Köhnələrin "iynə-sap öyüdü", indikilərin çırıq şalvar dəbi və ya insanların natamamlıq SİNDROMU
Bilirəm, gündəm o deyil. Amma çoxdan bu barədə yazmaq istəyirdim… Köhnə kişilərin ruhuna hörmət və rəhmətlə, nəhayət, bu gün yazıram ki, bu da burada qalsın…
Universitetdə folklorşünaslıq dərsi keçirdik. Müəllimimiz də professor Mürsəl Həkimov idi. Rəhmətlik çox şaqraq adamıydı, həm də sinədəftərdi. Folklor nümunələrini birnəfəsə elə coşqu ilə söyləyirdi ki, adama ləzzət edirdi. Axırını da mütləq öyüd-nəsihətə bağlayırdı…
Allah sənə rəhmət eləsin, ustad!
Heç yadımdan çıxmır, auditoriyaya ayaq basdığımız ilk gün bizə verdiyi sual bu oldu: “Kimin çantasında iynə-sap var?”. Qrupumuz 90 faiz qızlardan ibarət idi. Cəmi-cümlətanı 5-6 oğlan vardı. Hamımız gözümüzü döydük, gülmək də tutdu bizi. Elə bildik ki, zarafat edir. Dağ boyda professor sonra bizi bir-bir ayağa qaldırıb soruşdu. Heç birimizin çantasından çıxmadı. Çıxa da bilməzdi. Birdən-ikiyə nə vaxt üstümüzdə iynə-sap gəzdirmişdik ki? Heç evdə valideynimizdən də belə bir məsləhət eşitməmişdik. Kişi bir az təəccüb, bir az da qəzəblə bizi yamanlamağa başladı. Dedi, utanmırsız, yekə qızlarsız. Bəlkə elə yolla getdiyiniz yerdə paltarınız qəfil bir yerə ilişib cırıldı. Nə edəcəksiniz?! Üstünüzdə bir iynə-sap olmayacaq, çıxarıb söküyünüzü tikəsiniz?!
O gündən qrupda bütün qızlarımız, içi özüm qarışıq, çantamızda iynə-sap gəzdirməyə başladıq. Mürsəl müəllim hər dərs eyni sualı verdiyi üçün illah düyünçəmizi sumkamızdan heç çıxarmadıq…
Niyə bu hadisə yadıma düşdü? İndi küçədə-bayırda cırıq şalvarlı adam görəndə avtomatik professorun səliqə-səhman, ədəb-ərkanla bağlı sözləri yadıma düşür. Kim nə deyir-desin, mən dizi, baldırı, çanağı cın-cındır altından görünən adamın bundan aldığı zövqü anlaya bilmirəm. Gözümüzü açandan görmüşük ki, dizi cırıq şalvarı anamız yamamağa da utanıb, tez ora-burasını doğrayıb pol əsgisi edib. Cırıq-sökük paltar əvvəllər insana utanclıq hissi gətirirdi.
İndi tərsinə olub. Şalvarın çırıqdısa, zövqün əladır demək. Bir də görürsən ki, üstündə 100 kilo çəki gəzdirən orta yaşlı bir qadın da əndamını cırıq şalvardan göstərə-göstərə ictimai yerlərdə əda ilə gəzir. Hərdən bu fasonda uşağını məktəbə aparanı da çıxır qarşına. Sözümü qəribliyə salmayın, amma məncə qadınlı-kişili bir azərbaycanlını bu şəkildə əndazədən çıxaran hansısa natamamlıq sindromudur…
Avropadan nə gəldi əxs eləmək müasirlik deyil, mədəniyyət heç deyil. Biz özümüzə yaraşanla, dəyərlərimizə uyuşanla ayaqlaşmalıyıq. Bəzi Orta Asiya xalqları kimi milliliyimizi bacardıqca qorumalıyıq, tarixi köklərimizə sadiqliyimizi bununla da göstərməliyik. Əks halda, zamanla damla-damla, özümüz də fərqinə varmadan itirəcəklərimiz çox olacaq!