Xəbər lenti
Reklam
Azərbaycanda gender siyasəti necə həyata keçirilir? - AÇIQLAMA

Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutan bir məfhumdur. Ölkəmizdə gender tendensiyasının başlamasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir. Belə ki, Cümhuriyyət dövründə qadının savadlanması, onlara səsvermə hüququnun verilməsi və qadınların ictimai işlərə və ölkənin idarə edilməsinə cəlb edilməsi, müsəlman şərqində böyük tarixi hadisə idi. 1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, həm də Şərqdə, İslam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi dünya tarixinə imza atmaqla, belə bərabərliyə nəinki təkcə Şərq, hətta yeni-yeni faşizmin beşiyinə çevrilməkdə olan bir çox Avropa dövlətləri üçün çox həsədaparıcı hadisəyə çevrildi. Araşdırmalar göstərir ki, Cümhuriyyət dövründə hüquqi təməli qoyulan gender bərabərliyi prinsipi sovet dövrü ərzində həm hüquqi, həm də reallıq baxımdan həyata keçirilib. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq, ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına imkan yaradıb. Hazırda gender bərabərliyi dünyada ən aktual məsələlərdən biri hesab edilir. Dünyanın bir parçası olan Azərbaycanda da qanunvericilik çərçivəsində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub. Azərbaycanın Ailə, Əmək, Cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb.
Mövzunu Konkret.Az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanda gender bərabərliyi prioritet məsələlərdən hesab edilir: “Ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Cəmiyyətimizdə xanımlar demək olar ki, həyat fəaliyyətinin bütün sahələrində uğurla təmsil olunurlar. Bu da çox mühüm bir amildir. Digər tərəfdən dövlət hakimiyyətinin bütün qollarında müxtəlif vəzifələrdə biz xanımların təmsil olunduğunu görürük. Eyni zamanda İcra Hakimiyyətlərində başçıların humanitar məsələlər üzrə müavinlərinin demək olar ki, hamısı əks cinsin nümayəndələridir. Bir sözlə, hüquq mühafizə orqanlarında, parlamentdə və digər mühüm postlarda xanımlar uğurla təmsil olunurlar. Bütün bunlar Azərbaycanda gender siyasətinə çox mühüm yer verildiyini sübuta yetirir. Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı prioritet təşkil edir”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Azərbaycanda gender məsələlərinin yüksək səviyyədə tənzimlənməsi bir faktdır: “Beynəlxalq norma və prinsiplərdən irəli gələn bütün məsələlərin həll olunması Azərbaycan üçün çox önəmlidir. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalanıb. 2000-ci ildə isə ulu öndər “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tutub. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərib. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb. 2006-cı ölkədə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.











Tarix: 24 oktyabr 2023
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş