Dünən Nazirlər Kabineti yanında "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. İclasda süni qiymət artımının qarşısını almaq üçün Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı qərar alınıb. Bazarlara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bu qiymət izləmə sistemi vasitəsilə qiymətlərə və bazara nəzarət mümkün olacaqmı? Bazarlardakı süni qiymət artımının qarşısını necə alınacaq? Tək nəzarət kifayət edirmi?
Gender.Az xəbər verir ki, Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli bildirib ki, inflyasiya ilə mübarizə məqsədilə hökumət zaman-zaman belə iclaslar keçirir, amma burda başqa bir önəmli məsələ var:
“Azərbaycanda pərakəndə satış zamanı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Düzdür, qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Kommunal xidmətlərin, enerji daşıyıcılarının, dizel yanacağının, 92 markalı benzininin, istiliyin qiymətini dövlət tənzimləyir. Digər sahələrdə dövlət tənzimlənməsi yoxdur deyə, dövlət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, problemli görünür. Onlar əgər bazar payı çox yüksək olan inhisarçıların bazara qiymət diktəsi ilə məşğul olacaqlarsa, lap yaxşı. Amma bununla da Antiinhisar Xidməti məşğul olmalıdır”.
İqtisadçı bildiirb ki, zaman-zaman belə xəbərlər yayılır:
“Bununla vətəndaşlarda belə təəssürat yaratmağa çalışırlar ki, bəli, biz işləyirik, qiymətləri ucuzlaşdırmağa çalışacağıq. Amma real həyatda bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir. Çünki bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı baş veribsə, deməli bazar iqtisadiyyatının elementləri, institutları zəifdir. Burda da rəqabəti, bazar institularını gücləndirmək lazımdır”.