Çaytikanı bitkisinin faydaları və düzgün istifadə qaydası - Hansı xəstələrə OLMAZ
Çaytikanı “superfood” (super qida) hesab olunur, çünki tərkibində çoxlu miqdarda vitamin və mikroelementlər var. Onun elmi adı “Hippophae” qədim yunan dilindən tərcümədə “parlaq at” mənasını verir. Qədim yunanlar müşahidə etmişdilər ki, bu bitkinin yarpaqları və meyvələri ilə qidalanan atların yalı daha parlaq və hamar olur.
Çaytikanı bitkisinin faydalarını təqdim edirik:
Bitkinin təsviri
Çaytikanı kol və ya ağac şəklində bitir. Kolların hündürlüyü 3 metrə, ağacların isə 6 metrə qədər çatır. Yarpaqları ensiz və ya nizə formalıdır, yuxarıdan boz-yaşıl, alt tərəfdən isə gümüşü rəngdə olur. May-iyun aylarında çiçəkləyir, meyvələri isə avqustun sonundan sentyabra qədər yetişir.
Çaytikanının faydaları
Bu bitki A, B, C, E, H, K və PP vitaminləri ilə zəngindir. Onun tərkibi:
immuniteti gücləndirir;
iltihabı azaldır;
yaraların sağalmasına kömək edir;
maddələr mübadiləsini yaxşılaşdırır;
damar divarlarını möhkəmləndirir;
tərkibindəki serotonin sinir sistemini dəstəkləyir, yaddaşı və diqqəti artırır.
Bitkinin qadınlar üçün faydaları
Çaytikanı qadın sağlamlığı üçün xüsusilə faydalıdır. Belə ki, tərkibindəki amin turşuları və antioksidantlar dərinin, saçların və dırnaqların vəziyyətini yaxşılaşdırır. Çaytikanı yağı ginekoloji xəstəliklərin və sidik-cinsiyyət sistemi problemlərinin müalicəsində istifadə olunur, həmçinin, menopauza dövründə orqanizmi dəstəkləyir.
Eləcə də hamiləlik zamanı immuniteti artırmağa kömək edir.
Bəs kimlərə çaytikanı bitkisini qəbul etmək olmaz
Bitkinin gündəlik qəbul norması 50–100 qramdan çox olmamalıdır. Artıq miqdar allergiyaya səbəb ola bilər.
Lakin bəzi xəstələrə bu bitkidən uzaq durmaq məsləhətdir. Bunlar: şəkərli diabeti olanlar, qan durulaşdırıcı dərmanlar (antikoaqulyant və antitrombositlər) qəbul edənlər, qaraciyər və mədəaltı vəzi xəstəlikləri zamanı, xolesistit (öd kisəsi daşları) hallarında, mədə-bağırsaq pozğunluqları olanlar, sidik-daş xəstəliyi zamanı və diş və diş əti problemləri olanlardır(turşuluq diş minasına zərər verə bilər).
Çaytikanı bitkisini necə istifadə etmək olar
Bitkini müxtəlif formalarda qəbul etmək mümkündür:
Təzə və ya dondurulmuş halda – ən çox vitamin və faydalı maddələr belə qorunur.
Şirə şəklində: 1 kq çaytikanını ətçəkən maşından keçirin, süzün, 1 stəkan su əlavə edib, qaynadın və soyudub için.
Çay şəklində: 1 xörək qaşığı çaytikanı bitkisini 1 stəkan qaynar su ilə dəmləyin, 30–40 dəqiqə saxlayın. Dadını dəyişmək üçün nanə, çobanyastığı, kəklikotu, melissa, darçın, zəncəfil və ya mixək əlavə etmək olar. \\Bizim.Media