Xəbər lenti
Reklam
Metro və avtobuslarda gedişhaqqı ARTIRILACAQ? - RƏSMİ

Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib - “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib. Qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.
Bəs belə olan təqdirdə metroda və ictimai nəqliyyatda ilin sonuna qədər gedişhaqqı artırıla bilərmi?
Bu barədə danışan “Bak Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, 68 qəpik məsələsi illik sərnişin daşımanın maya dəyərini təşkil edir:
“Bu normal rəqəmdir. Bunun tarifin tənzimlənməsinə heç bir aidiyyatı yoxdur. Tarifin tənzimlənməsi ilə bağlı onu deyim ki, metropliten hesabatlı qurum olduğu üçün təbii ki, hesabatlarını aidiyyatı qurumlar qarşısında verir. Məsələn 2019-cu ildə görülən tədbirlər, sərnişin sayının artması, optimallaşma ona gətirib çıxarmışdı ki, 2018-ci ildə 51 qəpik, 2019-cu ildə 50 qəpiyə maya dəyəri düşmüşdü. Pandemiya dövründə sərnişindaşıma mövcud məhdudiyyətlərə görə, 2-3 dəfə azaldı. Sərnişindaşımanın azalması metropolitendə hər bir sərnişinin maya dəyərinin artmasına gətirib çıxaran əsas amildir. Çünki metropolitenin ən əsas və həlledici gəlirləri məhz sərnişindaşımadandır”.
Metropoliten rəsmisi qeyd edib ki, pandemiya dövrü metropolitenə bu mənada ciddi zərəbələr vurdu və bu da sərnişindaşımanın maya dəyərinin dəyişməsində öz əksini tapdı. Onun sözlərinə görə, ötən illərə nəzərən sərnişindaşımanın maya dəyəri 68 qəpiyə düşüb: “Bu kimi tədbirlərin hər birisi də maya dəyərində öz rolunu oynayır. Metropolitendə əsas iş prinsiplərindən biri də odur ki, məhz sərnişindaşımanın maya dəyərinə müsbət təsirini göstərən addımlar atılsın. 2022-ci ildə metropolitendə bütün demək olar ki, təchizat məsələləri ölkə kənarından olduğu üçün təbii ki dünyada olan bahalaşma, müxtəlif avadanlıq qurğuları ilə bağlı olan bahalaşma da öz mənfi təsirlərini göstərir”.
Bir sərinişinin 68 qəpiyə başa gəlməsi o demək deyil ki, tariflərə yenidən baxılmalıdır və ya yenidən qiymətləndirmə aparılmalıdır. Biz hər zaman demişik ki, bunu metropoliten bütün sərnişindaşıma dövrü üçün zərərlə işləyən bir müəssisə olub. Təbii ki, illərdə gedişhaqqı ilə müqayisədə zərərin də miqyası fərqli olub. Amma ümumi götürdükdə bu zərərin qarşılanması müvafiq subsidiya və yardımların ayırılması ilə tənzimlənir – deyə Bəxtiyar Məmmədov əlavə edib.
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans.Az-ın sorğusuna cavab olaraq bildirir ki, dövlət həm metroda, həm də ictimai nəqliyyatda bəzi güzəştlər edib onların zərərini qarşılamlıdır:
“Minimum əməkhaqqı qaldırılarsa, bəlkə həm metroda, həm də avtobuslarda qiymət artımı müzakirə oluna bilər. Amma orta aylıq əməkhaqqının və pensiyaların artacağı qiymətlərin də artırılmalı olacağı mənasına gəlmir. Orta yaşayış səviyyəsi müəyyən olunmayana qədər onların heç biri Tarif Şurası tərəfindən hesablamağa belə çıxarılmamalıdır”.
Ekspert bildirib ki, dövlət həm avtobusların daşıyıcıları üçün, həm də metronun ziyana işləməsi ilə bağlı müəyyən güzəştlər etməlidir. Onun sözlərinə görə, hər şey istifadəçi tərəfindən qarşılanmamalıdır: “İnkişaf etmiş ölkələrdə nəzərdə tutulub ki, dövlət tərəfindən vergi sahəsində, ictimai nəqliyyatda və digər sahələrdə bir sıra güzəştlər olsun və bu birbaşa daşıyıcı şirkətlərin büdcəsinə zərərlə yekunlaşmasın. Daşıyıcı da ziyan gördüyü halda Tarif Şurasına müraciət edir ki, qiymətlər sərfəli deyil”.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Referans.az-a bildirildi ki, hələ ki gedişhaqqılarının artırılması barədə müzakirə getmir: 
"Ölkədə nəqliyyat vasitələrində və Bakı metrosunda gediş haqqıların bahalaşması ilə bağlı heç bir müzakirələr aparılmayıb. Nə Bakı Metropoliteni, nə də şəhər nəqliyyat agentliyi tərəfindən bununla bağlı müraciət daxil olmayıb".

Aqil Qarayev

Tarix: 02 noyabr 2023
Baxış: 198

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş