır” – deyə A.Salamov əlavə edib.

Fidan Ramazan

Tarix: 04 noyabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş